Məhkəmə qərarları › İş №2(021)-3305/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3305/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3305/2021 24.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi katibliyi İddiaçı X2 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh iribuynuzlu heyvanların alverini etmək adı ilə ondan 10000 manat məbləğində pul almışdır. Bir müddət sonra cavabdeh ona bildirmişdir ki, heyvanların alqı-satqısında ziyan etmişdir. Buna görə də pulunu ondan tələb etmişdir. Samir ondan aldığı pulun 7500 manatını qaytarmış, qalan hissəsini isə qısa müddətdə qaytaracağına söz vermişdir. Lakin söz verdiyi vaxtda pulu qaytarmadığından Bərdə rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bərdə rayon Polis şöbəsinin təhqiqatçısı ərizəsi üzrə araşdırma apararaq, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar çıxarmışdır. Həmin qərarın surəti ona göndərilməklə işin mülki xarakterli olması və aidiyyəti üzrə məhkəməyə iddia vermək hüququnun olması izah olunmuşdur. Cavabdeh təhqiqatda verdiyi izahatında həqiqətən də ondan 10000 manat məbləğində pul almasını, pulun bir hissəsini qaytarmasını bildirmş və 2400 manatını isə qaytaracağını vəd vermişdir. Həmin qərarın qəbul olunmasından 8 ay keçməsinə baxmayaraq cavabdeh yenə də vədinə əməl etməmiş və pulunu qaytarmamışdır. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Bərdə rayon Polis şöbəsinə verdiyi 21.01.2021-ci il tarixli izahatında göstərmişdir ki, Göygöl rayonunda yaşayan İddiaçı təxminən 13-14 ildir ki, tanıyır. Onunla heç bir qəsdi qərəzliliyi və düşmənçilyi yoxdur. Təxminən 2 il əvvəl Rəşad ona birgə iş görməyi təklif etmiş və ona Bərdə rayonunda iri buynuzlu heyvanların təsərrüfatı ilə məşğul olmaq və həmin heyvanları Bakı şəhərində olan qəssablara göndərməklə pul qazanmağın mümkün olduğunu bildirmişdir. Ona tanışı Ramin adlı şəxsdən pul götürəcəyini və həmin pulla iri buynuzlu heyvanların alqı satqısı ilə məşğul olub pul qazanmaq mümkün olduğunu bildirmişdir. Rəşadın təklifi ilə razılaşmışdır. Bundan sonra Göygöl rayonunda Rəşad və Ramin adlı şəxslərlə görüşmüş və orada olarkən Ramin onun yanında Bakı şəhərində olan qəssablarla danışmış və onlar razılığa gəlmişlər ki, Bərdə rayonunda iri buynuzlu heyvanları alıb Bakı şəhərinə göndərəcək. Bunun üçün Ramın adlı şəxs Rəşadın iştirakı ilə ona 10000 manat pul vermiş və onlar alverə başlamışlar. Bundan sonra qardaşı ilə Maislə birgə Bərdə rayonunda yerləşən malqara bazarına getmiş və oradan bir neçə dəfə müxtəlif vaxtlarda iri buynuzlu heyvan almış və həmin heyvanları Bakı şəhərinə göndərmişdir. Lakin sonradan Bakı şəhərində olan şəxslər həmin göndərdiyi heyvanların çəkisinin az olduğunu bildirmiş və heyvanın pulunu az göndərmişlər. Onlar təxminən 2 ay birgə iş gördükdən sonra görmüşdür ki, alverdə ziyan edirlər. Buna görədə Rəşada zəng edib ziyan etdiklərini və alverin zəif olduğunu bildirmiş və Raminin göndərdiyi puldan 6000 manat pulu Bərdə rayonunda onlara geri qaytarmışdır. Həmin vaxtdan təxminən 2 ay sonra Raminə 1600 manat pulu kredit götürüb vermişdir. Bundan sonra onlara təklif etmişdir ki, oturub ziyanlığı birgə hesablayaq öz aralarında ziyanlığı qarşılasınlar. Lakin həmin vaxt həmin şəxslər ziyanlığı onun etdiyini və buna görədə onun həmin pulu ödəməli olduğunu bildirmişlər. Bundan sonra Rəşadla aralarında yaxşı münasibətlər olduğu üçün həmin 2400 manat pulu qaytaracağını bildirmişdir. Hal-hazırda da həmin 2400 manat pulu Ramin adlı şəxsə qaytarmaq niyyətindədir. Lakin hazırda maddi çətinlikləri olduğundan pulu qaytara bilmir. Yaxın müddət ərzində Ramin adlı şəxsin 2400 manat pulunu geri qaytaracaq. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. X4 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iş materiallarındakı sənədləri araşdıraraq müəyyən etdi ki, iddiaçı X3 iddia ərizəsində Cavabdeh mal-qara alveri etmək üçün 10000 manat məbləğində pul verdiyini, sonuncunun borclu olduğu puldan 7500 manatını qaytardığını, lakin borclu qaldığı 2500 manat pulu hazırkı vaxtadək qaytarmadığını qeyd etsə də iş materiallarında olan cavabdehin Bərdə rayon Polis şöbəsində verdiyi izahatından müəyyən olunur ki, cavabdeh 10000 manat pulu iddiaçıdan deyil Ramin adlı şəxsdən almış, həmin puldan 6000 manat bir dəfə, 1600 manat isə bir dəfə, cəmi 7600 manat pulu Raminə qaytarmışdır. Cavabdeh hazırda Ramin adlı şəxsə 2400 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddiçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar