Məhkəmə qərarları › İş №2(021)-3287/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3287/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3287/2022 21.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul və maddi ziyan» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul və maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 manat və ona vurduğu maddi zərərin əvəzi olaraq 280 manat, cəmi 1680 (min altı yüz səksən) manat pulun, həmçinin dövlət rüsumu olaraq ödədiyi 37 manatın alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Goranboy rayonunun Əlirzalı kəndində daimi yaşayır. Qarabağ müharibəsi veteranıdır. Ailəsini süd və süd məhdullarına olan tələbatını təmin etmək üçün sağmal inək almaq məqsədi ilə 2022-ci ilin iyun ayının ortalarında Gəncə mal bazarına gedərək orada əvvəllər tanımadığı, həmin bazarda satmaq üçün özünə məxsus olan inǝk heyvanı gətirmiş, Cavabdeh 1400 manat nəğd pul verməklə təxminən 5-6 yaşlı, yerli cins olan yanı balalı 1 baş sağmal inək almışdır. İnəyi alarkən cavabdeh bildirmişdir ki, öz qapısının heyvanıdır, sağlam heyvandır və gündəlik 7- 8 litr süd verir. İnəyi alıb Əlirzalı kəndinə həyətinə gətirmişdir. Məlum olmuşdur ki, inək xəstədir, nə yem, nə də ot yemir. Dərhal mobil telefonuna zəng vurub bu barədə Cavabdeh bildirmişdir. Mahir birmənalı olaraq demişdir ki, sabah inəyi gətir Tərtər rayonunun Sarov kəndinə, gəlib orada təhvil alacağdır və pulunu qaytaracağdır. Odur ki, vədələşdikləri vaxtda inəyi yük maşını ilə Tərtər rayonunun Sarov kəndinə gətirmişdir. (həmin kəndlə Əlirzalı kəndi arasında 7-8 km məsafə var) və orada Cavabdeh təhvil vermişdir. İnəyi təhvil verərkən Cavabdehlə heç bir narazılığı olmamışdır. Mahir inəyi və onun balasını özü ilə gətirdiyi yük maşınına qoyub aparmış və ona vəd etmişdir ki, bir həftəyə kimi inəyi satıb mənim pulunu qaytaracaqdır. O da razılaşmışdır. 1 həftədən sonra onun mobil telefonuna zəng vurmuş, bildirmişdir ki, inəyi sata bilməyib, inək xəstədir deyə alan olmadı, 2 həftə gözlə, inəyi sağaldıb satıb və pulunu verəcək. Odur ki, məcbur olub daha 2 həftə gözləmişdir. Sonra isə Bərdə rayonu Zümürxan kəndinə gəlib Cavabdeh tapıb, pulunu istəmişdir. O, iyulun 25-də pulu verəcəyini bildirmişdir. İyulun 25-də yenə Zümürxan kəndinə gedib cavabdehi tapıb pulunu istəmiş, bu dəfə isə vəd etmişdir ki, pulunu avqustun 1-də verəcək. Avqustun 1-də Zümürxan kəndində gəlmiş, bu dəfə Mahir vǝd etmişdir ki, avqustun 9-10-da pulunu verəcək. Yenə də vədinə əməl etməmişdir. Ümumiyyətlə isə iyul-avqust ayları ərzində 10 dəfə Zümürxan kəndinə gəlib Cavabdeh pulunu qaytarmasını istəmişdir. O isə hər dəfə yalan vədlər verərək aldadır. Həmçinin hesab edir ki, Cavabdeh ona vurduğu maddi ziyanı da ödəməlidir. Həmin maddi ziyan aşağıdakılardan ibarədir: 1.İnəyi Gəncə mal bazarında Cavabdeh alıb Goranboy rayonu Əlirzalı kəndinə gətirmək üçün yük maşını sürücüsünə xidmət haqqı olaraq ödədiyi- 20 manat, 2.İnəyi Tərtər rayonunun Sarov kəndinə gətirib orada Cavabdeh təhvil vermək üçün yük maşını sürücüsünə xidmət haqqı ödədiyi -10 manat, 3.Cavabdeh pulumu qaytaracağı vədlərinə inanıb pulunu almaq üçün 10 dəfə minik maşını kirayələyərək Bərdə rayon Zümürxan kəndinə gəlib qayıtmış, hər dəfə minik maşınının sürücüsünə 20 manat verməklə, cəmi 200 manatını xərcləmişdir. 4.Hazırki iddia ərizəmin hazırlanması üçün ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən hüquqşunas X1 xidmət haqqı olaraq 50 manat ödəmişdir. Beləliklə də cavabdehin ona vurduğu maddi ziyan cəmi 280 (20+10+200+50) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Goranboy rayon Xanqərvənd kəndində anadan olmuşdur. Goranboy rayon Əlirzalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Əlirzalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 121 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Namazov X2 rayon Əlirzalı kəndində yaşayır. Mülki işə əlavə olunmuş MV № 003373 nömrəli vəsiqənin surətindən görünür k, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlarından istifadə etmək hüququna malikdir. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsinin İddiaçı müraciəti əsasında toplanmış materiala dair xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, İddiaçı göstərmiş olduğu xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında ifadə vermiş şahid X3 ifadəsində göstərdi ki, Ceyhunu mal bazarına aparmışdır. Oradan yanıbalalı inəyi 1400 manata almış, xəstə olduğundan yiyəsinə qaytarmışdır. Məhkəmə iclasında ifadə vermiş şahid X3 ifadəsində göstərdi ki, Ceyhunu mal bazarına aparmışdır. Oradan yanıbalalı inəyi 1400 manata almış, xəstə olduğundan yiyəsinə qaytarmışdır. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 37 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın təmin olunması sübutetmə yükü ilə əlaqədardır. İddiaçı iddia ərizəsində göstərilən halları təsdiq edən heç bir sübu məhkəməyə təqdim edə bilməmişdir. Şahid ifadələrinə istinadən iddianın uğurlu həll olacağına əsaslanmışdır. Lakin məhkəmə qeyd edir ki, bu tip iddialarda iddianın uğurlu həlli üçün şahid ifadələri digər sübutlarla yanaşı yoxlanılmaqla qiymət verilir. Hazırkı iddia tələbində isə hər hansı bir sübut yoxdur ki, məhkəmə şahid ifadələri ilə yanaşı birlikdə qiymət verə bilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları və sadalanan qanunvericilik normalarını qarşılıqlı təhlil edərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı 1400 manat borcu olması sübut olunmur. Ona görə də iddia tələbi dəymiş ziyan hissəsində də təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edilmədiyindən ödənilmiş 37 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «pul və dəymiş ziyan» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 37 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar