Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-308/2023 13.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili X5 iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərci” tələbinə dair ilk və cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşlılıqlı iddia üzrə cavabdeh X6 qarşı “uşağın cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən azyaşlı uşağı xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Bərdə rayon məhkəməsinin 16 may 2021-ci il tarixli 2(021)-450/21 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 200 manat məbləğində alimentin və əlavə müalicə xərci kimi 50 manat pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X9 iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 mart 2018-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2019-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Onların nikahları Bərdə rayon Məhkəməsinin 16 may 2021-cü il tarixli, 2(021)-450 /2021 saylı qətnaməsi ilə pozulmuşdur. Bərdə rayon Məhkəməsinin həmin qətnaməsi ilə azyaşlı uşağı onun himayəsində qalması və cavabdehdən Verdiyeva Aysun nahid qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün 130 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Hal-hazırda qızı onun himayəsindədir, cavabdeh 130-manat alimentdən başqa heç bir köməklik göstərmir. O, Bərdə rayon Uğurbəyli kəndində kirayədə yaşayır, uşağın saxlanması üçün ehtiyacları yalnız valideynlərinin köməyi ilə ödənilir. Dəfələrlə cavabdehǝ müraciət edərək, ona ödədiyi alimentin artırmasını xahiş etsə də nəticəsi olmamışdır. Onun övladı hal-hazırda xəstədir müalicəyə ehtiyyacı vardır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh İbrahim oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk tələbinin rədd olunması, birgə nikahdan anadan olmuş qızı X4 onun himayəsinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh İbrahim oğlu qarşılıqlı iddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı məhkəmədə ona qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizə ilə müraciət etmişdir. Həmin iddia tələbinin heç bir hüququ əsası yoxdur. O, iddia tələbini qəbul etmir. Belə ki, o, İddiaçı ilə rəsmi olaraq 12 mart 2018-ci il tarixdə ailə qurub evlənmişlər. Birgə nikah dövründə 03 oktyabr 2019-cu il təvəllüdlü X10 adlı 1(bir) övladları anadan olmuşdur. Uzun müddət ǝr-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra onların arasında olan münasibətlər pisləşməyə başlamış və Bərdə rayon Məhkəməsinin qətnaməsi ilə aralarında bağlanmış nikahları pozulmuşdur. Ayrıldıqları gündən azyaşlı övladı anası İddiaçı himayəsində qalmışdır. Hal-hazırda Əsmər Mehdiyev ona qarşı yenidən alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaxşı qazanc əldə etdiyi üçün azyaşlı övladının saxlanılması üçün hər ay bir uşaq üçün 200 manat məbləğində aliment və əlavə müalicə xərcləri üçün 50 manat verə biləcəyini qeyd edir. Lakin iddiaçının iddia etdiyi məbləği o, hər ay ödəyə bilməyəcəkdir. Çünki aylıq gəliri sadəcə cəmi 130 manat alimenti ödəməyə kifayət edir. O, hal-hazırda yenidən ailə qurmuşdur. İddiaçı isə onun yeni ailə qurmağından məlumatı var və ona qərəzli olaraq iddia qaldırmışdır. O, rəsmi olaraq heç bir yerdə işləmir. Adına heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. Maddi imkanı isə olduqca çətindir. O, 03 oktyabr 2019-cu il təvəllüdlü X4 onun himayəsinə verilməsini istəyir. İddiaçı övladına normal şəraitdə baxmayacağı üçün o, övladının onun yanında qalmasını istəyir. İddiaçı psixoloji problemləri var və o övladına axmır. Psixloji problemlərinin olmasını təqdim edəcəyi diskdə öz əksini tapmışdır. Məhkəmənin əvvəlki iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X9 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilk iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X11 qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilk iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşlıqlı iddia tələbi isə rədd olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA №3784815 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 673 saylı arayışdan görünür ki, X1 rayon Uğurbəyli kəndində yaşayır. Mülki işə əlavə olunmuş Seriya AA №0902348 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Mamrılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 298 saylı arayışdan görünür ki, Cavabdeh Tərtər rayon Mamrılı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZ-İV № 349704 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 03 oktyabr 2019-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X7r. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2(021)-450/2021 saylı, 16 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və X9 arasında 12 mart 2018-ci il tarixdə 01 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 03 oktyabr 2019-cu il təvəllüdlü X4 X3 himayəsində və yanında saxlanılması, 03 oktyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, bir uşağa 130 (yüz otuz) manat məbləğində alimentin tutularaq iddiaçı X6 verilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, tərəflər arasında barışıq sazişi imzalanmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünürki, iddiaçı X9 tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünürki, Cavabdeh tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022ci il tarixli yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə Aktdan görünür ki, X3 iştirakı ilə yaşadığı mənzildə həyat şəraitinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, X3 yaşadığı ev onun nənəsinə məxsus xüsusi fərdi yaşayış evidir, birmərtəbəlidir, dörd otaqlıdır, orta təmirlidir, evin normal kommunal şəraiti vardır, həyətyanı torpaq sahəsi 16 sotdur. X2 , onun uşağı 03 oktyabr 2019-cu il təvəllüdlü X10, atası və qardaşı yaşayırlar. Həmin evdə 03 oktyabr 2019-cu il təvəllüdlü X4 yaşayıb tərbiyə olunması və gələcəkdə təhsil alması üçün normal şərait vardır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022ci il tarixli yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə Aktdan görünür ki, Cavabdeh iştirakı ilə yaşadığı mənzildə həyat şəraitinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh yaşadığı ev onun qardaşına məxsus xüsusi fərdi yaşayış evidir, birmərtəbəlidir, dörd otaqlıdır, orta təmirlidir, evin normal kommunal şəraiti vardır, həyətyanı torpaq sahəsi 14 sotdur. Evdə Cavabdeh , onun arvadı Leyla Verdiyeva və övladı Əli Şükürov yaşayırlar. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, 03 oktyabr 2019-cu il təvəllüdlü X4 anası X3 himayəsində qalıb yaşamalar onun mənafeyinə uyğun, məqsədəmüvafiq və qanunamüvafiq hesab edimişdir . Mülki işə əlavə olunmuş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, 03 oktyabr 2019-cu il təvəllüdlü X4 anası X3 himayəsində qalması məqsədəmüvafiq hesab edimişdir . Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayon Məhkəməsinin 2(021)- 450/2021 saylı, 16 may 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 03 oktyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 manat alimentin alınaraq X3 xeyrinə verilməsi müəyyən olunmuşdur. Hazırda iddiaçı aliment məbləğinin artırılmasını və müalicə xərci tələb edir. Cavabdeh isə qarşılıqlı iddia tələbi ilə müraciət edərək 03 oktyabr 2019-cu il təvəllüdlü X4 onun himayəsinə verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddia tələbləri bir-birilə qarşılıqlı əlaqəli tələblərdir. İlk iddia tələbi alimentin artırılması və müalicə xərci hissələrindən, qarşılıqlı iddi tələbi isə uşağ tələbindən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbləri bir-birilə əlaqəli tələbləri olduğundan məhkəmə ilk növbədə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verir. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın muddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Məhkəmə hesab edir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın və Tərtər Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın rəyləri, uşağın azyaşalı olmasını və ana nəvazişinə daha çox ehtiyacı olmasını nəzərə alınaraq 03 oktyabr 2019-cu il təvəllüdlü X10 anasının himayəsində qalmalıvə bu səbəbdən də qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Həmçinin uşaqları saxlamaq hər iki valideyinin vəzifə olduğunu nəzərə alır. İddia tələbi bir uşaq üçün 150 (bir yüz əlli) manatdan artıq alimentin tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda iddiaçı X9 cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın tam şəkildə təmin edilməsi Cavabdeh üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə tutulan aliment dəyişdirilərək 03 oktyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 150 manat (bir yüz əlli) manat məbləğində aliment X3 xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il QƏRARİ) . Məhkəmə həmçinin qeyd edir ki, müalicə pulunun tutulması hissəsində iddia tələbi rədd olunmalıdır. Belə ki, həmin halı iddiaçı sübut edə bilməmiş, bununla bağlı həkim tibb komisiyyasının rəyini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, ilk iddia üzrə ödənilmiş 50 (əlli ) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X3 xeyrinə ödənilməlidir. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 227, 233.1, 234, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərci” tələbinə dair ilk iddia tələbi qismən təmin edilsin. 03 oktyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)-450/2021 saylı, 16 may 2021-ci il tarixli məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 150 manat (bir yüz əlli) manat məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq iddiaçı X3 xeyrinə ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İlk İddia tələbi qalan hissədə təmin olunmasın. İlk iddia üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya X3 ödənisin. Cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh X6 qarşı “uşağın cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair qarşılqılı iddia tələbi təmin olunmasın. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-308/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-308/2023
13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver