Məhkəmə qərarları › İş №2(021)-3195/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3195/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3195/2023 31.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 iyun 2022-ci il tarixli MAS- 5335 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektində müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 mart 2023-cü il tarixə 225.95 manat gecikdirilmiş əsas, 169.82 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 314.91 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 1049.32 manat, ümumilikdə 1760 manat borc və ödənilmiş 37.6 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC–nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış 20 iyun 2022-ci il tarixli MAS-5335 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən o, 15 iyun 2022-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə N23) əsasən lizinq alan illik 17.5% hesablanmaqla 46 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.40 manat, ümumilikdə isə 20480 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil 07 mart 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1049.32 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-5335 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 mart 2023-cü il tarixə ümumilikdə 710.68 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmaqla, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddiaçıya heç bir borcu olmadığını, heç bir yerə imza etmədiyini göstərərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə cavabdehin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 24 avqust 1996-cı ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh 24 avqust 1996-cı ildə ünvan 1ində doğulmuş, ünvan 1i ünvanında yaşayır. Mülki işə əlavə edilmiş 15 iyun 2022-ci il tarixli MAS-5335 saylı daxili lizinq müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. Mülki işə əlavə edilmiş 15 iyun 2022-ci il tarixli təhvil-təslim aktının surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. Mülki işə əlavə edilmiş qüsur aktının surətindən müəyyən olunur ki, “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1049.32 manat ziyan dəymişdir. Mülki işə əlavə edilmiş 12 iyul 2023-cü il tarixli 1847 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh 15 iyun 2022-ci il tarixli MAS-5335 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 mart 2023-cü il tarixə ümumilikdə 710.68 manat gecikmə borcu yaranmışdır. Mülki işə əlavə edilmiş 26 may 2023-cü il tarixli xəbərdarlığın surətindən müəyyən olunur ki, Cavabdeh borcun məhkəmə qaydasında ödənilməsinin tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş A 77PL124 nömrəli nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 37.6 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazərkı iddia üzrə tələb olunan dəbbə pulunun məbləği azaldılaraq 54,91 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, İddiaçı MMC-nin Cavabdeh qarşı 1760 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektində müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 mart 2023-cü il tarixə 225.95 manat gecikdirilmiş əsas, 169.82 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 314.91 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1049.32 manat, ümumilikdə 1760 manat borcu tələb etməkdə haqlıdır və bu səbəbə görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 15 iyun 2022-ci il tarixli MAS-5335 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektində müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 mart 2023-cü il tarixə 225.95 manat gecikdirilmiş əsas, 169.82 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 54,91 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1049.32 manat, ümumilikdə 1500 manat (min beş yüz manat) borc və ödənilmiş 37.6 manat dövlət rüsumu alınaraq İddiaçı MMC–yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar