Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3118/2022 06.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 208 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC–nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə bağlanmış 05 fevral 2020-ci il tarixli MAS-1489 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2019-cu il buraxılışlı “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. “Daxili lizinq” müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 19 noyabr 2021-ci il tarixli, 2(021)-3103/2021 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) İddiaçı MMCnin iddiası qismən təmin edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücü AR X5 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYP-nin elektron portalından alınmış çıxarışlar təsdiq edir. Həmin cərimələr İXP3720727 saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 64 manat, EQ5666879 saylı protokola görə 64 manat, EQ5425413 saylı protokola görə 16 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə üumilikdə 208 manat məbləğində ödəniş edilmişdir. İddiaçı nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmaqla, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 05 avqust 1990-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BPÜMİ-nin MAPS şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh 05 may 1990-cı ildə ünvan 2 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş 21 noyabr 2019-cu il tarixli daxili lizinq müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. Mülki işə əlavə edilmiş 05 fevral 2020-ci il tarixli təhvil-təslim aktının surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-3103/2021 saylı 19 noyabr 2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 21 noyabr 2019-cu il tarixli MAS-1489 saylı “daxili lizinq” müqaviləsinin ləğv edilmiş, Cavabdeh 21 noyabr 2019-cu il tarixli MAS-1489 saylı “daxili lizinq” müqaviləsi üzrə 1149.04 manat əsas, 184.74 manat mükafat, 5 manat cərimə və 1375 dəymiş ziyan olmaqla, cəmi 2713.78 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-ə ödənilmişdir. Mülki işə əlavə edilmiş 20 iyul 2022-ci il tarixli, 2076/3 saylı inzibati xəta protokollarının ödənilməsinə dair zəbərdarlığın surətindən müəyyən olunur ki, Cavabdeh 208 manat pulun məhkəmə qaydasında ödənilməsinin tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş AD 666255 nömrəli nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsi ilə Daxili İşlər Nazirliyi BDYPİ (cərimə) 29 aprel 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə 16 manat, 29 aprel 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə 64 manat, 29 aprel 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 64 manat, 29 aprel 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 64 manat cərimə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, İddiaçı MMC-nin Cavabdeh qarşı 208 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdahin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində inzibati məsuliyyət yaranmışdır. Həmin inzibati tənbeh tədbirləri olan inzibati cərimələr iddiaçı tərəfindən ödənildiyindən iddiaçının həmin məbləğləri cavabdehdən reqres qaydasında tələb etmək hüququ mövcuddur. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 208 (iki yüz səkkiz) manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3118/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3118/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver