Məhkəmə qərarları › İş №2(021)-3097/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3097/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3097/2025 07.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Pul” tələbinə dair mülki işə 07 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dələduzluq yolu ilə ələ keçirtdikləri 2450 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 44 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o Bərdə rayon sakinidir. Qapısında mal-qara saxlayıb kənd təsərrüfatı işi ilə məşğul olur. Hazırkı iş üzrə cavabdeh Vəliyədin Məmmədovu eyni rayonda yaşadığı üçün müəyyən qədər tanıyır. xx.xx.2024-cü il tarixdə cavabdeh Vəliyəddin atası Fəxrəddin ilə birlikdə qapısına gəlib ondan 2 baş iribuynuzlu heyvanı 2450 manata aldılar. Dedilər ki, bu heyvanları mal-bazarı günü satıb sənin pulunu gətirib 1 həftəyə verəcəyik. Nəinki bir həftə sonra, hətta aylar keçməsinə baxmayaraq ondan aldıqları iki baş iribuynuzlu heyvanın pulunu gətirib vermədilər. Nə heyvanları geri qaytardılar, nə də pulunu ödədilər. Dəfələrlə cavabdehlə əlaqə saxlayıb 2450 manat pulu tələb və xahiş eləsə də, müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınır. Min bir əziyyətlə saxladığı heyvanları ehtiyacı olduğu üçün satmaq qərarına gəlib. Lakin cavabdehlər onun vəziyyətindən sui-istifadə edərək heyvanları satmaq adı ilə aparmış, ödənişini də ona etməmişdir. Aralarında olan tanışlıq və xətir-hörmətə güvənərək onun malı aparıb pulunu sonra verməsi istəyinə razı olub. Lakin bundan sonra pulu almaq onun üçün müşkül məsələyə çevrilmişdir. Dəfələrlə cavabdehə zəng edərək pulunu tələb edib. Lakin cavabdeh müxtəlif bəhanələrlə onu yola verib pulunu verməmişdir. Nəhayət pulunu başqa cür ala bilməyəcəyini anladıqda polisə müraciət etmək qərarına gəlib. xx.xx.2024cü il tarixində Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh1 ona olan 2450 manat borcunu ödəmədiyini bildirərək, pulun alınıb ona qaytarılmasında köməklik edilməsini xahiş edib, xx.xx.2025-ci il tarixdə Bərdə rayon Polis şöbəsindən ona məktub göndərilərək bildirildi ki, mülki iş üzrə sənədlərini hazırlayıb məhkəməyə müraciət edərək cavabdehdən pulu tələb etməlidir. Bu vaxta qədər hər səfərində cavabdehdən borclu olduğu 2450 manat pulun verilməsini tələb etməyinə baxmayaraq, hər səfərində cavabdeh müxtəlif bəhanələr gətirərək verməkdən imtina edir. Cavabdehlər ona qarşı dələduzluq etmişdir. Cavabdehlər pulunu geri vermədiyi üçün o da məcbur qalıb məhkəməyə müraciət etməli olub. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13-68/2-20940/25 saylı məktubundan görünür ki, İddiaçı ərizəsində göstərmiş olduğu xüsusatlar mülki iddia xarakteli olduğundan məhkəmə orqanlarına müraciət etməlidir. xx.xx.2025-ciil tarixli elektron çıxarışdan görünür ki, Cavabdeh2 (AA 5738311) xx.xx.1958-ci ildə anadan olmuşdur. xx.xx.2025-ciil tarixli elektron çıxarışdan görünür ki, Cavabdeh1 (AA 6014504) xx.xx.1989-cu ildə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli 209 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Köbər kəndində yaşayır. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 44 manat dövlət rüsumu ödəmişdir. AA seriyalı ******* sylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 16.04.197-cü ildə anadan olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə iclasında müəyyən olunur ki, iddiaçı Cavabdeh1 və Cavabdeh2 2 baş iribuynuzlu heyvanı 2450 manata vermiş olduğunu bildirsə də, bu barədə iddia ərizəsinə mötəbər sübut əlavə edə bilməmişdir. İddia ərizəsinə əlavə etmiş olduğu Bərdə rayon Polis Şöbəsinin məktubuna əsasən ərizə mülki xarakteri olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddia tələbi iş materiallarına əsasən sübut olunmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

İddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 44 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar