Məhkəmə qərarları › İş №2(021)-339/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-339/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-339/2023 27.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Qarayeva Pərvanə Əhməd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 784 manat məbləğində 40 kisə korbomit gübrəsinin, 4225 manat dəyərində 65 kisə selitra (Gürcüstan istehsalı), 2.380 manat dəyərində 34 kisə Nitroamafos-161616 gübrəsinin naturada qaytarılması, naturada qaytarılması mümkün olmadıqda isə bu məhsulların cəmi dəyəri olan 7.389 manat pulun və 94 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş mineral gübrələr satır. 2021- ci ilin fevral-mart aylarında əvvəllər tanıdığı, bir neçə dəfə nisyə gübrə götürüb sonradan pulunu vermiş Bərdə rayon Piyadalar kənd sakini, əvvəllər Bərdə rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsində işləmiş Cavabdeh işlədiyi gübrə mağazasına gələrək, bildirmişdi ki, çox sahədə taxıl əkib ancaq gübrə almaq üçün hazırda vəsaiti yoxdur. Buna görə də ona 2021-ci ilin taxıl (iyun-iyul aylarında) biçinində pulunu ödəmək şərtilə 40 kisə korbomit (40 x 19.60 man. =784 manat). 65 kisǝ selitra (Gürcüstan istehsalı) (65x 65 man. 4225 manat), 34 kisə Nitroamafos-161616 (34 x 16 man. =2380 manat olmaqla cəmi 7.389 manat məbləğində gübrəni ona verməyini xahiş etmişdir. O da ona inanaraq və əvvəllər də bu qaydada nisyə gübrə alması və sonradan pulunu ödəməsini nəzərə alaraq yuxarıda qeyd edilən məbləğdə gübrəni ona vermişdir. Cavabdeh vəd etdiyi müddət başa çatmasına baxmayaraq pulu ödəməmiş və bundan sonra da dəfələrl müraciət etsəm də borcu ödəməkdən yayınmışdır. Cavabdehin aladatma və etibardan sui-istifadə etmək yolu ilə gübrə məhsulunu ələ keçirməsi barədə Bərdə rayon Polis Şöbəsinə yazdığı ərizə üzrə araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh borcunun olmasını bildirsə də pulu ödəyə bilmədiyini bildmişdir. Ərizəsi əsasında Bərdə rayon Polis Şöbəsindən verilmiş məktubla məsələnin mülki mübahisə olduğu bildirilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Lakin o, məhkəməyə ərizə göndərərək iddia tələbinin dəlillərinə münasibət bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşdə işdə iştirak edən şəxslərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA №3890687 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli №41-07 nömrəli Məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində FG Kemistri QSC' nin təklif etdiyi qiymətlər aşağıdakı kimidir. Ammonium Nitrat (Rustavi Azot) - 1300 AZN/ton NPK 16-16-16 (Evroxim) -1400 AZN/ton Karbamid (SOCAR)- 540 AZN/ton Mülki işə əlavə olunmuş Bərdə rayon Polis Şöbəsindən daxil olmuş materiallardan görünür ki, Bərdə rayon, Mirzəxan kəndində yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, 2021-ci ilin fevral-mart aylarında əvvəllər tanıdığı, Bərdə rayonu Piyadalar kəndində yaşayan Cavabdeh onun işlədiyi gübrə mağazasına gələrək cəmi 7209 manat dəyərində müxtəlif gübrələri nisyə aldığını, lakin pulunu ödəmədiyini bildirərək, onun barəsində tədbir görülməsini və vurulmuş ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Araşdırma zamanı barəsində şikayət etdiyi Cavabdeh izahatında 2022-ci ilin əvvəllərində İddiaçı məxsus bitki (gübrə) mağazasından 3670 manat dəyərində azot gübrəsini götürdüyünü və hazırda da borcunu ödəyə bilməyəcəyini, həmin məbləği subsidiya verilən zaman ödəyəcəyini qeyd etmişdir. X1 müraciətində göstərilən xüsusatlar mülki xarakteli olduğu üçün materialın RPŞ-nin dəftərxanasında işə alınmasını məqsədə müvafiq hesab edilmişdir. Mülki işə əlavə edilmiş və məhkəməyə göndərilmiş Cavabdeh ərizəsində qeyd olunur ki, “İddiaçı məndən məhkəmədə pul tələb etməsi tam əsassızdır. Belə ki, 2020-ci ildə mənim qardaşım oğlu Hafizlə şərikli olaraq rayonun Əyricə kəndində tanışı olan Toğrul adlı şəxsdən icarǝyǝ 15 hektar torpaq sahəsi götürüb, taxıl və qarğıdalı əkmişdik. Əkin zamanı torpağa vermək üçün ( 60 kisə azot, 1 kisənin qiyməti 18 manat və 20 kisə amafoz, 1 kisənin qiyməti 29 manat) cəmi 1.660 manat dəyərində kübrəni qardaşım oğluna tanışı olan İddiaçı vermişdir. Torpaq sahibi ilə Hafizin arasında icarə müqaviləsi olamdığından subsidiya verilməmişdir. Ona görə həmin kübrənin pulu Hafiz tərəfindən ödənilməmişdir. Mən Rasimi tanımadığım halda nədənsə Rasim Hafizi yox məni məhkəməyə vermişdir. Bildirirəm ki, Rasim təxminən bir il əvvəldə mənim barəmdə polisə şikayət etmiş və 8.000 manat məbləğində bizə gübrə verilməsini bildirmişdir. Bildirirəm ki mən əvvəllər Rasimdən hansı məbləğdə kübrə götürməyimizi soruşanda, o qiyabi olaraq heç bir qanuni ( sənəd, faktura, qaimə) olmadan 3.670 manat olduğunu demişdir. Məndə onun qiyabi olaraq dediyinə görə 3.670 manat olduğunu düşündüm. Sonradan öyrəndim ki, bu Rasimin öz şəxsi qiymətləndirilməsidir, çünki o dediyi məbləğdə 15 yox 50 hektar gübrə almaq olar. Və sonra bildirirəm ki, gübrəni mənə yox qaradaşım oğlu Hafizə verib, bu günədək gübrənin pulunun ödənilməsində səbəbi Rasimin Hafizə verdiyi gübrənin bir neçə dəfə artıq hesablaması və heç bir qanuni sənədin olmaması (qaimə, faktura) rəsmi aralarında olmamışdır.” Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 93 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia ərizəsində iddiaçı 784 manat məbləğində 40 kisə korbomit gübrəsinin, 4225 manat dəyərində 65 kisə selitra (Gürcüstan istehsalı), 2.380 manat dəyərində 34 kisə Nitroamafos-161616 gübrəsinin naturada qaytarılması, naturada qaytarılması mümkün olmadıqda isə bu məhsulların cəmi dəyəri olan 7.389 manat pulun tutulmasını xahiş etmişdir. Cavabdeh isə polis şöbəsində izahat verərkən 2022-ci ilin əvvəllərində İddiaçı məxsus bitki (gübrə) mağazasından 3670 manat dəyərində azot gübrəsini götürdüyünü və hazırda da borcunu ödəyə bilməyəcəyini, həmin məbləği subsidiya verilən zaman ödəyəcəyini qeyd etmişdir. Həmçinin hazırkı mülki iş üzrə cavabdeh məhkəməyə göndərilmiş ərizəsində isə qeyd etmişdir ki, 2020-ci ildə qardaşı oğlu Hafizlə şərikli olaraq rayonun Əyricə kəndində tanışı olan Toğrul adlı şəxsdən icarǝyǝ 15 hektar torpaq sahəsi götürüb, taxıl və qarğıdalı əkmişlər. Əkin zamanı torpağa vermək üçün ( 60 kisə azot, 1 kisənin qiyməti 18 manat və 20 kisə amafoz, 1 kisənin qiyməti 29 manat) cəmi 1.660 manat dəyərində gübrəni qardaşı oğluna tanışı olan İddiaçı vermişdir. Torpaq sahibi ilə Hafizin arasında icarə müqaviləsi olamdığından subsidiya verilməmişdir. Ona görə həmin gübrənin pulu Hafiz tərəfindən ödənilməmişdir. Rasimi tanımadığı halda nədənsə Rasim Hafizi yox onu məhkəməyə vermişdir. Rasim təxminən bir il əvvəldə onun barəsində polisə şikayət etmiş və 8.000 manat məbləğində onlara gübrə verilməsini bildirmişdir. O, əvvəllər Rasimdən hansı məbləğdə gübrə götürməyi soruşanda, o qiyabi olaraq heç bir qanuni ( sənəd, faktura, qaimə) olmadan 3.670 manat olduğunu demişdir. O da onun qiyabi olaraq dediyinə görə 3.670 manat olduğunu düşünmüşdür . Məhkəmə cavabdehin polis şöbəsinə və məhkəməyə göndərilən izahatları arasında ziddiyətli məqamları müəyyən etdi. Belə ki, polisdə borclu olduğunu etiraf edir, məhkəməyə göndərmiş ərizədə isə gübrənin qardaşı oğluna verildiyini bildirir. Bu halı aydınlaşdırılmaq üçün məhkəmə iclasında ona zəng olunmuş, məhkəməyə gəlməli olması bildirilmiş, işi olduğundan gələ bilməyəcəyini bildirmişdir. Odur ki, məhkəmə o qənaətə gəlir ki, cavabdeh iddiaçıya borcludur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. MPM-nin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsində iddia ərizəsində iddiaçı 784 manat məbləğində 40 kisə korbomit gübrəsinin, 4225 manat dəyərində 65 kisə selitra (Gürcüstan istehsalı), 2.380 manat dəyərində 34 kisə Nitroamafos-161616 gübrəsinin naturada qaytarılması, naturada qaytarılması mümkün olmadıqda isə bu məhsulların cəmi dəyəri olan 7.389 manat pulun tutulmasını xahiş etmişdir. İddiaçının polisə şikayətində isə gürcüstan azotu 3965 manat olmasını bildirmiş, cavabdeh isə azot gübrəsini aldığını və məbləğinin 3670 manat olduğunu etiraf etmişdir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Cavabdeh tərəfindən polis şöbəsində verdiyi izahat nəzərə alınmaqla, iddia tələbi qismən təmin olunaraq, Cavabdeh 3670 manat dəyərində Gürcüstan istehsalı olan azot gübrəsi, həmin gübrəni naturada almaq mümkün olmadıqda dəyəri 3670 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 93 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbi qismən təmin edilsin. Cavabdeh 3670 manat dəyərində Gürcüstan istehsalı olan azot gübrəsi, həmin gübrəni naturada almaq mümkün olmadıqda dəyəri 3670 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilməmiş 93 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar