Məhkəmə qərarları › İş №2(021)-334/2021

Bərdə Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(021)-334/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-334/2021 05.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh əsas borc üzrə 1933,00 manat, faiz borcuna görə 453,00 manat, cəmi 2386,00 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 22.01.2020-ci il tarixli **********0431 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri, ailə kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nəğdsiz qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin 22.01.2020-ci il tarixli, **********0431 saylı kredit müqaviləsi, COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli sərəncamına müvafiq olaraq 18.06.2020-ci il tarixli **********0142 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1933,00 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. Sazişin 5-ci bəndinə əsasən, əsas müqavilə üzrə və ya yeni zamin(lər) olduğu halda, həmin zamin(lər) bu sazişi imzalamaqla əsas müqavilə üzrə götürdüyü zaminlik öhdəliklərinin bu saziş ilə müəyyən edilmiş şərtlərə münasibətdə də davam etdiyini təsdiq edirlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 05.10.2020-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh borc məbləği əsas borc üzrə 1933,00 manat, faiz borcuna görə 453,00 manat, cərimə borcuna görə 00,00 manat, cəmi 2386,00 manat təşkil edir. İddiaçı "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatının Məhkəmə işləri üzrə hüquqşunası Ramil Heydərov məhkəməyə məktub göndərərək Cavabdeh məhkəmə baxışında iştirak edə bilmədiyi halda məhkəmə baxışına onların iştirakları olmadan baxılmasına etirazlarının olmadığını, iddialarını müdafiə etdiyini və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatının Məhkəmə işləri üzrə hüquqşunası Ramil Heydərov məhkəməyə göndərdiyi məktubda mülki işə qiyabi baxılmasını məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 22 yanvar 2020-ci il tarixli **********0431 nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən borcluya biznes məqsədləri, ailə kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22.01.2020-ci il tarixli **********0431 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair **********0142 saylı 18.06.2020-ci il tarixli sazişdən müəyyən olunur ki, bu restrukturizasiya ilə tərəflər arasında bağlanmış əsas müqaviləyə aşağıda qeyd edilən dəyişikliklər barədə razılığa gəlirlər: -müqavilə üzrə bu sazişin imzalandığı tarixə əsas qalıq borc məbləği: 1933 manat. -sazişin bağlandığı tarixdən etibarən sazişin 1-ci maddəsində göstərilən qalıq məbləğinə 28% dərəcəsi ilə faizlər hesablanacaqdır. -bu sazişin 1-ci maddəsində göstərilən məbləğ 17 ay müddətinə tamamilə ödəniləcəkdir. -bu saziş əsas müqavilənin tərkib hissəsi hesab edilir, əsas müqavilə ilə müəyyən edilmiş və hazırkı saziş ilə dəyişdirilmiş şərtlərə münasibətdə bu sazişin şərtləri üstünlük təşkil edir, əsas müqavilə və onun bütün digər şərtləri öz qüvvəsini saxlayır. -əsas müqavilə üzrə və ya yeni zamin(lər) olduğu halda, həmin zamin(lər) bu sazişi imzalamaqla əsas müqavilə üzrə götürdüyü zaminlik öhdəliklərinin bu saziş ilə müəyyən edilmiş şərtlərə münasibətdə də davam etdiyini təsdiq və qəbul edir. İş materiallarında olan 05 oktyabr 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 05 oktyabr 2020-ci il tarixə 1933,00 manat əsas kredit borcu, 453,00 manat faiz borcu, cəmi 2386,00 manat borcu vardır. İş materiallarında olan 14 oktyabr 2020-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 22 yanvar 2020ci il tarixli, **********0431 saylı kredit müqaviləsinə əsasən ona verilmiş 2000 manat məbləğində krediti vaxtında icra etmədiyindən, hazırda onun 1933,00 manat əsas, 453,00 manat faiz borcu olmaqla cəmi 2386,00 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 2000 manat məbləğində kredit alması və həmin kredit üzrə 1933,00 manat əsas, 453,00 manat faiz borcu olmaqla cəmi 2386,00 manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 22 yanvar 2020-ci il tarixli, **********0431 saylı kredit müqaviləsi üzrə yaranmış 1933,00 manat əsas, 453,00 manat faiz borcu olmaqla cəmi 2386,00 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 2000 manat məbləğində kredit alması və həmin kredit üzrə 1933,00 manat əsas, 453,00 manat faiz borcu olmaqla cəmi 2386,00 manat borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 238, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ : İddiaçı "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1933,00 manat əsas, 453,00 manat faiz borcu olmaqla cəmi 2386,00 (iki min üç yüz səksən altı) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMM Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qiyabi qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar