Məhkəmə qərarları › İş №2(021)-3221/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3221/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3221/2025 19.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı 13 Saylı X8 Mərkəzinin nümayəndəsi X6, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı 13 Saylı X8 Mərkəzinin Cavabdeh qarşı ”icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması” tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı 13 Saylı X8 Mərkəzi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X5 ilə vətəndaş Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 115 nömrəli icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülərək, icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək 13 saylı X1ytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 13 Saylı X8 Mərkəzinin nümayəndəsi X9 iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq mülki işin məhkəmə aidiyyətinin kommmersiya məhkəməsinə aid olması halının təmsil etdiyi qurum tərəfindən mübahisələndirilmədiyini məhkəmənin nəzərinə çatdırdı. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu və aralarında bağlanmış müqavilənin bəndlərinə istinadən müqavilənin ləğvinin qanunsuz xarakter daşıdığını qeyd etmişdir. Verilən suallara cavab olaraq, aidiyyət qaydasının tərəfindən mübahisələndirilmədiyini və qərarını qəbulunu məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, işdə iştirak edən tərəflərin subyektiv tərkibi, hüquq münasibətlərin xarakteri, mübahisənin predmeti nəzərə alınmaqla mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gələn tələb olması əsası ilə işə kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, tərəflər Vöen əsasında fəaliyyət göstərməklə, cavabdeh həmin torpaq sahəsini sahibkarlıq məqsədilə istifadə etmiş, hal-hazırki mübahisə predmeti mübahisələndirilən torpaq sahəsində inşa edilmiş tikililərin sökülərək, müqavilənin ləğvi tələbi irəli sürülməklə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəlaiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 19 iyul 2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 19 iyul 2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan hazırki mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş hazırlıq iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 97-98, 255-256, 258 və 263-264-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddiaçı 13 Saylı X8 Mərkəzinin Cavabdeh qarşı ”icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar