Məhkəmə qərarları › İş №2(103)-3944/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3944/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3944/2025 07.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiası üzrə mülki iş (Açar sözlər: «borc tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-591/2025 saylı, 18 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 16000(on altı min) manat borc verməyi, Cavabdeh isə xx.xx.2022-ci il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürüb. Cavabdeh borc müqaviləsinin iradəsinə uyğun olduğunu və pulu aldığını müqavilənin üzərində qeyd edib imzası ilə təsdiq edib.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16000 manat borc və 14400 manat maddi zərər əvəzi tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddiada göstərilib ki, Cavabdeh kömək etmək məqsədi ilə hazırki adı "xxxx" QSC olan kredit təşkilatı ilə “kredit və girov müqaviləsi” bağlayaraq özünə məxsus olan qızılları girov qoyaraq əldə etdiyi həmin 16000 manat məbləği Cavabdeh verdi. Həmin kredit və girov müqaviləsinə görə bu günədək hər ay 400 manat ödəniş edir və ümumilikdə 14400 manat əlavə ödəniş etmişdir. Ona məxsus olan qızıllar hələ də lombardda girovda qalmaqda davam edir və ödənişləri hələ də edir. Bu o deməkdir ki, bu müddət ərzində Cavabdeh ona 16000 manat əsas borcu qaytarmamaqla yanaşı, əlavə olaraq ona 14400 manat məbləğində maddi ziyan vurmuşdur.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-591/2025 saylı, 18 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil ) iddia tələbinin qismən təmin edilərək Cavabdeh 16000 (on altı min) manat tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında yaranmış münasibətlər borc münasibətidir. Cavabdehin iddiaçıya 16000 manat məbləğində borcunun olması sübuta yetirilir. Cavabdehin nümayəndəsi və vəkili isə müqavilə əsasında qeyd olunan 16000 manat pulun cavabdehə verilmədiyini bildirərək müqavilənin əslində uydurma əqd olduğunu tərəflər arasında formal borc müqaviləsini bağlandığını bildirmişdir. İddiaçı və cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Cavabdehin nümayəndəsi və vəkili müqavilənin etibarsız olmasını iddia edərək qeyd edir ki, müqavilə iddiaçı və cavabdeh arasında bağlansa da, lakin müqavilənin uydurma əqd olduğunu, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğdə pulun verilmədiyini, müqavilə bağlanmasında əsas niyyətin iddiaçı tərəfindən cavabdehin adına icra hakimiyyəti tərəfindən veriləcək evlə bağlı sərəncamın alınmasına veriləcək pulun gizlədilməsi olduğunu bildirərək müqavilənin əhəmiyyətsiz olduğundan etibarsız hesab olunmasını tələb edir. Məhkəmə cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Məhkəmə qeyd edir ki, sübutetmə yükü baxımından qeyd olunan müqavilələrin yalnız görünüşdə bağlandığını, yəni uydurma əqd olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Çünki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh tərəfindən qeyd olunan halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilə bilməmişdir. İddiaçı isə cavabdehlə aralarında əvvəllər də borc münasibətlərinin olduğunu təsdiq edən cavabdeh tərəfindən yazılan müxtəlif tarixlərə aid əlyazmaları məhkəməyə təqdim etmişdir. Belə olan halda məhkəmə cavabdehin müqavilənin uydurma əqd olması dəlilini əsassız hesab edir və qeyd olunanları və əqdlərin etibarlılıq şərtləri ilə bağlı mülki qanunvericilikdəki şərtləri nəzərə alaraq hesab edir ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi hüquqi müstəvidə keçərli əqddir. Bundan başqa, iddiaçı cavabdehə verilən 16000 manat məbləğində borcun "xxxx" QSC ilə bağlanmış kredit və girov müqaviləsi əsasında əldə etdiyini bildirərək hazırda kredit təşkilatı ilə arasında bağlanmış müqavilə üzrə aylıq 400 manat məbləğində ödənişlərin edildiyini və ümumilikdə 14400 manat məbləğində əlavə ödənişin edildiyini bildirərək cavabdehdən əlavə olaraq ona dəymiş maddi zərərə görə 14400 manat məbləğində pulun tutulmasını tələb edir. İddiaçı "xxxx" QSC ilə arasında kredit və girov müqaviləsinin bağlanmasını təsdiq edən kredit müqavilələri və ödəniş cədvəllərini əlavə etmişdir. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə ki, iddiaçı ona maddi ziyan dəyməsini təsdiq edən aşağıdakı sübutları təqdim etmişdir. İddiaçı və "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən 7615 manat məbləğində kredit üzrə ödənişlərin hər ay 410,25 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı və "xxxx" QSC arasında bağlanmış xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən 14162 dollar məbləğində kredit üzrə ödənişlərin hər ay 555,62 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit və girov müqaviləsinə əsasən iddiaçıya yaşayış sahəsinin tikintisi və təmiri üçün 12 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 9702 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən təqdim olunan cavabdehə verilən pul məbləğinin kredit təşkilatından kredit götürülərək cavabdehə verilməsini təsdiq edən sübutlardan da görünür ki, iddiaçı və kredit təşkilatı arasında bağlanmış kredit müqavilələri iddiaçı və cavabdeh arasında bağlanmış borc müqaviləsindən sonrakı tarixlərə aiddir və həmin kredit və girov müqaviləsinin bağlanmasının məqsədi müqavilədə yaşayış sahəsinin təmiri və tikintisi üçün göstərilmişdir. Belə olan halda əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu sübuta yetirilmir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini həmçinin, İddiaçı barəsində xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məumat verilməyini xahiş edib şikayətində göstərib ki, işin həqiqi halları tamamilə fərqli olmuşdur. Hətta məhz məhkəmə iclasında müəyyən edilmişdir ki, (iddiaçının məhkəmə təqdim etdiyi əlyazmalarında) bəli, iddiaçı və cavabdeh iddiaçının “sələmçi” olması səbəbindən uzun müddətdir ki, bir-birini tanıyırlar, qarşılıqlı borc münasibətlərində olmuşdular, dəfələrlə ondan borc pul almış və qaytarmışdır. Bununla bağlı cavabdehin pensiya kartı iddiaçıda olmuşdur, iki il müddətində həmin borcu kartdan əldə etmişdir, mənzilini satıb əldə etdiyi 8000 manatı iddiaçıya vermişdir. Sələmçi artıqlaması ilə borcları ondan geri almışdır. Lakin 16000 manata münasibətdə cavabdeh bildirmişdir ki, iddiaçı cavabdehin müharibə iştirakçısı olduğuna görə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən adına mənzil alacağına vəd vermiş, həmin vaxt rüşvət qismində verəcəyi 16000 manatı sığortalamaq məqsədilə yalançı notarial müqavilə imzalatdırmışdır. Notariusun ofisindən çıxmamış notariat ofisində çalışan qız tərəfindən pul onun əlindən geri alınmışdır. İddiaçı təsdiq etmişdir ki, bəli, o, çox insanlara mənzil almışdır. Balabəyə də mənzil alacağına söz vermişdir (çünki təkzibedilməz səs yazıları var idi). Amma 16000 manatın o işə aidiyyəti yox idi. Lakin məhkəmənin istinad etdiyi əlyazmaları məhkəməyə təqdim edərkən məhkəmə tərəfindən həmin əlyazmalar elan edildikdə pulu sərəncam alınması üçün verdiyi barədə qeyd elan edildikdən sonra vəkil tərəfindən həmin qeyd tələb edilmişdir, belə olan halda iddiaçı tez duyuq düşərək məhkəməyə təqdim etdiyi sənədləri geri almış, guya özü surətini çıxarıb təqdim edəcəyinə vəd vermiş və heç bir sübutu dəfələrlə tələb edilməsinə baxmayaraq məhkəməyə təqdim etməmişdir (məhkəmənin video qeydlərində əks olunmuşdur). Bundan əlavə, məhkəmənin istinad etdiyi guya lombarddan pul götürüb cavabdehə verməsinə dair dəlilə münasibətdə isə həmin kreditin cavabdehlə bağlanmış notarial borc müqaviləsindən sonra bağlanması təsdiq edir ki, iddiaçının dəlilləri uydurma, cavabdehin dəlilləri həqiqəti əks edir. Təəssüf ki, məhkəmə bu halları düzgün qiymətləndirməmiş, formal yanaşmışdır. Xüsusi qərardada münasibətdə isə bildirmişdir ki, hüquq-mühafizə orqanlarına özünüz müraciət edin. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin265.4- cü maddəsinə əsasən məhkəmə işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayət əlamətlərini aşkara çıxararsa o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırki işdə isə nəinki ədalət bərqərar edilmişdi, hətta cavabdehin hüquqları kobud şəkildə pozulmuşdur. Təqdim etdiyi sübutlar düzgün qiymətləndirilməmiş, həqiqətin üzə çıxmasına dair ədalətli araşdırılma aparılmamış, düzgün hüquqi nəticəyə gəlinməmişdir. Məhkəmə iclasında da müəyyən edildi ki, cavabdeh iddiaçıdan 16000 manat pulu alaraq həqiqətən borc götürməmişdir. Bu əqd etibarsız əqddir. Həqiqətən də müəyyən edildi ki, tərəflər arasındakı əqd uydurmadır. Tərəflər bu əqdi bağlayarkən əslində cavabdehin adına alınacaq mənzilin əldə edilməsi üçün veriləcək pul məbləğini sığortalamaq niyyəti daşımışdılar. Yəni mənzil əldə edildikdən sonra cavabdeh vəd etdiyi təklifdən yayınacağı halda iddiaçı 16000 manatı geri istəyəcəkdi. Məhkəmə isə yalnız iddiaçının sübutlarını araşdıraraq onlardan istifadə etmişdir. Cavabdehin təqdim etdiyi sübutlara, şahid ifadəsinə və iddiaçının etirafedici səs yazılarına və izahatlarına qiymət verməmiş, istinad etməmişdir

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı:

Bənd 18. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Bənd 19. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bənd 20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Bənd 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Bənd 28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Bənd 29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsində, qətnamənin ləğv edilməsi görünsədə lakin, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin olunduğu hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından həmin hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə qismən uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

19. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

22. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

23. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə cavabdehlə bağladığı xx.xx.2021-ci il tarixli kredit müqaviləsini təqdim edibr. Cavabdeh isə iddia tələbində etiraz edərək qeyd olunan müqavilənin görünüş üçün bağlanan uydurma əqd olduğunu bəyan edir.

24. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllnə nail olmaq zəruridir.

25. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək borc(kredit) müqaviləsi yaxud barışıq razılaşması və ya mövcud borcun etirafı adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə, yaxud uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə, əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə yaxud barışıq razılaşmasına və ya mövcud borcun etirafına dair digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfə tələb edilən məbləğdə borcu olmadığını və yaxud hazırki işdə olduğu kimi tələb edilən öhdəliyin əsasını təşkil edən əqdin etibarsız olduğunu bəyan etməsidir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv yoxlamaqla düzgün nəticəyə gəlməlidir.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflər arasında olan mülki hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında xx.xx.2021-ci il tarixli 16000 (on altı min) manatın borc verilməsinə dair kredit müqaviləsi bağlanmış, pul iddiaçı tərəfindən notariusun depozit hesabına qoyulmuş və cavabdeh tərəfindən götürülmüş, cavabdeh isə iddia tələbini qəbul etməyərək əslində notariusun ofisindən çıxmamış notariat ofisində çalışan qız tərəfindən pulun əlindən geri alındığını və buna görə də müqavilənin uydurma əqd olduğunu bəyan edir. Ancaq cavabdehin gətirdiyi bu dəlillər mötəbər sübutlarla təsdiq edilməlidir. Çünki iddia tələbinə etirazın əsası kimi şikayətində göstərdiyi dəlilləri sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşsə də, o, buna dair məhkəməyə mötəbər sübut təqdim etməli və həmin halları sübuta yetirməli idi, ancaq edə bilmir.

27. Göründüyü kimi işin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, verilmiş pul vəsaitini ödəməkdən yayınır və müqaviləni uydurma əqd hesab edir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən kredit müqaviləsi görünüş üçün bağlanan uydurma əqd də hesab oluna bilməz. Çünki uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edir ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Mübahisələndirilən kredit müqaviləsinin uydurma əqd olduğunu, görünüş üçün bağlandığını yalnız cavabdeh iddia edir. Ancaq müqavilənin tərəfi olaraq bu müqaviləni indiyədək hansısa formada heç vaxt mübahisələndirməyib, əksinə təqdim edilən sübutlara əsasən müqavilədə göstərilən məbləği əldə edildiyini təsdiq edir. Demək ki, kredit müqaviləsinin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk edib ki, həmin əqdlər üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək. Göründüyü kimi, kredit müqaviləsini bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq olunmur. Cavabdeh müharibə iştirakçısı olduğuna görə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən adına mənzil alacağına iddiaçının vəd verdiyini, həmin vaxt rüşvət qismində verəcəyi 16000 manatı sığortalamaq məqsədilə yalançı notarial müqavilə imzalatdırdığını göstərsə də, nədənsə bu vaxtadək bu barədə hüquq mühafizə orqanlarına məlumat verməyib, belə məlumatın, yəni xüsusi qərardadın çıxarılmasını məhkəmədən xahiş edib. Ancaq belə bir fakt mövcuddursa cavabdeh özü də bu vaxtadək prokurorluq orqanlarına məlumat verə bilərdi, ancaq verməyib yaxud bu fakt olmadığına görə vermək istəmir. Demək bu cür davranış da iddiaya etirazın əsassız olduğuna dəlalət edən hallar sayılır.

28. Apellyasiya instansiyası məhkəməsinin qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. 29.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı və kredit müqaviləsi institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-591/2025 saylı, 18 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-591/2025 saylı, 18 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar