Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-913/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı və qarşılqılıq iddia üzrə Cavabdeh İddiaçı ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: kreditin, onun hesablanmış faiz borcunun qaytarılması tələbinə dair ilk, kredit müqaviləsinin ləğv edilməsi və vurulmuş maddi-mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbləri) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(060)-518/2024 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1575.07 ABŞ dolları məbləğində əsas borcun, 472.97 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 2048.04 ABŞ dolları borcun və 55 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 28 ay müddətinə, illik 25% olmaqla 3390 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.
3. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı-ASC-nin 23 may 2015-ci il tarixli kreditin müqaviləsinin ləğv edilməsi və həmin saxta kreditin “kredit reyestrindən” silinməsi, Cavabdeh və ailə üzvlərinə yaratdığı narahatlıq səbəbindən Cavabdeh xeyrinə İddiaçı-dan 1100 manat təzminatın tutulması, 23 may 2015-ci il tarixli saxta kreditin azaldılması üçün xərclənmiş 2081 manatın Cavabdeh qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı onun adına 23 may 2015-ci il tarixli saxta kredit müqaviləsi tərtib etmişdir. Bank həmin saxta kredit müqaviləsində göstərdiyi məbləği və həmin məbləğə hesabladığı faizləri cavabdehdən almaq üçün “əmr icraatı qaydasında” xx.xx.2017-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında Sumqayıt Şəhər Məhkəməsi 02 fevral 2017ci il tarixdə İddiaçınun xeyrinə məhkəmə əmri qəbul etmiş və əmri icra etmək üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərmişdir. Təbii ki, bütün bu proseslər ondan gizlin aparılmış və cavabdeh həmin məhkəmə əmri ilə İcra İdarəsində “tanış” olmuş və məhkəmə əmrindən Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermişdir. Məhkəmə əmri ləğv edilərək iş məhkəmə baxışına götürülmüş, simvolik bir neçə məhkəmə iclası da keçirilmişdir. O, 05 may 2018-ci il tarixində məhkəmə iclasına dəvət edilmişdir. 05 mayda 2018-ci il tarixində məhkəmə iclasına gələndə şənbə günü olduğu üçün məhkəmə binasının qapalı olduğunu görmüş və geri qayıtmışdır. 04 may 2018-ci il tarixdə ondan gizlin məhkəmə iclası keçirilmiş, yaşayış ünvanlarını bildiyi halda qətnaməni onun qeydiyyat ünvanına göndərmişdir. Qətnamənin mövcudluğundan İcra İdarəsində xəbər tutmuş, apellyasiya şikayəti üçün ötürülmüş vaxtı bərpa etdirmiş və 04 may 2018-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermişdir. İş apellyasiya məhkəməsində baxılan dövrdə, yəni 29 fevral 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalamışdır. Həmin Fərmanın 6.2-ci bəndində bildirilir ki, “fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər”. Fərmana əsasən İddiaçı bir ay müddətində bu işi geri çağırmalı və cavabdehə restrukturizasiya təklifi verməli idi. Ondan asılı olmayan səbəblərdən Sumqayıt Apellyasiya Məhkəməsi işi banka qaytarmamış və məhkəmə dinləmələri davam etmişdir. Təfsilatına varmadan bildirir ki, məhkəmə dinləmələri 04 iyul 2019-cu ilədək davam etmiş və 04 may 2018-ci il tarixli qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərardadı ilə ləğv edilmişdir. Məhkəmədə uduzan İddiaçı tərtib etdiyi saxta krediti qanuni yollarla ala bilməyəcəyini bildiyi üçün qeyri-qanuni yollara əl ataraq, özünün cinayətinə Sumqayıt şəhəri üzrə İcra İdarəsini və 4 saylı Notariat Ofisini də şərik etmişdir. Belə ki, birinci epizodda İddiaçı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda İcra İdarəsini aldadaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin ləğv etdiyi 04 may 2018-ci il tarixli məhkəmə qətnaməsi əsasında cavabdehdən pul tutulmalarını tələb etmiş, İcra İdarəsinin böyük icra məmuru Siyavuş Beydullayev həmin məktuba istinadən 10 iyun 2020-ci ildə “icra ödənişinin alınması haqqında” qərar qəbul etmiş və həmin qərarı rəhbər tutan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəisi, Ədliyyə müşaviri Fuad Nəbiyev 09 iyun 2020-ci ildə cavabdehin iş yerinə məktubla müraciət edərək, onun əmək haqqından İddiaçı-nun xeyrinə tutmalar tutulmasını tələb etmişdir. Bütün bu proseslər cavabdehdən gizlin saxlanılmışdır. İş yerində həmin məktubla tanış olanda icra məmuru Siyavuş Beydullayev ilə görüşmüş, ona Sumqayıt Apellyasiya Məhkəməsinin məlum qərardadının surətini təqdim etmiş və nəticədə Sumqayıt şəhəri üzrə İcra İdarəsi bankın onları aldatdığını bildirməklə, onun iş yerinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubu ilə özünün 09 iyun 2020-ci il tarixli məktubunu geri çağırmışdır. İkinci epizodda İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisindən müvafiq icra qeydi alaraq, həmin icra qeydini Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təqdim etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi onun əmək haqqından tutmalar, tutulması tələbi ilə xx.xx.2022-ci il tarixli məktubla onun iş yerinə müraciət etmişdir. Bütün bu proseslər ondan maksimum gizlin saxlanılmış və yenə də iş yerində məktubla tanış olduqda 16 iyun 2022-ci ildə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə rəsmi məktubla müraciət edərək, icra məmurunun qərarını və digər sənədləri tələb etmiş və həmin sənədlər ona 28 iyun 2022-ci ildə rəsmi qaydada təqdim edilmişdir. Bundan sonra notariusun icra qeydinin ləğv edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2023cü il tarixli qətnaməsi ilə 4 saylı notariat ofisinin icra qeydi ləğv edilmişdir. İddiaçı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubu ilə ləğv edilmiş məhkəmə qətnaməsinə istinad etməklə İcra İdarəsini aldatması Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), 294.1-сi (Mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddələri ilə tövsif edilməlidir. İddiaçı xx.xx.2021-ci il tarixində 4 saylı Notariat Ofisindən İcra qeydi alarkən də öz qeyri-qanuni və saxta əməllərindən qalmamış, belə ki, “Notariat haqqında Qanun”un 76-cı maddəsinin İİ abzasında deyilir ki: “İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi... halda aparılır”. Həmin maddənin İV abzasının İ cümləsində deyilir ki: “Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir”. Göründüyü kimi İddiaçı bilərəkdən həmin kreditin mübahisəli olduğunu notariat ofisindən gizlətmiş, üstəlik notariat ofisinə müraciət etməmişdən ən azı 20 gün əvvəl Cavabdeh qızma heç bir bildiriş göndərməmişdir. “Bank of Baku’nun mübahisəli pulu saxta yollarla almaq istəyi Cavabdeh, onun ailə üzvlərini narahat etməklə, onun işdəki imicinə də ciddi xələl gətirmişdir. Belə ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin heç bir araşdırma aparmadan cavabdehin iş yerinə - Sumqayıt Texnologiyalar Parkına “əmək haqqından pul tutulması” tələbi ilə göndərdiyi 10 iyun 2020-ci və 26 iyun 2022-ci il tarixli məktubları ilə onu narahat etmiş, həmin məktublar onun iş yerində əlavə sorğu-suallara səbəb olmuşdur. Cavabdehin 2081 manat resturukturizasiyası məbləği saxta kreditin bir hissəsinin bağlanmasına sərf edilmiş, üstəlik cavabdeh məhkəmə çəkişmələri dövründə öz büdcəsindən məhkəmə xərclərinə-iclaslara gəlib-getmə, iddialar üçün dövlət rüsumlarının ödənilməsi, ərizələrinin yazılması, sənədlərin surətlərinin çıxarılması üçün kifayət qədər böyük bir məbləğ-minimum 1000 manat xəcləmişdir.
5. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı iddia tələbinin iddia müddəti keçirilməklə verildiyindən rədd edilməsini xahiş etmişdir.
6. İddiaçı ASC-nin nümayəndəsi qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsində göstərilənlər cavabdehi borcdan yayındırmaq üçün uydurduğu şər və böhtandır. Cavabdeh əsassız ittihamları ilə Sumqayıt Şəhəri üzrə İcra İdarəsini, 4 saylı Notariat ofisini və İddiaçı ASC-ni heç bir hüquq əhəmiyyətli sübut təqdim etmədən əsassız olaraq cinayətdə ittiham etmişdir. İddiaçıSCdən guya saxta kredit müqaviləsinin tələb olunması ilə bağlı yaradılmış narahatçılıq səbəbindən 1100 manat təzminat tələb etmişdir. Belə ki, iddiaçı heç bir qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verməmiş və iş üzrə bütün qanuni sənədlər iş materiallarına əlavə olunmuş və təzminat tələb olunması üçün heç bir əsas yoxdur. Nümayəndə2 vaxtı ilə məhkəmədə göstərdiyi qanunsuz hərəkətlərə və məhkəməyə qarşı hörmətsizliyə görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi cənab Emin Abdullayev tərəfindən də cərimə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 saylı Azərbaycan Respublikasının fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən Cavabdeh Şahrza qızının kredit müqaviləsi üzrə borcuna 1240 ABŞ dolları məbləğində dövlət tərəfindən kompensasiya köçürülmüş, lakin cavabdeh qalıq borc 2048.04 ABŞ dolları məbləğində pulun restrukturizasiyası ilə bağlı bankın çağırışlarına baxmayaraq banka yaxınlaşmamışdır. Hazırda cavabdehdən güzəşt məbləği çıxılandan sonra yerdə qalan borc tələb olunur.
7. Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(060)-518/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) ilk və qarşılıqlı iddialar təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında borc müqaviləsi üzrə münasibətlər xx.xx.2015-ci il tarixdə yaranmış, borc müqaviləsi üzrə müəyyən qədər ödəniş həyata keçirsə də ilkin iddia üzrə iddiaçı borc müqaviləsi üzrə öhdəliklərin icrasını həyata keçirilməsi ilə əlaqədar yalnız xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da borc müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüş, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilənin saxta olmasına dair, eləcə də cavadbehin maddi və mənəvi zərər çəkməsinə dair sübutlar təqdim edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 375.1, 377.1, 385.1, 386.1, 390.1, 390.3, 427.3, 442, 443.1, 448.1, 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Qərarına, Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(060)-518/2024 nömrəli qətnaməsinin qismən ləğv edilərək, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mülki işə baxan zaman maddi və prosessual hüquq normalarını pozmuş, iddia tələbi üzrə mülki işi hər tərəfli, tam və obyektiv araşdırmamış və düzgün nəticə əldə etməmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən hər dəfə müəyyənləşdirilmiş qaydada, müraciət olunduqda iddia müddətinin axımı kəsilmişdir. Buna görə də Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsində iddia müddətinin keçməsi ilə bağlı əsaslandırma və buna uyğun olaraq iddia tələbinin təmin edilməməsi tamamilə yol verilməzdir və qanunla müəyyən olunmuş hüquqların məhdudlaşdırılmasına səbəb olmuşdur. Belə ki, bu iş üzrə ilk dəfə 02 fevral 2017-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin məhkəmə əmri qəbul edilmiş və iddiaçının xahişi təmin edilmişdir. Lakin, hazırkı iş üzrə cavabdeh (ilk iddia üzrə) Cavabdeh əmrə etiraz edərək, işə mülki icraat qaydasında baxılmasını xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddia tələbi qismən təmin olunmuşdur. Bundan sonra Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 saylı “Azərbaycan Respublikasının fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tətbiq olunması əsası ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, lakin Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin həmin Fərmanının tətbiq olunma müddəti dövründə kredit borcunun restrukturizasiyası məqsədi ilə Cavabdeh bankın çağırışlarına baxmayaraq banka yaxınlaşmamış və Fərmanın tətbiqi müddəti başa çatdıqdan sonra icra qeydi çıxarılması üçün müraciət olunmuş, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Notariat ofisində icra qeydi aparılmış və xx.xx.2021-ci ildə Sumqayıt şəhəri üzrə İcra idarəsində 08 oktyabr 2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərar qəbul edilmişdir. Cavabdeh 08 oktyabr 2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın ləğv edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21(118)-393/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının tələbi təmin edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət olunmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-380/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Daha sonra Cavabdeh icra qeydinin ləğv olunması tələbi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4601/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə icra qeydi borc məbləğinin düzgün hesablanmadığı əsas göstərilərək ləğv edilmişdir. İcra qeydi ləğv edildikdən sonra xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə yenidən Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Göstərilənlərdən görünür ki, İddiaçı ASC borc tələbi ilə bağlı heç bir müraciətində iddia müddətini ötürməmişdir. Sonuncu iddia müddətinin axımı icra qeydinin ləğv olunması barədə qətnamənin qanuni qüvvəyə mindiyi andan etibarən davam edir. Belə olduğu halda iddia müddətinin ötürülməsi məsələsi əsaslı hesab edilməməlidir. Bundan əlavə Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(105)-642/2019 saylı qərardadının əsaslandırıcı hissəsində qeyd olunur ki, “Eyni zamanda iddiaçıya izah olunur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırki qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir”. Anoloji olaraq bir məsələni də qeyd edilir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-174/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında icra qeydinin məhkəmə qətnaməsi ilə eyni qüvvəyə malik olmasına əsaslanaraq Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1583/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək, işi yenidən apellyasiya baxışına göndərmişdir. Belə ki, adıçəkilən qərarın 41-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə kollegiyası qeyd edir ki, notariusun icra qeydi mövcud olduğu (qüvvədə olduğu) halda həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə də, Kassasiya Məhkəməsinin mövqeyinə əsaslanaraq bir daha qeyd edilir ki, müraciət olunan iddia ilə bağlı Notariusun icra qeydi mövcud olmuşdur və həmin icra qeydi ləğv edilənədək başqa üsulla pul tələbini tələb etmək qeyri-mümkün idi.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 12.Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin ləğv etdiyi 04 may 2018-ci il tarixli məhkəmə qətnaməsi əsasında ondan pul tutulmasını tələb etmiş, lakin ondan pul tutulmasına nail ola bilməmiş, nəticədə məhkəməyə müraciət müddətini keçmişdir. “Bank of Baku' ASC qanuni yollarla ondan pul ala bilməyəcəyini dəqiq bildiyi üçün bu dəfə də qeyri-qanuni yola əl atmışdır. Belə ki, İddiaçı ASC xx.xx.2021 -ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisindən müvafiq icra qeydi alaraq, həmin icra qeydini Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təqdim etmişdir. “Notariat Haqqında Qanunun 76-cı maddəsinin İİ və İİİ paraqrafında göstərili ki: İcra qeydİəri yalnız təqdim otunun sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə miiəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Göründüyü kimi "Bank of Baku” ASC notariat ofisinə pulun mübahisəsiz olduğunu sübut edən sənəd təqdim etməmiş, nə də iddia müddətinin keçdiyinin fərqinə varmamışdır ki, nəticədə öz qeyri-qanuni hərəkətinə notariat ofisini də şərik etmişdir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Məlum olduğu kimi Azərbaycan Respublikasının MM-nin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İlk öncə hazırkı borc üzrə məhkəmə əmri çıxarılmış, daha sonra əmrdən şikayət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsində iddia icraatı qaydasında baxılmış və iddia qismən təmin olunmuşdur. Bundan sonra apellyasiya məhkəməsində həmin işə baxılmış və restrukturizasiya ilə bağlı qətnamə ləğv olunmuş və razılığa gəlmələri təklif olunmuşdur. Qarşı tərəf restrukturizasiya ilə bağlı banka müraciət etmədiyindən 2021-ci ildə icra qeydi ilə bağlı notariusa müraciət edilmiş, icra qeydi bankın xeyrinə çıxmış, sonradan icra qeydi ilə bağlı qərar məhkəmə qaydasında ləğv olunmuş, yenidən məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, bu müraciətlərin hər birində iddia müddətinin axımı kəsilmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunanları iddia müddətinin axımının kəsilməsi hesab etməmişdir. 02 fevral 2017-ci il tarixində ilk dəfə məhkəməyə müraciət edilmiş və bununla bağlı məhkəmə əmri çıxarılmış və icra qeydi alınmışdır. 04 may 2018-ci ildə yenidən məhkəməyə müraciət olunmuş, əmr ləğv olunmuşdur. Bu müddətlərdə iddia müddətinin axımı başlamamışdır. Bundan sonra 04 may 2018-ci il tarixli qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Yuxarı instansiya məhkəməsi qətnaməni ləğv etmiş, işi baxılmamış saxlamışdır. Bununla da iş restrukturizasiyaya göndərilmişdir. İddia müddətinin axımı 2019-cu il 31 dekabrdan başlamış və 07 oktyabr 2021-ci ildə notariusa icra qeydi ilə bağlı müraciət etdikləri andan iddia müddətinin axımı kəsilmişdir. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin Məhkəməsinin 2(060)-518/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən ləğv olunması, ilk iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
14. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq, ilk iddia üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət eədək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, 23 may 2015-ci il tarixində cavabdeh banka 3390 dollar həcmində ödəniş həyata keçirmişdir. Eyni zamanda həmin tarixdə bank cavabdehə 3390 dollar məbləğində kredit yazmışdır. Cavabdeh borcunu ödədikdən sonra yenidən həmin məbləğdə kredit götürməsi ağlabatan deyil. Restrukturizasiya ilə bağlı fərman çıxanda bu məsəlı ilə bağlı işlər baxılmamış saxlanılmış, lakin Sumqayıt Şəhər Məhkəməsində işə baxılmağa davam etdirilmiş və bununla bağlı sonda yekun qərar qəbul edilmişdir. İddia qəbul edilmiş, lakin bu məsələ qərarın mətnində öz əksini tapmamışdır. İddiaçı ASC isə Sumqayıt Şəhər Məhkəməsinin ləğv edilmiş qərarı ilə cavabdehdən kredit ödənişinin tutulması ilə əlaqədar icra şöbəsinə müraciət etmişdir. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını icra şöbəsinə təqdim etdikdən sonra qərar ləğv edilmişdir. Əlavə olaraq qeyd etmək istərdi ki, icra qeydi pul məsələsi ilə bağlı mübahisə olmadıqda verilir. Lakin aralarında ödəniş məbləği ilə bağlı mübahisə mövcud olmuşdur, həmçinin apellyasiya məhkəməsinin qətnaməsində də bankın kredit borcunu çox göstərdiyi də qeyd olunmuşdur. Bank Sumqayıt Şəhər Məhkəməsinə həmin şişirdilmiş məbləğlərlə müraciət etmişdir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı düzgündür. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-518/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edir.
İşdə olan sübutlar
15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 1575.07 ABŞ dolları əsas borcu, 472.97 ABŞ dolları faiz borcu vardır.
16. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MM/47707/51/11 saylı kredit sazişinə əsasən iddiaçıya 28 ay müddətinə, illik 25% ödəmək şərtilə 3390 ABŞ dolları məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən iddiaçı 28 ay müddətinə hər ay 161,02 ABŞ dolları, sonuncu ay isə 164,94 ABŞ dolları ödəməli idi.
17. Azərbaycan Respublikası Mərkəzi Bankının elektron portalınadan çıxarışa əsasən iddiaçının xx.xx.2015-ci il tarixli, MM/47707/51/11 saylı kredit borcu restrukturizasiya olunmalı borclar sırasına aiddir.Qalıq borc məbləği 2677,62 manat təşkil edir.
18. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-1102/2018 saylı qətnaməsi ilə cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2815,54 ABŞ dolları əsas borcu, 925,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3741,22 ABŞ dolları və ödənilmiş 23 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
19. İcra vərəqəsinin surətindən görünür ki, həmin qətnamə 04 iyun 2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və 13 iyul 2018-ci il tarixdə icra vərəqəsi verilmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-642/2019 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-1102/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanmışdır.
21. İddiaçı ASC icra qeydinin verilməsi haqqında ərizə ilə Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə müraciət etmiş və həmin ərizə əsasında xx.xx.2021-ci il tarixli icra qeydi verilmişdir. İcra qeydində cavabdehdən 2048 ABŞ Dolları 28 sent borcun İddiaçı ASC-nin xeyrinə tutulması qeyd edilmişdir.
22. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4601/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin xüsusi notariusunun xx.xx.2015-ci il tarixli, MM/47707/51/11 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə apardığı xx.xx.2021-ci il tarixli icra qeydi ləğv edilmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı.
1.Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
25. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
26. Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(060)-518/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni ilk iddianın təmin edilməməsi hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında borc müqaviləsi üzrə münasibətlər xx.xx.2015-ci il tarixdə yaranmış, borc müqaviləsi üzrə müəyyən qədər ödəniş həyata keçirilsə də ilkin iddia üzrə iddiaçı borc müqaviləsi üzrə öhdəliklərin icrasını həyata keçirilməsi ilə əlaqədar yalnız xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da borc müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir.
29. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC cavabdehə qarşı məhkəməyə müraciət edərək müqavilə üzrə borcun tutulmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə borc cavabdehdən tutulmuş, cavabdeh tərəfindən məhkəmə əmrinə verilmiş etiraz əsasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-1102/2018 saylı qətnaməsi ilə cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2815,54 ABŞ dolları əsas borc, 925,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3741,22 ABŞ dolları və ödənilmiş 23 manat dövlət rüsumunun tutulması qət edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, kredit müqaviləsi üzrə borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi əsası ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-642/2019 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-1102/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanmışdır. Lakin kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşməsinə baxmayaraq iddiaçı ilə cavabdeh arasında güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanması halı müəyyən edilməmişdir. İddiaçı daha sonra Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə müraciət etmiş, əsas və faiz borclarını tələb etmiş və həmin ərizə əsasında xx.xx.2021-ci il tarixli icra qeydi verilmişdir. İcra qeydində cavabdehdən 2048 ABŞ dolları 28 sent borcun İddiaçı ASC-nin xeyrinə tutulması qeyd edilmişdir. Qeyd edilən icra qeydi cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4601/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin xüsusi notariusunun xx.xx.2015-ci il tarixli, MM/47707/51/11 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə apardığı xx.xx.2021-ci il tarixli icra qeydi ləğv edilmişdir.
30. İdiaçı xx.xx.2023-cü il tarixli hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş, birinci instansiya məhkəməsi 3 illik iddia müddətinin keçməsi əsası ilə iddianı təmin etməmişdir. 31.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədən müəyyən edilir ki, iddia müddətinin axımı borc müqaviləsi üzrə öhdəliyin icrasının müəyyən edildiyi müddətinin sonuncu günü, yəni xx.xx.2017-ci ildən başlamışdır. Həmin tarixdən 3 illik müddət hesablandığından iddia müdddtinin sonu xx.xx.2020-ci il tarixə təsadüf etmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, bununla da iddia müddətini ötürmüş, cavabdeh də ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin hazırki tələblə 31 yanvar 2017ci ildə məhkəməyə müraciət olunduğunu, lakin mülki iş üzrə ərizənin təmin edilərək məhkəmə əmrinin çıxarılması, daha sonra Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə məhkəmə əmrinin ləğv edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsini, daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə ərizənin baxılmamış saxlanılmasını, bu səbəbdən iddia müddətinin axımının xx.xx.2019-cu il tarixdən başlanması, 07 oktyabr 2021-ci ildə notariusa icra qeydi ilə bağlı müraciət etdikləri andan iddia müddətinin axımı kəsilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi iddia müddətinin axımı xx.xx.2017-ci il tarixdə başlamış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-642/2019 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır ki, Mülki Məcəllənin 381.1-ci maddəsinin tələbi baxımından iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. İddiaçı üçün iddia müddətinin ötürülməməsi üçün məhkəməyə müraciətin sonuncu günü isə xx.xx.2020-ci il tarixi olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı maddəsinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu müddəti 2019-cu ilin dekabrın 31-dək müəyyən edilmişdir ki, iddiaçının həmin tarixdən xx.xx.2020-ci il tarixədək cavabdehə qarşı iddia qaldırmaq imkanı olsa da bunu etməmiş, yalnız 07 oktyabr 2021-ci il tarixdə icra qeydi əldə etmişdir. Məhkəmə kollegiyası icra qeydinin alınması ilə bağlı iddia müddətinin axımının kəsilməsi barədə ilk iddia üzrə iddiaçının dəlilini də əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəllənin 380.1-ci maddəsinin məzmunundan da göründüyü kimi iddia müddətinin axımının kəsilməsi halları iddia müddətinin daxilində həyata keçirilməlidir. İddia müddəti bitdikdən sonra edilmiş hərəkətlər bitmiş müddətin axımını kəsmək iqtidarında da olmaqdadır. Hazırkı mübahisə üzrə də icra qeydi idda müddətinin müddəti bitdikdən sonra, yəni 07 oktyabr 2021-ci il tarixdə verilmişdir. Buna görə də məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının həmin dəlilini əsassız hesab etmişdir.
33. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(060)-518/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(060)-518/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.