Məhkəmə qərarları › İş №2(021)-3272/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3272/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3272/2021 27.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 6000 manat pul vəsaitinin tutularaq ona verilməsinə dair qətnamə, Cavabdeh əməllərində cinayət tərkibi əlamətləri olduğundan barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2020-ci ildə həbsdə olan qardaşı Zamil Misirov vasitəsi ilə tanımışdır. Belə ki, 2 ildən çoxdur ki, qardaşı X4 markalı avtomobillə Füzuli rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra 5 il 3 ay müddətinə həbs olunmuşdur. Buna görədə qardaşının həbs müddətini azaldıb, onu həbsdən çıxarmaq üçün adam axtarmağa başlamışdır. Qardaşı da onu Hidayətlə görüşməyi məsləhət bilmişdir. Bundan sonra, cavabdehlə telefon əlaqəsi yaradaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 2 yaxınlığında görüşmüşdür. Görüş zamanı, cavabdeh özünü Daxili İşlər Nazirliyinin keçmiş yüksək rütbəli əməkdaşı kimi qələmə vermişdir. Görüş zamanı cavabdeh onun məsələsini dinləyib, işlə şifahi tanış olub, 1 ay ərzində X5in həbsdən 1 il 3 ay qalmış müddətinin azaldacağına vəd verərək, müqabilində isə 6.000 (altı min) manat pul istəmişdir. Cavabdehə inanıb, üstündə olan 4.000 (dörd min) manat pulu cavabdehə vermişdir. Qalan 2.000 (iki min) manat pulu isə bir ay sonra Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 2 yaxınlığında yerləşən Hərbi Komissarlığın yanında cavabdehə vermişdir. Həmin vaxt cavabdeh qardaşınının məsələsini 1-2 ay ərzində həll edəcəyini və qısa zamanda bununla bağlı əlaqə saxlayacağını bildirmişdir. Görüşdən 1 həftə sonra cavabdehdən məhkum qardaşının məsələsi ilə bağlı, hansı işlərin aparılmasının gedişatını öyrənəndə, cavabdeh ona məsələnin 20 günə həll olunacağını bildrimişdir. Daha sonra, 20 gün 2 ay olmuş, cavabdeh isə telefonunu söndürməyə, fərqli-fərqli bəhanələrlə yayınmağa başlamışdır. Məsələnin heçdə ürək açan olmadığını görərək, məhkum qardaşı ilə əlaqə quraraq, cavabdehin dələduz əməli barədə danışmışdır. X5 isə, cavabdehin ailə üzvlərinin əlaqə nömrələri vermişdir. İlk öncə cavabdehin qardaşı ilə telefon əlaqəsi quraraq, məsələni danışmış, o isə bildirimişdir ki, qardaşı birinci dəfə deyil ki, dələduz məsələlərlə məşğuldur, pulu özü tərəfindən ödəniləcəyini bildirmişdir. Xeyli vaxtdan sonra, cavabdehin qardaşına təkrar zəng edəndə, o, bildirmişdir ki, pulun batıb, heç kəs pulu qayatarmayacaq. Bundan sonra, cavabdehin həyat yoldaşı ilə telefonla danışmış, Hidayətin telefonu açmadığını, qardaşının isə onunla əlbir olduğunu bildirsədə, qarşı tərəfdən heç bir cavab zəng belə gəlməmişdir. Bundan sonra, məsələni hüquq mühafizə orqanları müstəvisində həll olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron rayon Polis İdarəsinin müstəntiqi X3 icraatında olan HK-i/1302 №-li materialı nəzərdən keçirərək, izahatını almışdır. İstintaq orqanı cavabdehin yerini müəyyən etmək üçün əməliyyat tapşırığı vermişdir. Lakin, cavabdehin yeri müəyyən olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək cavabdehdən 4600 (dörd min altı yüz) manat tutularaq ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, İddiaçı 4600 manat borcu vardır. İddianın təmin olunmasına etirazı yoxdur. Cavabdeh məhkəməyə ərizə verərək iddianı qəbul etdiyini, İddiaçı 4600 manat borcunun olduğunu etiraf etdiyini, odur ki, iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb, Cavabdeh ərizəsini nəzərdən keçirib hesab edir ki, iş üzrə Cavabdeh iddianı etiraf etməsinin qəbul olunması mümkündür. Ona görə də Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdehin iddianı etiraf etməsi təsdiq edilməli, iddaçının irəli sürdüyü 4600 manat pul tələbinin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2020-ci ilin fevral ayında iddiaçıdan 6000 manat məbləğində pul almış, borclu olduğu puldan 1400 manat qaytarmış, 4600 manat məbləğində dəyərində borcu qalmışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək iddiaçıya borclu olduğu 4600 manat pulu qaytarmamışdır. Cavabdeh iddiaçıya borclu olduğu 4600 manat məbləğində pulu qaytarmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 4600 manat məbləğində pulu İddiaçı ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4600 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının 4600 manat məbləğində pul vəsaitinin Cavabdeh qalması və bu vəsaitin iddiaçıya qaytarılmaması iddiaçının həmin pul vəsaiti üzərindəki mülkiyyətini pozur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 4600 manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən Cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh iddianı etiraf etməsi təsdiq edilsin. Cavabdeh 4600 (dörd min altı yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar