Məhkəmə qərarları › İş №2(021)-336/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-336/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-336/2025 17.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh naturada 2 baş iribuynuzlu (balalı) malın, olmadığında isə mütəxəssis rəyi ilə qiymətləndirilmiş malın dəyəri 2800 manat pulun və 49 manat ödədiyi dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, cavabdeh onun gəlini olmuşdur. Onun övladından əmlak tələb etdiyi vaxt öz aralarında razılaşaraq 2 baş iri buynuzlu (balalı) mal qaranı ona vermişdir ki, götürdükləri krediti inəkləri sataraq ödəsin. O da həmin inəkləri mənimsəmişdir. Lakin cavabdeh 2800 manat olan 2 baş iribuynuzlu (balalı) malı ondan alaraq, ona narahat olmamasını və heçnə tələb etməyəcəyini bildirmişdir. İnəkləri satdıqdan sonra, məhkəmədə iddia qaldıraraq onlardan kredit pulunu və qızılı tələb etmişdir. Kredit məbləğinin əvəzi olaraq ona iki baş iribuynuzlu (balalı) inək verilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Audio və video yazı olmaqla keçirilən məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, heyvanları atası ilə satmış və dəyəri 2300 manat olmuşdur. 850 və 1000 manatını kreditə ödəmişdir. 450 manat pulu isə övladının saxlanmasına sərf etmişdir. Məhkəmədən iddiaya mahiyyəti üzrə baxılmasını və iddianın rədd edilməsi barədə yekun məhkəmə aktının çıxarılmasını xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli KARABAKH CONSULTİNG GROUP MMC –nin mütəxəssis rəyindən görünür ki, qiymətləndirmə zamanı istifadə olunan materiallara əsasən 2 baş iribuynuzlu mal qaranın (balalı) cəmi bazar qiyməti cəmi 2800 (iki min səkkiz yüz) manat təşkil edir. xx.xx.2024 saylı 859 nömrəli arayışdan görünür ki, X1 rayon Güloğlular İƏD Şorəlli kəndində yaşayır. Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Bərdə rayonu Şorəlli kəndində yaşayır. xx.xx.2022-ci il tarixli Bərdə Rayon Məhkəməsinin e-2(021)-2782/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilməsi, iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(021)-2782/2022 nömrəli qətnaməsi qismən- birgə nikah dövründə götürülmüş kredit məbləğinin yarı dəyəri olan 2736 manat alınaraq iddiaçı Cavabdeh verilməsi hissəsində dəyişdirilməsi və birgə nikah dövründə götürülmüş kredit müqaviləsi üzrə borcun ödənilməmiş qalan 2398.76 manat hissəsinin, yarısı 1199.38 ( min yüz doxsan doqquz manat otuz səkkiz qəpik) manat cavabdeh X2 alınıb iddiaçı Cavabdeh verilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Kapital Bank ASC-nin xx.xx.2020-ci il tarixli GTKR 2078456A137 nömrəli kredit müqailəsinin ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən hər ay banka 144.33 manat ödənilməlidir. Kapital Bank ASC-nin çıxrışından görünür ki, xx.xx.2020-ci il tarixli GTKR 2078456A137 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 1000 manat və xx.xx.2022-ci il tarixdə 850 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki cavabdeh audio və video yazı olmaqla həyata keçirilən məhkəmə iclasında iddianı qismən etiraf edərək iki baş iribuynuzlu mal-qaranı qaynatasının iştirakı ilə onlara məxsus həyətyanı hissədə əvvəlcədən dəvət edilmiş şəxslərə 2300 manata satdığını və həmin vəsaitin tam şəkildə ona çatdığını bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə 1000 manat və xx.xx.2022ci il tarixdə 850 manat iddiaçı tərəfindən iddia ərizəsində mübahisələndirilən birgə nikah dövründə əldə edilmiş kreditə dair ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Həmin vəsaitlərin ödənilməsi xx.xx.2020-ci il tarixli GTKR 2078456A137 nömrəli kredit müqaviləsi üzrə çıxarışa əsasən sübut olunur. Yerdə qalan 450 manat məbləğində pulu isə Cavabdeh övladının saxlanılmasına sərf etdiyini məhkəmənin nəzərinə çatdırmışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, təmin olunan hissəyə münasibətdə 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulamalıdır. Göstərilənlərə əsasən, Cavabdeh 450 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh 450 (dörd yüz əlli) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin.

3. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.

4. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar