Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3178/2025 14.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə 14 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona vurduğu 7155 manat pulun vurulmuş maddi zərər əvəzinin alınaraq ona ödənilməsinə, həmçinin hazırkı iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 81 manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonunun Böyük Göyüşlü kəndində təsərrüfat işləri ilə məşğul olur. Fərdi təsərrüfatında mal qara saxlayır. 2024-cü ilin dekabrın 31 yanvarın 1-nə keçən gecə ona məxsus həyətində yonca kipindən ibarət böyük bir tayada yanğın hadisəsi baş vermişdir. Hadisə baş verən zaman onlar dərhal Fövqəladə Hallar Nazirliyinin tərkibində olan yanğın söndürmə xidmətinə məlumat verib. Yanğın güclü olduğundan yonca kipindən ibarət olan ot tayasını söndürmək mümkün olmadı. Bununla bağlı Polisə məlumat verib. Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlandı. Bu hadisənin baş verməsində, həmkəndlisi olan və yaxınlıqda qonşuluqda yaşayan, Böyük Göyüşlü kənd sakini Cavabdeh bu əməli törətməsi onda şübhələr yaratdı. xx.xx.2024-cü ildə onun onlarla böyük mübahisəsi düşmüşdür. Mübahisə baş verən zaman Cavabdeh işlətdiyi ifadə "mən heyifimi sizdən çıxacam” cümləsi gecə saatlarında öz yerini tutdu. O, Cavabdeh Bərdə rayon polis şöbəsinə şikayət edib. Lakin onun şikayəti nədənsə, müəyyən dolayı yollarla uzanmağa başlandı. Bu hadisə ilə bağlı X2 müraciət etsə də, Bərdə rayon polis şöbəsində baş vermiş cinayət hadisəsi bağlı qalmışdır. Azərbycan Respublikasının Daxili İşlər Naziri cənab X6 şəhərində, vətəndaşların qəbulu keçirilən zaman o, cənab Nazirin qəbuluna yazılıb. Bərdə rayon polis şöbəsində, məlumat əldə olundu ki, o bu hadisə ilə bağlı şikayət edir. Bərdə rayon polis şöbəsinin əməkdaşları dərhal onu şöbəyə dəvət edərək, cinayətkarın tapıldığını bildirdilər. O, polis əməkdaşlarına etiraz edib qəbulda olacağını bildirib. Onlar isə ona bildirdi ki, siz cənab Nazirin qəbuluna düşməyin, biz onu məhkəmə qarşısına çıxararaq, layiqli cəzalandıracayıq. xx.xx.2025-ci il tarixdə Cavabdeh Bərdə rayon məhkəməsinə gətirərək, İnzibati Xətalar Məcəlləsinin 157 ve 232-1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair qərar qəbul olunmuşdur. Cavabdeh ona 7-8 min manat dəyərində zərər vurmuşdur. Cavabdeh Sadiqov Orxan məhkəmə zalında izahat verərək, öz əməlini etiraf etmişdir. Bərdə rayon polis şöbəsində verdiyi izahatdan görünür ki, həqiqətəndə ona 7-8 min manat dəyərində zərər dəymişdir. Hadisə baş verən zaman 1350 ədəd yonca kipi yandırılmışdır. Həmin ərəfələr yonca kipinin bir ədədi 5.50 manat təşkil edirdi. O, məhkəmə zamanı polisə sual verib ki, siz hardan bilirsiniz ki, Cavabdeh ona 3600 manat dəyərində ziyan vurmuşdur. Onun sualı isə cavabsız qalmışdır. Polisin ona qarşı qərəzli mövqe tutması açıq-aşkar ondan görünür ki, hadisə 6 ay bundan öncə baş versə də, cənab nazirin Bərdə şəhərində vətəndaşları qəbul edərkən, baş vermiş cinayyət hadisəsinin cənab nazirin gəlməsi ərəfəsi açılırsa hər şey açıq aşkar surətdə göz önündədir. Məhkəmədən onun xahişi ondan ibarətdir ki, onun iddia ərizəsi şəffaf obyektiv araşdıraraq, ədalət məhkəməsi olaraq, haqq ədalətin həmişə öndə olduğuna hüquqi qiymət versin. Yuxarıda şərh etdiyi səbəblərdən hazırki iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət etməyi əsaslı, həm də Azərbaycan Respublikasının qanunvericilik aktları baxımından qanuni hesab edir. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərdiklərinə uyğun izahat vermişdir. İddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh idia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X3 bildirdi ki, yağnğınsöndürmə idarəsi akt tərtib etmişdir ki, 400 ədəd ot kipi yanıb və 1800 manat ziyan dəyib, nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1350 bağ yonca kipinin 2025ci il in yanvar ayına orta bazar qiyməti 5.3 manat olmaqla cəmi 7155 manat təşkil edir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(01)-469/2025 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək 3600 manat məbləğində cərimə tənbeh tətbiqi edilməsi qərara alınmışdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Bərdə rayonu Göyüşlü kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır. 10.07.225-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 81 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə ediliş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidməti Qarabağ regional X4 İdarəsinin xx.xx.2025-ci il tarixli “yanğın haqqında akt”ndan görünür ki baş vermiş yanğın hadisəsi nəticəsində İddiaçı ümumilikdə 32.500 ton ot bağlamasının 10 tonu yanmışdır. 10 ton ot kipini qiyməti 1800 manat təşkil edir. Eyni zamanda Bərdə rayon məhkəməsinin 31 may 2025-ci il tarixli, 3(021)-469/2025 saylı qərarına əsasən müəyyən olunur ki, Cavabdeh vurulmuş zərərin iki misli həcmində, yəni 3600 manat məbləğində cərimə olunmuşdur. Göstərilən əsaslarla, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 1800 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Cavabdeh 38 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1800 manat məbləğində pul və 38 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev