Məhkəmə qərarları › İş №2(021)-3290/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3290/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3290/2025 21.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki işə 21 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh 2250 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 42,90 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, Cavabdeh Ağdaş mal bazarında 2250 manata bir baş iribuynuzlu yanı balalı inək alıb. Həmin inəyi evə gətirəndən sonra məlum cavabdeh tərəfindən aldadılıb. Cavabdeh xəstə inəyi ona dəyərindən baha qiymətə satmışdır. Həmin xəstə inəyi qaytarmaq məqsədilə cavabdeh X2 dəfələrlə dörd gün ardıcıl olaraq zəng etsə də, zənglərinə cavab verməmişdir. Hətta hansı nömrədən zəng edibsə həmin nömrəni bloka atıb. O da öz növbəsində məcburiyyət qarşısında qalaraq cavabdeh barəsində AR DİN-nin “102” qaynar xəttinə zəng edərək ondan şikayət edib. Ondan sonra ona zəng edərək Ağdaş RPŞ-nə şikayət ərizəsi yazmaq üçün dəvət ediblər. Bu səbəbdən də o Ağdaş RPŞ-nə gedərək cavabdeh X1 şikayət edib. Cavabdeh Bərdə rayonu Alpout kəndində qeydiyyatda olduğu üçün oradan da onu Bərdə RPŞ-müraciət etməyini tövsiyyə etdilər. O da öz növbəsində Bərdə RPŞ- nə gedərək təkrar hazırkı cavabdeh X4 barəsində şikayət edib və onun şikayəti əsasında cavabdeh Bərdə RPŞ-nə dəvət olunaraq orada izahatı alındı və izahatında tam olaraq onun haqlı olduğunu etiraf etdi (İzahatların surətinin ona verilməsini xahiş etsə də qeyd olunun materialı yalnız məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edə biləcəklərini bildirdilər. Odur ki, iş üçün əhəmiyyətli olduğu üçün həmin materialın Bərdə RPŞ-dən alınmasını məhkəmədən xahiş edir). Lakin orada şikayətin mülki xarakterli olduğu ona cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi tövsiyyə olundu. O cavabdeh X1 2250 manat məbləğində pulunu bu günədək məhkəmədən kənar qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Mübahisəni məhkəmə qaydasında həll olunmasını istəyir. Ona görə də, cavabdeh X1 2250 manat məbləğində pulunun və 42,90 manat dövlət rüsumunun məhkəmə qaydasında tutulub ona verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını istəyir. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 3-13-68/2-Q-25499/25 saylı Bərdə RPŞ-nin məktubundan görünür ki, İddiaçı göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. Bərdə rayon Polis Şöbəsində verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Cavabdeh İddiaçı xəstə inəyi 2250 manata satdığını etiraf etmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 42.90 manat dövlət rüsumu ödənilmişdir. Fərdi baytar X3 tərəfindən tərtib edilmiş aktdaan görünür ki, Yuxarı Qaraxun kənd sakini İddiaçı aldığı inəyin yelinindəki 4 ədad məmədən birinin kor olduğunu təyin edib. xx.xx.2025-ci il tarixli qəbzdən görünür li iddiaçı məhkəmədə iddia qaldırılması üçün 42.90 manat dövlət rüsumu ödəmişdir. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, cavabdeh Bərdə rayon Polis Şöbəsində vermiş olduğu izahatda İddiaçı xəstə inəyi 2250 manata satdığını etiraf etmişdir. Belə ki, həmin inəyin günə 13 litr süd verə biləcəyini qeyd etmiş, bu hala cavabdeh olduğunu göstərmişdir. Həmin inək qüsurlu olduğundan alıcının qaytarmaq istədiyini bilmiş, lakin pulu qaytara bilmədiyindən bu baş tutmamışdır. Cavabdeh 2250 manat məbləğində pul və 42.90 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2250 (iki min iki yüz əlli) manat məbləğində pul və 42.90 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar