Məhkəmə qərarları › İş №2(103)-1070/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1070/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1070/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X30” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı (Açar sözlər: əldən çıxmış fayda qismində vurulmuş maddi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı “X30 Azərbaycan” QSC-nin nümayəndəsi X5 iştirakı ilə, iddiaçı “X30 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 MMC-yə qarşı “borcun vaxtında qaytarılmamasına görə bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan faizlərin, banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində vurulmuş maddi zərərin tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1085/2018 saylı iş üzrə 27 aprel 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən 26 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 666 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh2 MMC “X30 Azərbaycan” QSC-nin Səbail filialından 36 ay müddətinə, illik 15% olmaqla 80000 (səksən min) manat məbləğində kredit götürmüşdür.

2. xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 oğlu borcalan Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-4131/2014 saylı qətnaməsi ilə, iddiaçı “X30 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 oğluna qarşı kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması tələbinə dair iddia tələbi qismən təmin edilmiş, iddiaçı “X30 Azərbaycan” QSC-nin xeyrinə cavabdehlər Cavabdeh2 MMC-ni və Cavabdeh1 oğlundan müştərək qaydada 69163,26 manat əsas kredit borcu, 4789,47 manat faiz borcu, 327,11 manat cərimə borcu, 9 manat poçt xidməti xərci və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 74518,84 manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-2682/2015 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4131/2014 saylı iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli 2(102)-3578/2015 saylı qərarından görünür ki, Cavabdeh2 MMC, Cavabdeh1 oğlu, onların nümayəndəsi X2 və vəkili Ələkbərov Pərviz Saday oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)-2682/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı “X30 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 MMC-yə qarşı “borcun vaxtında qaytarılmamasına görə bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan faizlərin, banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində vurulmuş maddi zərərin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək (birgə) qaydada Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4131/2014 saylı 22 dekabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 74518,84 manat məbləğində pul vəsaitinin vaxtında qaytarılmamasına görə qətnamənin qəbul edildiyi tarixdən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan illik faiz borcunun, Banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində zərərin, dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq «X30 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 MMCdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)- 4131/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş 74548,84 manat məbləğində borcuna uyğun olaraq hesablanmış ümumilikdə 18985,74 manat məbləğində maddi zərərin və əldən çıxmış fayda əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq «X30 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, «X30 Azərbaycan» QSC və Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixdə 666 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh2nə 36 ay müddətinə, illik 15% olmaqla 80000 manat məbləğində kredit ayrılmışdır. Bununla yanaşı, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh1 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürmüşlər. «X30 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh2 MMC kredit müqaviləsinin şərtlərini pozaraq istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmişlər və bu günədək borcu ödəməmişlər. İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində “borcun qaytarılması və digər tələblərə dair” iddia qaldırmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4131/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilmiş, “X30 Azərbaycan” QSC-nin xeyrinə, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 69163,26 manat əsas kredit borcu, 4789,47 manat faiz borcu, 527,11 manat cərimə borcu, 9 manat poçt xidmət xərci, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 74518,84 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmışdır. Qətnamədən narazı qalan cavabdehlər birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddanın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2015-ci il tarixli 2(103)-2682/2015 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 2(003)- 4131/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlamlmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2015-ci il tarixli, 2(103)-2682/2015 saylı qətnaməsindən də, narazı qalan cavabdehlər sonradan kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki məhkəmə kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-3578/2015 saylı qərarı ilə Cavabdeh2 MMC-nin və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)- 2682/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin 2(003)-4131/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Xəzər rayon İcra Şöbəsinə yönəlmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-4131/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin borclular tərəfindən qanunvericiliklə müəyyən olunmuş vaxtda könüllü icrası üçün İcra məmuru tərəfindən borclulara müvafiq bildirişlər verilməsinə baxmayaraq icra sənədi cavabdehlər tərəfindən üzrsüz səbəbdən icra edilməmiş və cavabdehlər kredit müqaviləsi üzrə yaranmış ödənişləri etməkdən birtərəfli qaydada imtina etmişlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehlər həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehlər kredit şərtlərini pozaraq, krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışlar. Bu da, iddiaçının maddi zərər çəkməsinə səbəb olan amillərdən biridir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə əsas məbləği və ona hesablanmış faizləri vaxtında qaytarmış olsaydı, iddiaçı həmin vəsaiti dövriyyəyə buraxaraq gəlirlər əldə edə bilərdi. Hesab edir ki, Bank kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətlərini nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarı ilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

9. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 4683 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 MMC-dən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(003)-4131/2014 saylı qətnaməsi ilə müəyyən edlilmiş 74548,84 manat məbləğində borcun vaxtında banka qaytarılmamasına görə 2015-2017-ci illər üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun olaraq həmin borca hesablanan illik faiz borcunun miqdarının cəmi 20351,83 manat məbləğində müəyyən edilmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1085/2018 saylı iş üzrə 27 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-4131/2014 saylı qətnaməsi ilə müəyyən edlilmiş 74548,84 manat məbləğində borcuna uyğun olaraq həmin gündən etibarən Mərkəzi Bankın dərəcələrinə uyğun olaraq hesablanmış ümumilikdə 18985,74 manat məbləğində maddi zərər və əldən çıxmış faydanın əvəzi tutularaq “X30 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq dövlət xeyrinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazimi qaydada həyata keçirməmişdir.

12. Odur ki məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir.

13. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 442, 443.1, 445.1, 449.4, 470.1, 474.2 və 739-cu, Mülki Prosessual Məcəllənin 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1085/2018 saylı iş üzrə 27 aprel 2018-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin tələblərini kobud surətdə pozaraq, iş üzrə səthi və birtərəfli qaydada araşdırma aparmış və nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini və qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçı Bankla qətnamə ilə müəyyən edilmiş borc məbləğinin ödənilməsi barədə danışıqlar aparmış və banka təklif etmişdir ki, ya şirkətin istifadəsində olan maşınların satılmasına vaxt verilsin və satışdan əldə edilmiş əmlak hesabına banka olan borcunu ödəsin, ya da mülkiyyətində olan “Lexus” markalı avtomobilin oğurlandığı üçün sığorta şirkəti tərəfindən ona ödəniləcək məbləğ hesabına borcunu ödəsin. Bankda buna razılaşmış və sığorta şirkəti tərəfindən hesabına köçürülən məbləğdən borcun hamısını tutmuşdur. Hətta bank tərəfindən borcun tam ödənilməsi barədə xx.xx.2019-cu il tarixli məktub da icra şöbələrinə göndərilmişdir. Həmçinin bank hazırkı qətnamə ilə müəyyən edilmiş məbləği də, hesaba köçürülən puldan tutmaq imkanında olsa da, bunu etməmişdir. Bu isə onu bir daha göstərir ki, cavabdeh olaraq borcun ödənilməsində qəsdən yayınmamışdır.

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı “X30 Azərbaycan” QSC-nin nümayəndəsi X27 oğlu apellyasiya şikayətinin dəlillərinə etriaz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin bank hesabına köçürülən pul məbləğindən xx.xx.2015-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini “YapıKredi Bank Azərbaycan” QSC-nin xeyrinə tam ödənilmişdir.

18. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (X16 İmanovun sədrliyi ilə, X8 və Vahid Nəriman oğlu Sadıqov) 2(103)- 1199/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1085/2018 saylı iş üzrə 27 aprel 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş iş üzrə yeni qətnamə qəbul ediləklə iddiaçı “X30 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 MMC-yə qarşı borcun vaxtında qaytarılmasına görə bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan faizlərin, banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində vurulmuş maddi zərərin tutulması tələbinə dair iddia tələbi rədd edilmişdir.

19. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qeyd etmişdir ki, «X30 Azərbaycan» QSC və Cavabdeh2 MMC arasında xx.xx.2013-cü il tarixdə 666 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh2nə 36 ay müddətinə, illik 15% olmaqla 80000 manat məbləğində kredit ayrılmışdır. Həmçinin həmin müqavilə ilə əlaqədar bankla digər Cavabdeh1 oğlu arasında zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmiş, cavabdehlər tərəfindən kredit üzrə əsas və faiz borcların ödənilməsində ardıcıl olaraq gecikmələr baş vermişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(003)-4131/2014 saylı qətnaməsindən müəyyən olunmuşdur ki, iddiaçı “X30 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 oğluna qarşı kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması tələbinə dair iddia tələbi qismən təmin edilmiş, iddiaçı “X30 Azərbaycan” QSC-nin xeyrinə cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 oğlundan müştərək qaydada 69163,26 manat əsas kredit borcu, 4789,47 manat faiz borcu, 327,11 manat cərimə borcu, 9 manat poçt xidməti xərci və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 74518,84 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-2682/2015 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4131/2014 saylı iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 MMC-nə aid edilmiş, apellyasiya icraatı zamanı çəkilmiş məhkəmə xərcləri qismində 7 (yeddi) manat isə Cavabdeh2 MMC-dən və Cavabdeh1 oğlundan alınaraq dövlət büdcəsinə köçürülməlidir. Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli 2(102)-3578/2015 saylı qərarından görünür ki, cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-2682/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş, ekspert rəyində cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 MMC-dən Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(003)-4131/2014 saylı qətnaməsi ilə müəyyən edlilmiş 74548,84 manat məbləğində borcun vaxtında banka qaytarılmamasına görə 2015-2017-ci illər üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun olaraq həmin borca hesablanan illik faiz borcunun miqdarının cəmi 20351,83 manat məbləğində göstərmişdir.

20. Apellyasiya məhkəməsi cavbdehlərin apellyasiya şikayətinin dəlillərini haqlı hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunun nəticəyə gələrkən haqlı olmamışdır. Ona görə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qəbul edilməsindən sonra onun məcburi icrası borclunun iradəsindən aslı olmayan müstəvidə həyata keçirilir. Bu baxımından qanunvericilik icra məmuruna kifayət qədər səlahiyyət vermişdir (girov və ya ipoteka predmetinin satılmasının təşkili, borclunun digər əmlaklarının müəyyən edilməsi və s). Belə olan halda, məhkəmə qətnaməsinin və ya onun bir hissəsinin icra edilməməsində və ya gec icra edilməsində borclunun qəsdinin olmaması onun üçün hər hansı yeni məsuliyyət yarada bilməz.

21. Məhkəmə qətnaməsi çıxarılandan sonrakı dövr üçün adi və cərimə faizlərinin hesablanması yalnız o halda mümkün ola bilərdi ki, bu hal məhkəmə qətnaməsində dəqiq göstərilmiş olsun. Hazırkı halda isə məhkəmə qətnaməsində öhdəliyin tam icra olunması gününədək hər hansı faizlərin, maliyyə sanksiyalarının hesablanmalı olduğu göstərilməmişdir.

22. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MPM-nin 14.2, 88 və 77.1-ci maddələrinə istinad etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. İddiaçı “X30 Azərbaycan” QSC kasasiya şikayəti ilə Ali Məhkəmənin Mülki kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş edir.

24. Ali Məhkəmənin Mülki kollegiyasının (hakimlər X7 (sədrlik edən və məruzəçi), X10 və X14) 2(102)-4322/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı “X30 Azərbaycan” QSC-nin kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilmişdir.

25. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçı Bankın xeyrinə 74518,84 manat məbləğində pul vəsaitinin tutulması qət edilsə də, cavabdehlər qətnamənin icrasından boyun qaçırmış və həmin vəsaiti iddiaçı Banka ödəməmişlər. Borclular pul məbləğinin ödənilməsini gecikdirmişdir. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Lakin apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamışdır.

26. Ali Məhkəmə hesab etmişdir ki, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.

27. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-nin 445.7-ci, MPM-nin 217.1-ci maddələrinə istinad etmişdir.

Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Yeni apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, Cavabdeh2 MMC və “X30 Azərbaycan” QSC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliyinin təminatı kimi 2010-cu il buraxılışlı Lexus-LX 570 minik markalı avtomobil, 2011ci il buraxılışlı 3 ədəd HOWO markalı özüboşaldan yük maşını bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, lakin ipoteka müqaviləsi vaxtında dövlət qeydiyyatına alınmadığından Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməmişdir. Həmin qətnamənin qəbul edilməsindən sonra qeyd edilən avtomobillərə dair ipoteka yüklülüyünün dövlət qeydiyyatına alınması təmin edilmiş, lakin bundan sonra tələbin ipoteka predmetinə yönəldilməsi üçün bankın müraciət edilməməsinin səbəblərini iddiaçı tərəf izah edə bilmir.

29. İcra məmuru apelyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını göstərmişdir.

30. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 oğlu əvvəlki məhkəmə iclasında iştirak etmiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək göstərmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)- 4131/2014 saylı qətnaməsi ilə tutulan borcun ödənilməsindən boyun qaçırmamışlar. Həmin borcun ödənilməsi ilə bağlı iddiaçı Bank ilə danışıqlar aparmış və banka təklif etmişdir ki, bankın xeyrinə ipoteka ilə yüklü edilmiş yük avtomaşınlarını borcun əvəzində götürsünlər, ya da həmin avtomaşınların satılmasına vaxt versinlər ki, əldə edilmiş pul hesabına borcunu ödəsin. Yaxud da mülkiyyətində olan “Lexsus” markalı avtomobili oğurlandığı üçün sığorta şirkəti tərəfindən ona ödəniləcək məbləğ hesabına borcunu bağlasın. Həmin yük avtomaşınlarının təkcə birinin qiyməti borcun məbləğindən xeyli artıq dəyərdədir. Bank ipoteka predmetini borcun əvəzində götürməkdən imtina etmiş, sığorta şirkəti tərəfindən ödəniləcək pulun əvəzində borcun bağlanması ilə razılaşmışdır. Sığorta şirkəti tərəfindən onun hesabına daxil olmuş pul vəsaiti dərhal borcun əvəzinə ödənilmişdir. İddiaçı özü borcun sığorta ödənişi hesabına ödənilməsinə razı olduğu halda gecikdirməyə görə faiz tələb etməsi anlaşılan deyildir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X3 və X17) 2(103)-612/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(010)-1085/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək (birgə) qaydada Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2014-cü il tarixli, 2(003)- 4131/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş, ümumilikdə 74518,84 manat məbləğində pul vəsaitinin vaxtında qaytarılmamasına görə qətnamənin qəbul edildiyi tarixdən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan illik faiz borcunun, banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində zərərin, dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq «X30 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi barədə iddiası rədd edilmişdir.

32. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

33. Məhkəmə daha sonra qeyd etmişdir ki, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-4131/2014 saylı icra vərəqəsinə əsasən icra icraatı başlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(003)- 834/2016 saylı qərardadı ilə icra məmurunun təqdimat təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2014-cü il tarixli, 2(003)-4131/2014 saylı icra sənədi üzrə borclu Cavabdeh2 MMC-nə məxsus 3 ədəd özüboşaldan yük avtomobillərin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 2532 saylı qərarı ilə, icra sənədində qeyd edilən 741518,84 manat pul Cavabdeh2 MMC tərəfindən ödənilərək tələb tam təmin edilmiş və ona görə də icra icraatına xitam verilmişdir.

34. Apellyasiya məhkəməsi daha sonra göstərmişdir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklər üçün Cavabdeh2 MMC-yə məxsus bir ədəd HOWO markalı və 2 ədəd HOWO markalı özüboşaldan yük maşınları, Cavabdeh1 adında qeydiyyatda olan 2010-cu il buraxılış tarixli Lexus-LX 570 minik markalı avtomobil “X30 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin qanunvericliyin tələbinə əsasən, 12 dekabr 2013-cü il tarixli ipoteka müqavilələri daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalı olduğu halda, bu tələbə əməl olunmamışdır. Bu səbəbdən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4131/2014 saylı 22 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qeyd olunan nəqliyyat vasitələrinin hərracda satılması, satışdan əldə olunan pul vəsaitindən “X30 Azərbaycan" QSC-nin xeyrinə tələb həcmində məbləğin tutulması hissəsində iddia təmin edilməmişdir.

35. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2014-ci il tarixli, 2(003)- 4131/2014 saylı qətnaməsi icraya yönəldikdən sonra, Cavabdeh1 oğlundan və Cavabdeh2 MMC-dən “X30 Azərbaycan” QSC-nin xeyrinə kredit borcunun tutulması məqsədilə icra sənədinin icrasını həyata keçirən Xəzər rayon İcra Şöbəsi borclu Cavabdeh2 MMC-yə məxsus əmlakların üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etdikdən sonra Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(003)-834/2016 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2014-cü il tarixli 2(003)- 4131/2014 saylı icra sənədi üzrə borclu Cavabdeh2 MMC-nə məxsus “HOWO ZZ3257N3847A” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı, “HOWO ZZ3257N3847A” yük markalı, **-JR-*** dövlət, qeydiyyat nişanlı, “HOWO ZZ3257N3847A” yük markalı, **- JO-*** dövlət qeydiyyat nişanlı, “HOWO ZZ3257N3847A” yük markalı, 90- JO-083 dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı, **-JS-*** dövlət qeydiyyat' nişanlı, “HOWO” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Beləliklə, qeyd edilən kredit öhdəliyi ipoteka ilə təmin edilməsinə baxmayaraq, borcun vaxtında ödənilməsi üçün nə tələbkar bank, nə də sonradan icra qurumu tərəfindən tələbin ipoteka predmetinə yönəlməsi təmin olunmamışdır. Cavabdehlərin borcu ödəməkdən boyun qaçırması və ipoteka predmeti olan avtomobilləri borcun əvəzində iddiaçıya təhvil verməkdən imtina etməsi sübuta yetmir. Əksinə Cavabdeh1 oğlu izahatında göstərmişdir ki, tələbkar ilə danışıqlar aparmış və banka təklif etmişdir ki, bankın xeyrinə ipoteka ilə yüklü edilmiş yük avtomaşınlarını borcun əvəzində götürsünlər, ya da həmin avtomaşınların satılmasına vaxt versinlər ki, əldə edilmiş pul hesabına borcunu ödəsin. Yaxud da mülkiyyətində olan “Lexsus” markalı avtomobilin oğurlandığı üçün sığorta şirkəti tərəfindən ona ödəniləcək məbləğ hesabına borcunu bağlasın. Həmin yük avtomaşlarının təkcə birinin qiyməti borcun məbləğindən xeyli artıq dəyərdədir. Bank ipoteka predmetini borcun əvəzində götürməkdən imtina etmiş, sığorta şirkəti tərəfindən ödəniləcək pulun əvəzində borcun bağlanması ilə razılaşmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, belə olan halda, Bank gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmə tələb etməyə haqlı deyildir.

36. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MM-in 458.1 və 449.1-ci maddələrə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-612/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş etmişdir.

38. İddiaçı kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

39. Məhkəmə qətnaməni qəbul edərkən Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbini düzgün təfsir etməmiş, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsini tətbiq etməməsini də əsaslandırmamışdır.

40. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X4 (məruzəçi), X26, X11) 2(102)-4198/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı “X30” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-612/2022 nömrəli, xx.xx.2022- ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

41. Kassasiya instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 11 avqust 2020-ci il tarixli qərarındakı göstərişləri yerinə yetirməyərək Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozmaqla bərabər mübahisənin həlli üçün maddi və prosessual hüquq normalarının tətbiqində də səhvə yol vermşidir.

42. Cavabdehlərin 12 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə əməl etməməsi, bunun nəticəsində iddiaçının məhkəmədə iddia qadırmağa məcbur olması, məhkəmə qətnaməsi qəbul ediləndən sonra da cavabdehlər tərəfindən qətnamənin könüllü icra edilməməsi mübahisəsizdir. İpotekanın qeydiyyata alınmasının təmin olunmaması, öhdəliklərin ipoteka predmetinə yönəldilməklə icrası, tələbkarla danışıqlar aparılması, ona pul öhdəliyinin əvəzinə digər əmlaklar təklif olunması borcluların icranı gecikdirməsində təqsirli olmamaları və gecikmənin təkcə tələbkarın təqsiri üçündən olması anlamına gəlmir. Tələbin ipoteka predmetinə yönəldilməsi, borcluların əmlakının üzərinə həbs qoyulması, əmlakın hərracdan satılması yolu ilə tələbin təmini məcburi icra tədbirləridir, borclu öhdəlikləri yerinə yetirmədikdə tətbiq olunur. Cavabdehlərin 3 ədəd özüboşaldan yük avtomaşının, Lexus-LX 570 minik markalı avtomobilin olması əsas verir ki, onlar müqavilə üzrə öhdəlikləri və məhkəmə qətnaməsini vaxtında icra etmək, iddiaçıya borclu oduqları pulu ödəmək iqtidarında olmuş, lakin bunu etməmişlər.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi iddiaçının da təqsiri üzündən baş vermiş olduğu halda belə, bu cavabdehlərin gecikdirmə nəticəsində iddiçaya dəymiş zərərin və ya təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinin aradan qaldırılması vəzifəsindən azad etmir.

44. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 445.1, 445.7, 449.1, 458.1, MPM-in 14.2, 77.1, 77.3, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Üçüncü apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

45. Üçüncü apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı “X30 Azərbaycan” QSC-nin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1085/2018 saylı iş üzrə 27 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

46. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

47. 21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

48. 443.1-ci və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

49. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

50. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

51. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

52. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

53. 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

55. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

57. Belə ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

58. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

61. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Apelyasiya baxışının hədləri

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

63. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

65. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

İşə üçüncü apellyasiya baxışı apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

66. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Belə ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir.

68. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Bunun üçün kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında da bankın hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ təsbit edilmiş və bu zərərin tərkibinə həm MM-nin 445.7-ci maddəsində müəyyən edilmiş illik beş faiz dərəcəsi, həm də 449.1-ci maddəsinə müvafiq olaraq pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər, həm MM-in 21.2-ci maddəsinə əsasən Bankın, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququn daxil olduğu müəyyən edilmişdir.

70. Beləliklə borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, kreditor-iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

71. Cavabdehlərin 12 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə əməl etməməsi, bunun nəticəsində iddiaçının məhkəmədə iddia qadırmağa məcbur olması, məhkəmə qətnaməsi qəbul edildikdən sonra da cavabdehlər tərəfindən qətnamənin könüllü icra edilməməsi işin mübahisələndirilməyən hallarına aiddir. İpotekanın qeydiyyata alınmasının təmin olunmaması, öhdəliklərin ipoteka predmetinə yönəldilməklə icrası, tələbkarla danışıqlar aparılması, ona pul öhdəliyinin əvəzinə digər əmlaklar təklif olunması borcluların icranı gecikdirməsində təqsirli olmamaları və gecikmənin təkcə tələbkarın təqsiri üzündən baş verdiyi anlamına gəlmir və bu halda belə, cavabdehlərin gecikdirmə nəticəsində iddiçaya dəymiş zərərin və ya təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinin aradan qaldırılması vəzifəsindən azad etmir.

72. Tələbin ipoteka predmetinə yönəldilməsi, borcluların əmlakının üzərinə həbs qoyulması, əmlakın hərracdan satılması yolu ilə tələbin təmini məcburi icra tədbirləridir, borclu öhdəlikləri yerinə yetirmədikdə tətbiq olunur. Cavabdehlərin 3 ədəd özüboşaldan yük avtomaşının, “Lexus-LX 570” minik markalı avtomobilin olması isə onlar müqavilə üzrə öhdəlikləri və məhkəmə qətnaməsini vaxtında icra etmək, iddiaçıya borclu olduqları pulu ödəmək iqtidarında olmalarına dəlalət edir.

73. Beləliklə, cavabdehlər - borc alan və tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehlik daşıyan - zamin kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra hesablanmış borc məbləğinin ödəməsini gecikdirdiyindən, bankın, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən müəyyən edilmiş kreditin gecikdirildiyi vaxt üçün dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

74. Nəzərə alınmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur və bunun üçün əlavə sübutların təqdim edilməsinə zərurət yoxdur.

75. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

76. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

77. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1085/2018 saylı iş üzrə 27 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar