Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3005/2023 01.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1948 (min doqquz yüz qırx səkkiz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun valideyinləri Laçın rayonundan məcburi köçkündürlər və 1992-ci ilin may ayından etibarən Bərdə şəhərində məskunlaşıb yaşayırlar. O özü isə xx xxxxxx 2000-ci ildə Bərdə şəhərində anadan olmuş və Laçın rayonundan olan məcburi köçkün statusu vardır. Ailəsinin dolanışığına köməklik göstərmək məqsədi ilə 2020-ci ildə Bərdə şəhərinin "Güloğlular yolu" adlanan yerində ("Halal" Marketin yanında) Seymur adlı şəxsdən onun 140 m² sahəsi olan dükanını müvəqqəti istifadəyə götürmüş və orada inşaat materiallarının satışı ilə məşğul olurdu. Fəaliyyəti tam qanuni və VÖEN əsaslı olmuşdur. 09 iyun 2021-ci il tarixində atasının anası olan nənəsi X5 qəflətən vəfat etdi. Odur ki, ailəliklə başları yas mərasiminə qarışdığına görə qardaşı Nəbi Nəbizadənin yaxın dostu olan Cavabdeh xahiş etdi ki, yas mərasimini yola verənə kimi dükanı işlətsin. Cavabdeh Bərdə şəhəri Həzi Aslanov küçəsində yaşayır, (telefon nömrəsi ***-***-**-**-dir), həm qardaşının çox yaxın dostu idi, həm də onun dükanında bəzi vaxtlarda fəhlə kimi günəmuzd işləyib, ondan gündəlik pul aldığına görə onu tanıyırdı, ona etibar etməli olduğunu düşünürdü. 19 iyul 2021-ci il tarixda isə qəflətən anasının anası olan nənəsi X1 vəfat etdi, Odur ki, Cavabdeh onun dükanından satış həyata keçirməsi uzandı. İlk dəfə 24 sentyabr 2021-ci il tarixdə ona məlum oldu ki, dükanında mal-material çatişmamazlığı var. Çünki, onlara mal-material verən şirkətlərə borcları artmışdı, ortada isə satış pulu yox idi və dükanda olan mal-materiallar da azalmışdı. Odur ki, dükanda inventarizasiya apardı və məlum oldu ki, 01 avqust 2021-ci ildən 29 sentyabr 2021-ci il tarixləri arası müddətdə 1948 manat dəyərində müxtəlif inşaat materialları satılmış kimi göstərilsə də, pul ortada və ya nisyə satışda yoxdur. Cavabdeh etiraf etdi ki, bu pulun 900 manatını ehtiyacı olduğu üçün götürüb, qalan 1048 manatdan xəbəri yoxdur. Cavabdeh iştirakı ilə dükanın mədaxil-məxaricini və mal-pul qalığını təftiş etdi. Məlum oldu ki, o məxaric dəftərində satışından əldə edilmiş puldan guya ona bir neçə dəfə pul verdiyini, atasının Bərdə şəhəri, Həzi Aslanov küçəsində maşın bazarının yanında tikdirdiyi dükanın tikintisi üçün götürülmüş sementin miqdarını qəsdən artıq yazıb (məsələn 20 kisə götürülübsə, bunu 40 kisə yazıb), guya sementin QAZ-24 maşını ilə göndərilməsinə görə həmin maşınlara yol pulu verib və s. Cavabdeh dükanından etdiyi oğruluğa görə 2022-ci ilin yanvar ayına kimi 1948 manat pulu ona ödəyəcəyini vəd etdi. Bu barədə onunla olan danışıqları onun tərəfindən mobil telefonunun yaddaşında qalır. Lakin Gündüz vəd etdiyi vaxtda pulu ödəmədi. Bildirdi ki, gələn ay ödəyəcək, sonra vəd etdi ki, may ayında ödayəcək va s. Beləliklə də bu günə qədər oğurladığı malların dəyəri olan 1948 manat pulunu ödəmir, sonuncu dəfə isə bu günlərdə ona bildirdi ki, “get hara istəyirsən şikayət et, ödəmirəm”. Cavabdeh sözügedən hərəkətlərini oğurluq kimi qəbul etdiyindən barəsində qanuni tədbir görülməsi və 1948 manat pulun həmin şəxsdən alınnaraq ona verilməsi üçün 2023-cü ilin aprel ayında yazılı ərizə ilə Bardə Rayon Polis Şöbəsinə müraciət etmişdir, ərizəsi üzrə Bərdə RPŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair xx.xx.2023-cü il tarixli "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərar qəbul edilmişdir. Təhqiqatçı qərarı onunla əsaslandırmışdır ki, məsələ mülki xarakterli mübahisə olduğundan o, mülki iddia qaydasında məhkəməyə müraciət etməlidir. Məhkəmənin diqqətinə çatdırır ki, təhqiqatçının xx.xx.2023-cü il tarixli, "Cinayət işi başlanılmasinın rədd edilməsi haqqında" qərarından da belə məlum olur ki, Cavabdeh araşdırma zamanı verdiyi izahatında ona satışını etibar etdiyi inşaat materiallarının satışından ona 1000 manat pul verməli olduğunu etiraf etmiş, lakin bu pulu da indiyədək verməmişdir. Yuxarıda şərh etdiyi səbəblərdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciat etmək məcburiyyətindədir və bu müraciətini əsaslı olmaqdan başqa, həm də qanuni hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı rədd edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, İddiaçı qohumudur, o həmin müəssisədə işləmiş, lakin hesbatı Laçın özü aparırdı. Borcun məbləği ilə bağlı heç bir məlumatı yoxdur. Mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA 452835 seriya nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Laçın rayon məcburi köçkünüdür. Hazırda müvəqqəti olaraq Bərdə şəhəri, H.Aslanov küçəsində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1990-cı il tarixdə Bərdə rayonu, Kələntərli kəndində anadan olmuşdur. Bərdə şəhəri¸Həzi Aslanov küçəsi, ev 5, dön.7-də yaşayır. İş materiallarında olan şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən vergi ödəyicisi olaraq qeydiyyata alınmışdır. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1491 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Bərdə şəhəri, H.Aslanov küçəsində yaşayır və qeydiyyatdadır. Cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmiş HK-1/1643 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı və X3 müracətlərinin mülki xarakterli və məhkəmə səlahiyyətlərinə aid olması izah edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı Cavabdeh qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1948 (min doqquz yüz qırx səkkiz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehdə qalmasını sübut edilməsidir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyi məbləğin bir hissəsinin, yəni cavabdehin ona 1000 manat məbləğində pul borcunun olmasını sübut etdiyindən iddiaçının tələbi əsaslıdır və həmin hissədə, yəni qismən təmin edilməlidir. Belə ki, Cavabdeh İddiaçı məxsus tikinti materialları mağazasını iddiaçının razılığı əsasında işlədərək həmin malların satışı ilə məşğul olmuş, əldə edilmiş 1000 manat vəsaiti mənimsəyərək öz ehtiyaclarına xərcləmiş və bununla da iddiaçıya ziyan vurmuşdur. Cavabdehin iddiaçıya 1000 manat borcunun olması iş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda da öz əksini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sərf edilmiş 1000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin geri qalan 948 manatlıq hissəsində hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, bununla bağlı nə iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmiş, nə də cavabdeh həmin məbləği məhkəmədə etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rümumu ödəməkdən azad edilirlər. MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün olmaqla məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu ödəməkdən azad edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-3005/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3005/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver