Məhkəmə qərarları › İş №2(021)-3186/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3186/2022

06.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3186/2022 06.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı və onun vəkili X8, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ”fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1ində yerləşən ümumi sahəsi 451 kv.m olan fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 1994-cü il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir, birgə nikah dövründə üç övladları anadan olmuşdur. Hər biri yetkinlik yaşındadır, aralarında yaranan narazılıqlara görə xeyli vaxtdır ki, ailə münasibətləri pozulmuşdur. Cavabdeh1 ilə ailəli olduqları zaman cavabdehə məxsus olan qeyri-rəsmi olaraq tikilmiş ünvan 1i ünvanında ümumi sahəsi 45 kv.m olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Birlikdə ailə kimi yaşadıqları zamanlardan birgə nikah dövründə qeyd etdiyi fərdi yaşayış evində bir çox təsərrüfat işləri aparılmış, 2 otaq, hamam və tövlə tikilmiş, hasar, setka və darvaza qoyulmuşdur. Darvazanı isə atası almışdır. Onlar mehriban ailə olaraq övladları ilə birlikdə orada yaşamışlar. Lakin bir müddətdən sonra sabiq həyat yoldaşı Cavabdeh1 onu bir həyat yoldaşı kimi saymamış və tez-tez evdə əsassız söhbətlər yaratmışdır. Bunun üçündə Cavabdeh1 ilə aralarında mübahisə yarandığından bacısı Cavabdeh2 yaşadığı, onların həyətində olan fərdi yaşayış evində yaşamağa başlamışdır. Onların Cavabdeh1 ilə yaşadıqları fərdi yaşayış evinin torpaq sahəsi qaynatası X2 adına olduğu üçün qaynatası vəfat etdikdən sonra cavabdeh kimi qeyd etdiyi baldızı Cavabdeh2 onun gəlin köçərkən yaşadığı fərdi yaşayış evini öz adına sənədləşdirmişdir. Hal-hazırda o, Cavabdeh1 və Cavabdeh2 etdiyi hərəkətlərə dözərək orada yaşayır, həyat yoldaşı Cavabdeh1 və Cavabdeh2 onlarla birlikdə fərdi yaşayış evində yaşamamağına baxmayaraq onu etdikləri hərəkətlərlə incitməyə çalışırlar. İstifadə etdiyi komunalların, qazın, işığın, suyun onun istifadə etməsinə izacə vermirlər, özünün tikmiş olduğu fərdi yaşayış evindən rahat şəkildə istifadə edə bilmir, hazırda onun ünvan 1ində yerləşən fərdi yaşayış evindən başqa yaşamağa heç bir yeri yoxdur. Dəfələrlə cavabdehlərə fərdi yaşayış evindən rahat şəkildə itifadə etməyinə izacə verilməsini bildirsə də, heç bir nəticəsi olmamışdır və onun həmin evdən istifadəsinə icazə verməyiblər. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə məhkəməyə təqdim edərək, Bərdə rayonu Gərənə kəndində yerləşən ümumi sahəsi 451 kv.m. olan fərdi yaşayış evindən istifadə hüququnun tanınması və hamam – ayaqyolundan istifadə edilməsinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X13 iddianı müdəfiə edərək, iddia ərizəsinə uyğun izahat verdilər. Məhkəmə icasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatında iddianı qəbul etməyərək, iddiaçının istifadə hüququ tələb etdiyi evdə yaşamaqla istifadə etdiyindən, iddia tələbinin rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx xxxx 1964-cü ildə Bərdə rayonunda doğulmuşdur, ünvan 1ində qeydiyyatdadır. İş materiallarında olan Vİ-JQ 327268 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə X11 28 iyun 1994-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, nikahdan sonra arvada Zeynalova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1021 nömrəli, 26 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 ünvan 1ində yaşayır, onun adına 0.35 ha pay torpağı qeydiyyata alınmışdır, təsərrüfatbaşına kitabda 2016-cı il tarixədək fərdi yaşayış evi və mal-qara qeydiyyatda olub, lakin 2016-cı ilin aprel ayında satılmışdır, hal-hazırda adına fərdi yaşayış evi yoxdur, atasının evində yaşayır. İş materiallarında olan Bərdə rayonu, Gərənə bələdiyyəsi tərəfindən verilmiş 41 nömrəli, 26 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 1985-1990-cı illər arasında atası mərhum X3 məxsus həyətyanı torpaq sahəsində özünə iki mərtəbədən ibarət yaşayış evi tikmişdir, 1994-cü ildə yoldaşı İddiaçı ilə ailə qurub, 3 övladı var, 2 oğlan, 1 qız, həmin evdə yaşadıqları müddət ərzində 2022-ci ilin əvvəlinə iribuynuzlu və xırdabuynuzlu mal-qara saxlayıblar, hal-hazırda iri buyznuzlu və xırda buynuzlu mal-qaraları yoxdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 3275 saylı 13 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X5 adına ünvan 1ində 4 nəfər ailə üzvü ilə birlikdə 1.39 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 24 avqust 2015-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X6 və X1 adına ünvan 1ində 7 nəfər ailə üzvü ilə birlikdı 2.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Fiziki şəxslərin adlarına qeydiyyata alınmış fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Sövlət Kadastrı və reyestri X17 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 3386 nömrəli, 12 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh2 adına ünvan 1ində yerləşən ümumi sahəsi 451 kv.m və yaşayış otaqlarının sayı 10 otaqdan ibarət olan fərdi yaşayış evi 17 yanvar 2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı 02 sentyabr 19965-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 738 nömrəli, 28 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1ində yaşayır. İş materiallarında olan Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1072 nömrəli, 14 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 Bərdə rayonu Gərənə kəndində yaşayır, 1996-cı ildən ayrı təsərrüfat kimi qeydiyyatdadır, onun təsərrüfatında 0.08 ha ha həyətyanı torpaq sahəsi və həmin torpaqda 2002-ci il tarixdə fərdi yaşayış evi tikilib, 30 aprel 2016-cı il tarixdə həmin evi həyətyanı torpaq sahəsi ilə birlikdə satılıb. İş materiallarında olan Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1073 nömrəli, 14 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, 2021-2025-ci illər üçün təsərrüfatbaşına uçot kitabının Gərənə kəndinə aid 108 saylı şəxsi hesabında Cavabdeh2 adına 0.33 ha həyətyanı torpaq sahəsi və A və B olmaqla iki fərdi yaşayış evi var, A evi 7 otaqlı 131 kv.m yaşayış sahəsi, B evi 3 otaqlı 78 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Bağışlanması haqqında 09 yanvar 2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X9, X10, X6 ümumi birgə mülkiyyət üzrə ünvan 1idə 0.333 ha torpaq sahəsini, 451 kv.m ümumi sahəsi olan yaşayış evini Cavabdeh2 bağışlamışlar. İş materiallarında olan Dövlət Reyestrindən ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində ünvan 1ində 451 kvm sahəsi olan fərdi yaşayış evi və 0.33 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan mediasiya Şurasının arayışından müəyyən olunur ki, tərəflər arasında razılıq əldə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən “.....İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)......” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Məhkəmə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçı mübahisəli evdə yaşayır və istifadə etməklə hər hansısa bir hüququ pozulmamış, məhkəmə mübahisəsi predmeti mövcud deyildir. Bundan başqa mübahisəli ev iddiaçının keçmiş ərinin deyil, baldızı Cavabdeh2 mülkiyyət hüququ ilə məxsusdur. Evin mülkiyyətçisi ilə hazırki iş üzrə iddiaçı arasında hər hansısa bir notarial qaydada təsdiq edilmiş müqavilə mövcud deyildir. Bu səbəbdən iddia tələbi mübahisəli evə istifadə hüququnun tanınmasına dair hissədə təmin edilə bilməz. Bundan başqa iddia tələbinin cavabdehlərin qanuna zidd hərəkətlərinin qadağan edilməsinə aid hissədə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin bu hissəəsini də sübut də bilmədiyindən iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə müvafiq olaraq, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ”fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar