Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-318/2021 28.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh
1. HOFFMANN markalı Mikrodalğalı soba, Panasonic markalı Fen, Philips Üzqırxan üçün, 550 manat ödənilməmiş hissə, 165 manat dəbbə borcu olmaqla, cəmi 715 manat borcun;
2. İMEİ Kodu **********12613 olan Samsung Galaxy S10+ markalı telefon və Braun markalı Qəhvəbişirən üçün 2532 manat ödənilməmiş hissə, 696 manat dəbbə borcu olmaqla, 3228 manat;
3. Ümumilikdə 3943 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.08.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı Mikrodalğalı soba, Panasonic markalı Fen, Philips Üzqırxanı 11 ay müddətinə hər ay 55 manat olmaqla, 14 manat ilkin ödəniş etməklə, cəmi 619 manat ödənilməsi şərti ilə satılmışdır. Həmçinin 24.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********12613 olan Samsung Galaxy S10+ markalı telefon və Braun markalı Qəhvəbişirəni 12 ay müddətinə hər ay 211 manat olmaqla, 208 manat ilkin ödəniş etməklə, cəmi 2740 manat ödənilməsi şərti ilə satılmışdır. Lakin Cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin 23.08.2019-cu il tarixli müqaviləsinə əsasən 550 manat ödənilməmiş hissə, 165 manat dəbbə pulu, 24.08.2019-cu il tarixli müqaviləsinə əsasən 2532 manat ödənilməmiş hissə, 696 manat dəbbə pulu olmaqla, ümumilikdə 3943 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq götürdüyü öhdəliyi yerinə yetirməmiş və buna görə də məhkəməyə müraciət edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasına teleqram göndərək məhkəmə iclasında iştirak edə bilmədiyini, buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" MMC 11.10.2006-cı il tarixdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçmişdir. Mülki işə iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.08.2019-cu il tarixli, №00865408 saylı müqaviləsinə əsasən HOFFMANN markalı Mikrodalğalı soba, Panasonic markalı Fen, Philips Üzqırxanı 11 ay müddətinə hər ay 55 manat olmaqla, 14 manat ilkin ödəniş etməklə, cəmi 619 manat ödənilməsi şərti ilə satılmışdır. Həmçinin 24.08.2019-cu il tarixli, №00865899 saylı müqaviləsinə əsasən İMEİ Kodu **********12613 olan Samsung Galaxy S10+ markalı telefon və Braun markalı Qəhvəbişirəni 12 ay müddətinə hər ay 211 manat olmaqla, 208 manat ilkin ödəniş etməklə, cəmi 2740 manat ödənilməsi şərti ilə satılmışdır. Mülki işə əlavə edilmiş 01.10.2020-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, cavabdehin aylıq ödənişi 23.08.2019-cu il tarixli müqaviləsinə əsasən 11 ay müddətinə hər ay 55 manat, 24.08.2019-cu il tarixli müqaviləsinə əsasən 12 ay müddətinə hər ay 211 manat təşkil edir. Mülki işə əlavə edilmiş Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh 23.08.2019-cu il tarixli müqaviləsi üzrə cəmi 715 manat, 24.08.2019-cu il tarixli müqaviləsi üzrə isə 3228 manat borcu vardır. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcunun ödənilməsi üçün xəbərdarlıq olunmuşdur. Mülki işə əlavə edilmiş 23.07.2020-ci il tarixli, mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.08.2019-cu il tarixli, №00865408 saylı müqaviləsinə əsasən HOFFMANN markalı Mikrodalğalı soba, Panasonic markalı Fen, Philips Üzqırxanı 11 ay müddətinə hər ay 55 manat olmaqla, 14 manat ilkin ödəniş etməklə, cəmi 619 manat ödənilməsi şərti ilə satılmışdır. Həmçinin 24.08.2019-cu il tarixli, №00865899 saylı müqaviləsinə əsasən İMEİ Kodu **********12613 olan Samsung Galaxy S10+ markalı telefon və Braun markalı Qəhvəbişirəni 12 ay müddətinə hər ay 211 manat olmaqla, 208 manat ilkin ödəniş etməklə, cəmi 2740 manat ödənilməsi şərti ilə satılmışdır. Lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, HOFFMANN markalı Mikrodalğalı soba, Panasonic markalı Fen, Philips Üzqırxan üçün 16 manat dəbbə, İMEİ Kodu **********12613 olan Samsung Galaxy S10+ markalı telefon və Braun markalı Qəhvəbişirən üçün 60 manat dəbbə pulu tutulması ədalətlidir.
Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh HOFFMANN markalı Mikrodalğalı soba, Panasonic markalı Fen, Philips Üzqırxan üçün, 550 manat ödənilməmiş hissə, 16 manat dəbbə borcu olmaqla, cəmi 566 manat borcun; İMEİ Kodu **********12613 olan Samsung Galaxy S10+ markalı telefon və Braun markalı Qəhvəbişirən üçün 2532 manat ödənilməmiş hissə, 60 manat dəbbə borcu olmaqla, 2592 manat; ümumilikdə 3158 manat borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum da cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh HOFFMANN markalı Mikrodalğalı soba, Panasonic markalı Fen, Philips Üzqırxan üçün, 550 manat ödənilməmiş hissə, 16 manat dəbbə borcu olmaqla, cəmi 566 manat borcun; İMEİ Kodu **********12613 olan Samsung Galaxy S10+ markalı telefon və Braun markalı Qəhvəbişirən üçün 2532 manat ödənilməmiş hissə, 60 manat dəbbə borcu olmaqla, 2592 manat; ümumilikdə 3158 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.