Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-304/2021 27.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 09 sentyabr 2020-ci il tarixə Cavabdeh 42400 manat əsas borc, 28329,95 manat müqavilə müddətinə hesablanmış faiz borcu, 13187,71 manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 83917,66 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" KB ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" ASC-nin “Bərdə” filialı ilə Cavabdeh arasında bağlanmış 24.07.2013-cü il tarixli 045/06 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 42400 manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsinin 2.3, 2.4, 5.2, 7.2.2-ci bəndlərinə əsasən borc alan Cavabdeh kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən hər ay sabit məbləğdə banka ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə bir neçə dəfə şifahi və yazılı bildirişərlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Hazırda, 09 sentyabr 2020-ci il tarixə Cavabdeh 42400 manat əsas borc, 28329,95 manat müqavilə müddətinə hesablanmış faiz borcu, 13187,71 manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasında yarana biləcək hər hansı anlaşılmazlıq danışıqlar yolu ilə həll edilməlidir. Qarşılıqlırazılıq əldə edilmədikdə mübahisələrin qnunvericiliyə uyğun həll edilməsi üçün tərəflər müvafiq məhkəmələrə müraciət etmək hüququndan istifadə edə bilərlər. Bərdə Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərardadına əsasən iddia ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1358 saylı 08 aprel 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 24.07.2013-cü il tarixli, 045/06 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 24.07.2014-cü il tarixə (müqavilənin bitmə tarixi) banka olan borcu 51.500,00 manat məbləğində müəyyən olunur, o cümlədən: 24.07.2014-cü il tarixə əsas borc üzrə 42400,00 manat, faiz borcu üzrə 9100,00 manat. İllik 5%-lə. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 24.07.2013-cü il tarixli, 045/06 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 09.09.2020-ci il tarixədək (iddia tələbinin tarixi) olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 60465,44 manat məbləğində müəyyən olunur, o cümlədən: 09.09.2020-ci il tarixə əsas borc üzrə 42400,00 manat, faiz borcu üzrə 18065,44 manat. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək göstərmişdir ki, 2013-cü ildə ləğv prosesində olan "xxxx" KB ASC-dən 12 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 42400 manat məbləğində kredit götürmüşdür. Maddi vəziyyəti ilə əlaqədar olaraq kredit borcunu ödəyə bilməmişdir. Müqavilənin müddətinin bitməsindən uzun müddət keçmişdir. Belə hesab edir ki, iddiaçının 6 ildən sonar ondan tələb etdiyi iddia əsassızdır. Ona görə də iddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 24 iyul 2013-cü il tarixli 045/06 saylı kredit müqaviləsi surətindən müəyyən edilir ki, bu müqavilənin predmetini ləğv prosesində olan "xxxx" KB ASC-nin X4 12 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə, 42400 manat məbləğində kredit verməyi, borcalanın isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri banka qaytarmasına dair pul öhdəliyi təşkil edir. -borcalana kredit maldarlığın inkişafı üçün verilir. İş materiallarında olan 16 sentyabr 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, X3 24 iyul 2013-cü il tarixli 045/06 saylı kredit müqaviləsi üzrə 09 sentyabr 2020ci il tarixə 42400 manat əsas kredit borcu, 28329,95 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 13187,71 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 83917,66 manat borcu vardır. İş materiallarında olan 16 sentyabr 2020-ci il tarixli bildiriş surətindən müəyyən olunur ki, mübahisənin məhkəmədənkənar qaydada həll etmək məqsədilə X4 borcunu ödənilməsini 3 gün ərzində təmin etməsi, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətinə qalacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 08 oktyabr 2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarından müəyyən edilir ki, iddia ərizəsi 13 oktyabr 2020-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Göstərilən Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki:
1. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir;
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır;
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında 24 iyul 2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, Cavabdeh heyvandarlığın inkişafı məqsədilə 12 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə, 42400 manat məbləğində kredit verilmişdir. İddiaçı məhkəmədə iddia qaldırdığı zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, 30 manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nə aid edilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 08 aprel 2021-ci il tarixli 9/1358 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Q ƏT ETDİ :
İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.