Məhkəmə qərarları › İş №2(021)-3183/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3183/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3183/2025 03.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı və vəkili X1, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki işə 03 dekabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dələduzluq yolu ilə ələ keçirtdiyi 1800 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 40 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh kimi qeyd etdiyi Cavabdeh bir nəfərin tanışlığı ilə tanıyır. Hər zaman aralarında yaxşı münasibətlər olmuşdur. Bunun üçün də 2023-cü ilin dekabr ayında Xalidə oğlunun işi ilə əlaqədar pula ehtiyacı olduğu üçün ona müəyyən bir məbləğdə pul verməsini xahiş etdi. O, da tanış olmağını və 2023-cü ilin dekabr ayında 1500 manat pul nəzərə alaraq onun sözlərinə inanıb vermişdir. Pulu verən zaman Xalidə pulunu tez bir zamanda verəcəyinə dair söz vermişdi. Lakin borclu olduğu 1500 manat pulu verməmiş 2024-cü ilin yanvar ayında ondan yenidən 500 manat pul istəyib. Bildirdi ki, ümumilikdə borcu olan 2000 manat pulu tez bir zamanda ödəyəcək. O, da Cavabdeh tanıdığı üçün yenidən 500 manatı verib. Lakin Cavabdeh həmin zamanlar borcunu qaytara bilmədiyi üçün özünə məxsus olan pensiya kartını ona verərək oradan hər ay 100 manat pul götürməyini istədi. İlkin olaraq o, razı olmasa da lakin daha sonra Xalidənin məcbur etməsi nəticəsində kartı götürüb . Təxminən aprel və may aylarında Xalidəyə məxsus olan kartda olan 180 manat puldan aprel ayında 100 manatı, may ayında isə 100 manatı götürüb. Lakin iyun ayında kartdan pul çıxartmaq istədiyi zaman kartın qarşısının bloklandığını görüb. Bununla bağlı cavabdehlə əlaqə saxladığı zaman banka olan borcuna görə çatdıra bilmədiyini, bunun üçün də ona kartdan hər ay pul verə bilməyəcəyini lakin lotereya oynayaraq ona olan borcunu 2000 manat borcdan 200 manatını vermiş, 1800 verəcəyini bildirdi. Bununla da Xalidə isə borclu qalmışdır. İndi isə cavabdeh ona borclu olduğu 1800 manat pulu ona geri vermir. Cavabdeh ilə əlaqə saxladığı zaman cavabdeh onun telefon zənglərini açmamışdır. Cavabdehin vermiş olduğu sözdən uzun zaman keçməsinə baxmayaraq 1800 manat pulu geri qaytarmamışdır. Dəfələrlə geri istəməyinə baxmayaraq hər dəfəsində verməkdən imtina edir və günü günə sataraq onu yubadır. Hazırda cavabdeh ona borclu olduğu 1800 (bir min səkkiz yüz ) manat pulu geri vermədiyi üçün o, da məcbur qalıb məhkəməyə müraciət etməli olub. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı oğlunun vəkili X3 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin suətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 40 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli 1966 saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. xx.xx.2025-ci il tarixli 68/2-M-20299/25 saylı Bərdə rayon Polis Şöbəsinin iddiaçıya olan məktubundan görünür ki, göstəri yi xüsusatlarla bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Cavabdehin oğlu X2 xx.xx.2025-ci il tarixdə Bərdə rayon Polis Şöbəsində izahat verərək bildirmişdir ki, İddiaçı şikayəti ilə bağlı o, və anası həmin şəxsdən borc pul almayıblar, onun dedikləri şər və böhtandır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə audio və video yazı olmaqla həyata keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh həqiqətən İddiaçı 1800 manat məbləğində pul qəbul etdiyini bildirmişdir. Lakin sonradan həmin pulu geri qaytara bilməmişdir. MPM 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 40 manat dövlət rüsumu deyil, 38 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh 1800 manat məbləğində pul və 38 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pul və 38 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar