Məhkəmə qərarları › İş №2(021)-3219/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3219/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3219/2024 28.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X16 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2105 (iki min bir yüz beş) manat məbləğində pulun və ödədiyi 41 (qırx bir) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə öz aralarında Bərdə rayonu Yenidaşkənd kəndi ərazisində 1 ha torpaq sahəsində qarpız əkərək gələn gəlirlərini birlikdə böləcəkləri barədə razılığa gəlmişlər. Həmin torpaq sahəsində torpağın münbitləşməsi, alaqların təmizlənməsi, toxumun səpilməsi, yerin qazılması və ümumilikdə qarpız bostanında lazım olan işlərin hər birini görmüşdür. 1 ha torpaq sahəsində əkilən qarpız sahəsində bu işlərin görülməsinə onun ümumilikdə 2105 (iki min yüz beş) manat məbləğində xərci çıxmışdır. Cavabdeh qarpızın yetişib satışa çıxarılma vaxdı çatanda onunla şərik olmaqdan boyun qaçırmış və çəkdiyi xərci ona geri qaytarmayacağını bildirmişdir. Hesab edir ki, ümumilikdə 1 ha ərazidə əkilib becərilən qarpız məhsulundan ən azı 6000 manatdan çox gəlir əldə edilir. Odur ki, cavabdehdən Bərdə rayonu Yenidaşkənd kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsinin üzərində qarpızın əkilib becərilməsinə çəkdiyi 2105 manat xərcin cavabdehdən alınaraq ona verilməsini məqsədə uyğun hesab edir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, o cümlədən, göstərdi ki, Bərdə rayonu Yenidaşkənd kəndində yaşayır, kənd təsərrüfatı ilə məşğuldur. Əsasən əkinlə, yəni bostan əkməklə, pambıq əkməklə məşğul olur. Cavabdeh əvvəldən kənd sakini kimi tanımışdır. Onun “Təzə bazar” deyilən yerdə özünün toxum dükanı var, cavabdeh həmişə ondan toxum, dərmanlar almışdır. Cavabdeh özü ona müraciət edərək onun torpağında bostan əkməyi təklif etmişdir. Torpaq sahəsi cavabdehin özünə məxsus olmamış, icarəyə götürmüşdür. Cavabdeh ona müraciət edərək torpaq sahəsi olduğunu, orada kələm əkdiyini, bostan əkmək üçün vaxtı olmadığını bildirərək torpağında bostan əkməsini ondan xahiş etmişdir. O da razılaşaraq cavabdehin 1 ha torpaq sahəsini şumlatmış, malalatdırmış, bostan əkini üçün tam yararlı vəziyyətə gətirmişdir. Cavabdehlə razılaşmışlar ki, sonuncu pul verəcək, o da toxum alıb, şitil qoyub, həm öz sahələrində həm də onun torpaq sahəsində bostan əkəcək. Cavabdeh onun pul kartına toxum almaq üçün 400 manat pul göndərmiş, o da həmin pulun üzərinə 160 manat əlavə edərək toxum almış və şitil qoyaraq qarpız əkmişdir. Farac qarpızın toxumunu mart ayında şitil formasında parnikdə əkirlər. Şitillər böyüdükdən sonra isə sahəyə torpağa əkilir. Bir hektar bostanın əmələ gəlməsi üçün kənd sakinlərinə pul verməklə, ketmanlatmış, sulatmış, traktorla cız çəkdirmiş, bütün işçilərin pulunu öz cibindən vermişdir. Toxum almaq üçün cavabdeh ona 400 manat pul vermiş, qalan 160 manatını isə özü cibindən qoymuşdur. 1 ha torpaq sahəsinə ümumilikdə 2158 manat xərc çəkmişdir. Cavabdehlə razılaşmaları belə olmuşdur ki, əldə olunan gəlirdən bütün çəkilən xərclər çıxıldıqdan sonra yerdə qalan qazanc iki hissəyə bölünəcək. Aralarında heç bir yazılı razılaşma olmamışdır. Qarpız yetişən ərəfədə Cavabdeh onu öz evinə dəvət edərək bostanla bağlı danışmaq istədiyini bildirmişdir. Arvadı ilə Cavabdeh evnə getmişdir. Həyətə girərkən cavabdeh DİN-nin 102 xidmətinə zəng edərək onun evinə basqın etmələri barədə məlumat vermişdir. Cavabdeh ona şər ataraq bostana yaxın getməməsini bildirmişdir. Cavabdeh DİN-nin 102 xidmətinə müraciət edib ona şər atdıqdan sonra sahə rəisi həmin sahəyə yaxın getməməsini bildirmişdir. Ona görə də bostan yetişəndən sonra həmin sahəyə yaxın getməmişdir. Cavabdeh yalnız qarpız toxunu alınması üçün 500 manat vermiş, qalan bütün xərcləri özü çəkmişdir. Cavabdeh gördüyü işlərə görə ona heç bir ödəniş etməmiş, məhsul yetişdikdən sonra isə onu torpaq sahəsinə buraxmayaraq məhsulu özü yığıb satmış, ona heç nə verməmişdir. Həmin bostan sahəsinə çəkdiyi xərclərin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı uzaq qohumudur, eyni zamanda həmkəndlidirlər. 2023-cü ildə soğan əkmək üçün 4 ha, qarpız əkmək üçün isə 1 ha torpaq sahəsini icarəyə götürmüşdür. İddiaçı yanına gələrək şərikli soğan və qarpız əkməyi ona təklif etmiş və bildirmişdir ki, ziyana da, xeyirə də şərikik. İddiaçı pulunun olmadığını bildirmiş, özü isə 25 000 manat soğan əkməyə görə pul qoymuşdur. İstifadə olunan dərmanları iddiaçı özü gətirmiş, 100 manata olan dərmanı ona 130-150 manata satmışdır. Soğanın toxumunu isə iddiaçı deyil özü almışdır. İddiaçı yanına gələrək dərmanlar lazım olduğunu bildirmiş, o da hər dəfə dərmanın pulunu iddiaçıya vermişdir. Əkindən başı çıxmadığından sahəyə getməmişdir. Yekunda soğandan xeyir götürə bilməmiş, soğan batmışdır. Soğan əkininə görə iddiaçıya dərmanlara görə 500 manat borcu qalmışdır. Günlərin birində səhər saat 07 radələrində iddiaçı arvadı ilə qapısına gəlmiş, səs-küy salaraq ondan pulu tələb etmişlər. İddiaçıya soğandan 25000 manat ziyan etdiyini, aralarında olan razılaşmaya əsasən xeyirə də ziyana da şərik olduqlarını, əvvəlcə ona dəymiş ziyanı ödəməsini, sonra onun 500 manat pulunu qaytaracağını demişdir. Həmin ərəfədə 1 ha torpaq sahəsində qarpız da əkmişlər. Qarpızın toxum və başqa xərclərini özü vermişdir. Torpağı icarəyə götürmüş, icarə pulunu da özü ödəmişdir. Lakin qarpız da ziyan etmiş, onun pulu batmışdır. Lakin iddiaçı yenə də ziyana şərik olmamışdır. Soğanı və qarpızı eyni mövsümdə əkmişlər. Şərikli əkdikləri soğanın və qarpızın bütün xərcini özü çəkmiş, hətta iddiaçıya zəhmət haqqı da vermişdir. İddiaçı əvvəldən bildirmişdir ki, onun pulu yoxdur, xərci çəksin, yekunda hesablaşarlar. Onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçı onun vediyi pullarla özünə maşın almışdır. Qarpız məhsulunu qardaşı yerin üstündə satmış, əldə edilən gəlir çəkdiyi xərci ödəməmişdir. Özü sahəyə getməmiş, sadəcə qıraqdan görülən işlərin pulunu vermişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil cavabdehin göstərdiklərini təsdiq edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfdən şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, İddiaçı tanıyır, iddiaçıya məxsus Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən torpaq sahəsində digər işçilərlə bərabər qarpız əkmişlər. Həmin sahədə qarpızın əkilməsinı, yəni qarpız şitillərinin yerə basdırılmasını, alağın vurulmasını onlar etmişlər. Cəmi 6 nəfər işçi olmuşlar. Torpaq Bərdə rayonu “Soyuq bulaq” deyilən ərazidə yerləşmiş, ümumilikdə 2.5 - 3 ha torpaq sahəsi olmuşdur. Onun 1 ha torpaq sahəsində qarpız əkmişlər. Həmin sahəyə qarpız şitilinin əkilməsi, onun alağının edilməsini onlar etmişlər. Gördükləri işlərin haqqını onlara İddiaçı vermişdir. İddiaçı bir günlərinə 15-17 manat pul vermişdir. Torpaq sahəsində 2 gün qarpız şitili əkmişlər. Sonra isə qarpızın alağını təmizləmişlər. Məhsul yığımında iştiak etməmişlər. Cavabdeh tanımır, onlara bütün işlərin görülməsini İddiaçı tapşırmışdır. Məhkəmə iclasında iddiaçı tərəfdən şahid qismində dindirilmiş X5 göstərdi ki, İddiaçı ilə həmkəndlidir. Suçu işləmiş, bu ilin yaz aylarında İmaməddin Əliev ona 1 ha torpaq sahəsi olduğunu, onu sulamaq lazım olduğunu bildirmiş, o da razılaşmışdır. Gedib qarpız əkilməsi üçün nəzərdə tutulmuş 1 ha torpaq sahəsini suvarmışdır. İddiaçı sahəni suvarmağa görə ona 30 manat zəhmət haqqı vermişdir. Həmin torpaq sahəsi əvvəllər Mahir adlı şəxsə məxsus olmuş, həmin şəxs Bakı şəhərində yaşadığından, torpağı Cavabdeh icarəyə vermişdir. Torpaq sahəsi arxlanmış, yəni artıq şitil əkininə hazır olmuşdur. Torpaq sahəsini bir dəfə suvarmışdır. Məhsulun yığılmasından dəqiq xəbəri yoxdur. Bildiyi qədər məhsulu İmaməddin yığmamışdır. Sahəni suvararkən İddiaçı ona danadişi dərmanı da vermişdir ki, suya axıtsın və sahəni suvarmaqla bərabər eyni zamanda dərmanlasın. Məhkəmə iclasında iddiaçı tərəfdən şahid qismində dindirilmiş X6 göstərdi ki, İddiaçı tanıyır. Onun traktoru var, həmin traktorla yer şumlamalqa ailəsini dolandırır. İddiaçı ona zəng edərək 1 ha torpaq sahəsinin şumlanmasını xahiş etmişdir. O da gedib həmin torpaq sahəsini şumlamışdır. Torpaq sahəsi Yeni Daşkənd kəndi ərazisində olmuşdur. Torpağı şumladığına görə İddiaçı ona 50 manat zəhmət haqqı vermişdir. Sonuncu həmin torpaq sahəsində qarpız əkəcəyini bildirmişdir. Həmin torpağın şumlanması ilə bağlı ona başqa kimsə bir söz və ya tapşırıq verməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfdən şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki, İddiaçı onun həmkəndlisidir. İddiaçı bu il müvsümdə qarpız əkmiş və ona müraciət edərək həmin qarpız əkəcəyi torpaq sahəsinə su arxları çəkmək lazım olduğunu bildirmişdir. Razılaşaraq 1 ha torpaq sahəsinə suvarma arxları çəkmişdir. İmaməddinə həmin torpaq sahəsini kimin verdiyini, kimdən icarəyə götürdüyünü bilməmiş, bu barədə heç bir məlumatı yoxdur. Gördüyü işlərə görə İddiaçı ona 30 manat zəhmət haqqı vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfdən şahid qismində dindirilmiş X10 ifadə verərək göstərdi ki, İddiaçı əridir. Əri İddiaçı bu ilin yaz aylarında qarpız əkmişdir. Belə ki, kəndlərində yaşayan, hazırkı iş üzrə Cavabdeh ərinə müraciət edərək şərikli qarpız əkməyi təklif etmişdir. İlk əvvəl ərinin Cavabdeh ilə şərikli iş görməsinə razı olmamış, bir neçə dəfə cavabdeh öz anası ilə qapılarına gələrək borcları olduğunu deyərək ərini razı salmağa çalışmış və nəhayət aralarında razılaşma olmuşdur ki, 1 ha torpaq sahəsini əri İmaməddin əkəcək, becərəcək, məhsul satılandan sonra bütün torpağa çəkilən xərc götürüləndən sonra isə yerdə qalan qazanc bölünəcəkdir. Həmin 1 ha torpaq sahəsinə əkiləçək qarpızın şitilini özü evlərində istixana şəraitində beçərmiş, şitil yerə əkilənə kimi qulluq etmişdir. Məqsədi isə ərinin əlavə xərclərə düşməməsi olmuşdur. Əri də torpağı şumlatmış, malalatmış, arx çəkdirmiş, əkdirmişdir. Məhsul yetişəndə isə cavabdeh onları torpağa buraxmamış, məhsulun ona məxsus olduğunu demişdir. Əri ilə birlikdə cavabdehin evinə getmişdir ki, onlara olan borcunu versin. Çünki əri 2200 manat həmin torpaq sahəsinin əlkilib becərilməsinə xərc çəkmişdir. Cavabdeh öz həyətində onlara nalayiq ifadələr işlətmiş, təhqir etmiş, qadına yaraşmayan sözlər işlətmişdir. Cavabdeh ona demişdir ki, əri həmin puldan 500 manat keçməlidir, əks halda, ona elə şeylər deyə bilər ki, onların ailələrində böyük söz-söhbətə səbəb ola bilər. Sonradan cavabdehə zəng edərək pullarını tələb etmiş, sonuncu toyda olduğunu, sabah tezdən gəlib pullarını götürə biləcəklərini demişdir. Səhər tezdən cavabdehin evinə getmiş, sonuncu çölə çıxaraq ona evinə hücüm etməyə gəldiyini demiş və onlardan polisə şikayət etmişdir. Cavabdeh özü ərinə təklif etmişdir ki, borcu var, imaknı yoxdur, ona kömək olsun, şərikli qarpız əksinlər. 1 ha torpaq sahəsinin Cavabdeh tərəfindən icarəyə götürüldüyünü bilmişlər. Cavabdeh demişdir ki, torpağın icarə haqqının əkilən qarpıza və götürülən məhsula heç bir aidiyyatı yoxdur. Pul ancaq dərmanlara və toxuma veriləcək, məhsul da yetişəndən sonra məhsul satılacaq, çəkilən xərc götürüləndən sonra qalan pul bölünəcəkdir. İmaməddin Cavabdeh soğan əkən zaman ona dərmanlar satmış, həmin dərmanların qiyməti 580 manat etmişdir. Əri zəng edib həmin pulu istəyərkən ərini qadına yaraşmayan nalayiq ifadələrlə təhqir etmişdir. Hətta əri həmin 580 manat dərmana olan borcunun 80 manatını cavabdeh Rənaya bağışlamış, qalan 500 manatını tələb etmişdir. Lakin yenə də cavabdeh borcunu verməmişdir. Qarpızın yığılmasına iki gün qalmış, Cavabdeh lazımsız söhbətlər etməyə başlamış, ərinə şər atmış, təhqirlər etmiş, polisə müracət edərək onları şərləmişdir. Qarpız məhsulu yetişəndən sonra cavabdeh məhsulu özü satmış, qazancı özü götürmüşdür. Məhkəmə iclasında iddiaçı tərəfdən şahid qismində dindirilmiş X1 göstərdi ki, iddiaçı qardaşıdır. 1 ha torpaq sahəsinin arat suyunu o suvarmış, qarpız şitilləri əkildikdən sonra isə 1 dəfə suvarma işini görmüşdür. Torpaq sahəsini Cavabdeh icarəyə götürmüş, qardaşı İmaməddin ilə şərikli qarpız əkmişlər. Şitilin becərilməsində o da iştirak etmiş, fəhlələrlə birlikdə işləmişdir. Onun zəhmət haqqı 60 manat etmiş, lakin nə iddiaçı, nə də cavabdeh onun zəhmət haqqını verməmişlər. Məhkəmə iclasında iddiaçı tərəfdən şahid qismində dindirilmiş X2 göstərdi ki, iddiaçı qardaşıdır. Qardaşının texnikalarını o idarə edir. Cavabdeh icarəyə 1 ha torpaq sahəsi götürmüş, 2024-cü ildə həmin torpaq sahəsində qardaşı İmaməddinlə birlikdə şərikli qarpız əkmişlər. O, qarpız sahəsini çizelləmiş, kultivasiya etmiş, dərman vurmuşdur. Gördüyü işə görə qardaşı ona 30 manat pul vermişdir. Traktorla həşərata, xəstəliyə qarşı qarpız sahəsinə 5 dəfə dərmanlar vurmuş, bu işə görə isə qardaşı ona 50 manat pul vermişdir. Lakin məhsul yığılanda Cavabdeh qardaşı İmaməddini sahəyə buraxmamış, məhsulu özü satmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahidləri dindirib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Bərdə rayonu Yeni Daşkənd kəndində anadan olmuşdur, Bərdə rayonu Yeni Daşkənd kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1998-ci ildə Göyçay rayonunda anadan olmuşdur, Bərdə rayonu Yeni Daşkənd kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli, 223 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Yeni Daşkənd kəndində yaşayır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, iddiaçı və cavabdeh 2024-cü il mövsümündə 1 ha torpaq sahəsində şərikli qarpız əkmişlər. Qarpız əkilən torpaq sahəsi cavabdeh tərəfindən icarəyə götürülmüş, aralarında olan şifahi razılaşmaya əsasən tərəflər götürüləcək xeyir və ziyana görə birgə məsuliyyət daşımaları barədə razılığa gəlmişlər. Cavabdeh 1 ha torpaq sahəsində qarpız məhsulu əkilməsi üçün bütün xərcləri özü çəkdiyini bildirsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmiş, iddiaçı isə cavabdehin yalnız toxum alınması üçün 500 (beş yüz) manat verdiyini, qalan bütün xərcləri özü çəkdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən müəyyən olunur ki, iddiaçı qarpız şitilinin əkilməsi üçün 6 nəfər fəhlə işlətmiş, fəhlələr iki gün işləmiş və 180 manat əmək haqqını iddiaçıdan almışlar. İddiaçı şitil əkimindən əvvəl yerin şumlanması üçün 30 manat, ikinci dəfə şumlama işlərinin aparılması üçün 50 manat, suvarma arxlarının çəkilməsi üçün 30 manat, becərməyə görə 60 manat, çizel, kultivasiya işlərinin görülməsi üçün 30 manat, dərmanlama işlərinin aparılması üçün isə 50 manat işçilərə əmək haqqı vermişdir. Məhkəmə iclaslarında dindirilən şahidlər bostanda görgükləri becərmə işlərinə görə onlara əmək haqqının iddiaçı tərəfindən verildiyini təsdiq etmişlər. İddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə iclasında verdiyi izahatında cavabdehlə şərikli qarpız əkilməsi üçün 2105 manat xərc çəkdiyini bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, təqdim etdiyi sübutlar, o cümlədən, şahid ifadələri ilə onun 1 ha torpaq sahəsində qarpız əkilməsi üçün cəmi 400 manat məbləğində pul xərclədiyi öz təsdiqini tapmışdır. Cavabdeh isə iddianı etiraf etməyərək iddiaçıya borcunun olmadığını bildirmişdir. İddiaçının iddia ərizəsinə sübut kimi əlavə etdiyi əlyazmalarla bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin əlyazmaların doğrudan da həmin şəxslər tərəfindən icra edilməsi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə qeyd olunan əlyazmaları sübut kimi qəbul etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notariat) formada bağlanır. 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, tərəflər aralarında şifahi əqd bağlayaraq 1 (bir) ha torpaq sahəsində şərikli qarpız əkməyə razılaşmışlar. Bu hal məhkəmə iclasında mübahisəsiz şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının MM-nin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddət təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, şərikli əkdikləri məhsula görə əldə edilən gəlirə və ziyana görə birgə məsuliyyət daşımaları barədə üzərinə öhdəlik götürsə də, buna əməl etməmiş, iddiaçının çəkdiyi xərci ona ödəməmişdir. Cavabdeh aralarında bağlanmış müqavilənin şərtlərini pozduğundan iddiaçının çəkdiyi xərc məbləğində iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda istinad olunan hüquq normalarının göstərişlərinə əsasən hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 430 (dörd yüz otuz) manat məbləğində vəsait alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar