Məhkəmə qərarları › İş №2(021)-3184/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3184/2021

22.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3184/2021 22.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən ona vurulmuş (yonca kipinə görə 1500x2,30) 4255 manat məbləğində ziyanın, əkin işlərinin aparılması üçün xərclənmiş 628 manat məbləğində pulun, yonca toxumunun alınması üçün xərclənmiş 500 manat pulun, ümumilikdə 5383 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Lənbəran kəndində yaşayır. Həmin kənddə mülkiyyətlərində 4 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsini əkib-becərərək ailəsini dolandırır. 2020-ci ilin təxminən dekabr aylarının axırlarında Cavabdeh 100 kq yonca toxumunu (1x5) 500 manata alımışdır. Cavabdehdən aldığı yonca toxumunu mülkyyətində olan torpaq sahəsinin 3,70 ha hissəsinə səpərək becərməyə başlamışdır. Bundan əlavə həmin torpaq sahəsinin şumlanması üçün 185 manat, malalanması üçün 277 manat, arx çəkilməsi üçün 74 manat, səpin işlərinin aparılması üçün 92 manat pul xərcləmişdir. Həmin torpaq sahəsini isə özü suvarmışdır. Cavabdehdən aldığı yonca toxumunun 70-80 faizi yararsız olduğundan (yəni toxumun içərisində sarı sarmaşıq toxumu olmuşdur) yəni bitkinin içərisində sarı sarmaşıq olduğundan, yonca götürülməsi mümkün olmamışdır. Cavabdehə dəfələrlə müraciət etmişdir ki, yonca toxumu yararsız olduğundan məhsul götürmək mümkün deyildir. Cavabdeh isə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Həmin torpaq sahəsinə DAİM-in mütəxəsisləri tərəfindən baxış keçirilərək 01.09.2021-ci il tarixli akt tərtib edilmiş, həmin aktda zərərli alaq otu qusquta (sarı sarmaşıq) adlanan bitkinin 70-80 faiz yonca əkininə sirayətləndiyi qeyd edilmişdir. Bundan başqa Azərbaycann Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bərdə X8 Mərkəzi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli, 156 nömrəli rəydə, Bərdə rayon Lənbəran kənd ərazisində 1 ha torpaq sahəsindən 4 biçin biçib götürülməsinin, hər 1 ha torpaq sahəsindən 125 yonca kipinin götürülməsi, 1 il ərzində 1 ha sahədən 500 yonca kipinin əldə edilməsinin mümkün olduğu, 2021-ci il üçün yonca kipinin bazar qiymətinin 2,30 manat təşkil etdiyi qeyd edimişdir. Yonca sahəsinin yararsız vəziyyətdə olması 01.09.2021-ci il tarixdə tərtib edilmiş aktda, iddia ərizəsinə ələvə edilmiş fotoşəkillərdə və diskdə öz əksini tapmışdır. Hesab edir ki, Cavabdeh tərəfindən ona vurulmuş (yonca kipinə görə 1850X2,30) 4255 manat məbləğində ziyanın, əkin işlərinin aparılması üçün xərclənmiş 628 manat məbləğində pulun, yonca toxumunun alınması üçün xərclənmiş 500 manat pulun, ümumilikdə 5383 (beş min üç yüz səksən üç) manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Bərdə Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə məhkəmə aqrotexniki ekspertizası təyin edilmişdir. Bərdə X8 Mərkəzinin 26 noyabr 2021-ci il tarixli 192 saylı məktubundan müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi ilə bağlı 25 oktyabr 2021ci il tarixində ekspertiza keçirilməsi ilə bağlı tutarlı əsas olmadığından, yəni səpilən yonca toxumundan nümunə olmadığından həmin sahənin hansı səbəbdən alaq otları ilə sirayətlənməsinin səbəbini müəyyən edə bilməmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin onda toxum nümunələrinin qalmadığını, cavabdehdən aldığı bütün toxumları istifadə etdiyini qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, neçə illərdir ki, Bərdə rayonunda Köhnə Bazar ərazisində bitki toxumları və yemçilik məhsullarının satışı ilə məşğul olur. İddiaçı Əhət oğlu 2020-ci ilin dekabr ayında ondan 100 kq yonca toxumu almışdır. Onun satdığı yonca toxumu tam yararlı vəziyyətdə olmuşdur. Əgər iddiaçının dediklərində həqiqət vardırsa yonca toxumu yarasızdırsa nə üçün iddiaçı yoncanın birinci üzünün biçilişində ona toxumun yarasız olması barədə məlumat verməmişdir. Bundan başqa iddiaçının yaşadığı Bərdə rayonu Lənbəran kəndində 30-40 nəfər şəxsə yonca toxumu satmış, heç biri yoncanın yararsızlığı barədə şikayət etməmişdir. Yonca məhsulunun birinci üz biçilməsi hər ilin may ayında olur. İddiaçı dəyən ziyana görə 9 aydan sonra ondan pul tələb etmişdir. İddiaçı bu cür hərəkətləri ilə ondan şərləyib pul almaq istəyir. İddaçının ona qarşı verdiyi iddia ərizəsi tamamilə əsasızdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 935 saylı KOD 61000048 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarına əsasən Bərdə rayonu Lənbəran kənd sakinləri X6, X1, X2, X3, X4 və İddiaçı mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 5,10 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə DAİM-in X5 əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 01 sentyabr 2021-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı 29.08.2021-ci ildə Bərdə DAİM-ə göndərdiyi məktuba əsasən ona məxsus olan pay torpağına baxış keçirilmiş və məlum olmuşdur ki, pay torpağının 3,70 ha hissəsinə yonca toxumu səpmişdir. Zərərli alaq otu qusquta (sarısarmaşıq) adlanan bitki 70-80% yonca bitkisinə sirayətləndiyi müəyyən olunmuşdur. İş materiallarında olan Bərdə X8 Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli 156 saylı məktubundan müəyyən olunur ki, Bərdə rayonu Lənbəran kəndi ərazisində 1 ha torpaq sahəsindən hər 1 hektardan 4 biçin biçib götürmək mümkündür. Hər 1 ha üçün orta hesabla 125 ədəd yonca kipi götürmək mümkündür ki, bu da 1 il ərzində 1 hektar sahədən 500 yonca kipi deməkdir. Bu il üçün yoncanın bazar qiyməti orta hesabla 2,30 manat olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinəəsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinəəsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya cəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin deyil, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutmuşdur. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. X12 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsində Cavabdeh 2020-ci ilin təxminən dekabr ayında aldığı və 3,70 ha torpaq sahəsinə səpdiyi 500 manat dəyərində 100 kq çəkidə yonca toxumunun yararsız olduğunu qeyd etsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bərdə X8 Mərkəzinin 26 noyabr 2021ci il tarixli 192 saylı məktubundan da müəyyən olunur ki, tutarlı əsas olmadığından, yəni səpilən yonca toxumundan nümunə olmadığından iddiaçıya məxsus torpaq sahəsnin hansı səbəbdən alaq otları ilə sirayətlənməsinin səbəbini müəyyən edə bilməmişlər. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlar isə cavabdehin iddiaçıya satmış olduğu yonca toxumunun yarasızlığını və bunun nəticəsində iddiaçıya ziyan dəyməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli və hüquqa zidd əməlləri nəticəsində iddiaçıya maddi zərərin dəyməsi iş materiallarında sübuta yetirilmir. Ona görə də hazırkı iddia tələbi tam əsassız olduğundan təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddə lərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar