Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3238/2025 07.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili X2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki işə 07 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avabdeh Cavabdeh dələduzluq yolu ilə ələ keçirtdiyi 9900 (doqquz min doqquz yüz ) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 119 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kimi qeyd etdiyi Cavabdeh uzun zamandır tanıyır. Cavabdeh ilə aralarında sevgi münasibətləri olmuşdur. Bir-birini sevdiyi üçün ailə həyatı quracaqdılar. Aralarında hər zaman yaxşı münasibət olduğundan Cavabdeh 2024-cü ilin dekabr ayında ondan 3300 manat məbləğində borca pul istəyib. Bildirib ki, həmin pulu ona tez bir zamanda ödəyəcəkdir. Hazırda əlində işlər yaxşı getmədiyindən pulu olmadığından ondan pul istədiyini bildirmişdir. O, da Cavabdeh tanıdığı üçün onunla razılaşıb. Lakin əlində pul olmadığından Leobankdan 3300 manat kredit götürüb və pulu cavabdehə Səbail rayon ərazisində vermişdir. Cavabdeh ona borclu olduğu pulu tez bir zamanda verəcəyinə dair sözlər verib. Daha sonra yəni 2025-ci ilin yanvar ayında Cavabdeh ondan yenidən 6600 manat məbləğində pul istəyib. Bildirib ki, almış olduğu pulların hər birini birlikdə tez bir zamanda qaytaracaq. O, da Cavabdeh tanıdığı üçün onunla razılaşıb. Lakin əlində pul olmadığından Leobankdan 6600 manat kredit götürüb və pulu cavabdehǝ Nərimanov rayon ərazisində vermişdir. Cavabdeh ondan aldığı cəmi 9900 manat pulu tez bir zamanda verəcəyini bildirsə də, lakin vermiş olduğu sözdən uzun zaman keçməsinə baxmayaraq cavabdeh borclu olduğu 9900 manat pulu ona geri vermir. Cavabdeh ilə əlaqə saxladığı zaman cavabdeh onun telefon zənglərini açmamışdır. Dəfələrlə geri istəməyinə baxmayaraq hər dəfəsində verməkdən imtina edir və günü günə sataraq onu yubadır. Bunun üçün də o, Polis şöbəsinə müraciət edib. Polis Şöbəsində cavabdeh izahat verərək ondan 9900 manat borca pul aldığını öz əl yazması ilə izahatında yazmışdır. Hazırda cavabdeh ona borclu olduğu 9900 (doqquz min doqquz yüz) manat pulu geri vermədiyi üçün o, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatı İddiaçının nümayəndəsi və vəkili X4 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək vəkilə ödədiyi 320 manat ödənişin iddia tələbinə əlavə olaraq Cavabdeh alınıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 bildirdi ki, iddiaçı ilə cavabdehin arasında heç bir pul haqq-hesabı yoxdur, cavabdehi hədələyərək 1000 manat pul ödətdirmişlər. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* saylı şəxsiyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci ildə anadan olmuşdur. Cavabdeh Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində 2025-ci ilin iyun ayında verdiyi izahatından görünür ki, cavabdeh İddiaçı 9900 manat borcu olduğunu bildirmişdir və hər ay 500 manat ödəyə biləcəyini qeyd etmişdir. xx.xx.2025-ci il tarixli 87 saylı arayışdan görünür ki, İddiaçı Ysamal rayonu Moskva prospekti 3168-ci məhəllə ünvanında yerləşən “X7” MTK-nın 29 saylı binasının 88-ci mənzilində qeydiyyatsız yaşayır. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 119 manat dövlət rüsumu ödənilmişdir. Göstərilmiş hüquqi yardıma görə xx.xx.2025-ci il tarixli qəbzə əsasən 320 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Sübut olunur ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis bölməsində 2025-ci ilin iyun ayında vermiş olduğu etirafedici izahatına əsasən onun İddiaçı 9900 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əsasən cavabdeh tərəfindən hər hansı pulun geri qaytarılması müəyyən olunmur. Cavabdeh 9900 (doqquz min doqquz yüz) manat məbləğində pul, 119 manat ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə vəkil xidmət haqqı 320 manat, cəmi 10339 (on min üç yüz otuz doqquz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 9900 (doqquz min doqquz yüz) manat məbləğində pul, 119 manat ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə vəkil xidmət haqqı 320 manat, cəmi 10339 (on min üç yüz otuz doqquz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev