Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-34/2025 04.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bərdə rayon Nəcəfqulubəyli kənd sakini Cavabdeh dələduzluq yolu ilə ələ keçirdiyi 7200 manat pulun və ödənilmiş 92 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaxın tanışı olan Ağdam rayon sakini X2 xüsusi mülkiyyətində ünvan 1 ünvanında ümumi sahəsi 23.90 kv.m olan yaşayış mənzili var. Qeyd etdiyi mənzilə 12 noyabr 2019-cu il tarixdə ********** saylı qeydiyyat nömrəsilə qeydə alınmış Çıxarış da verilmişdir. Rita Tarverdiyevanın yeni almış olduğu mənzilin təmirə ehtiyacı olduğu üçün mənzili təmir etdirmək qərarına gəlmişdir. Bunun üçün də İnstagram adlı sosial şəbəkədən evi təmir edən şəxslər axtarmağa başlayıb. Bu zaman qarşısına təmir şirkəti çıxıb və həmin şirkəti Cavabdeh istifadə edirdi. Şirkətin adı isə Məmmədoğlu Group MMC-dir. Rita Tarverdiyeva sosial şəbəkə vasitəsilə tapmış olduğu şirkət ilə əlaqə saxlayıb və mənzilin yeni dizayn ilə təmir olunmasını bildirmişdir. Bu zaman Cavabdeh ilə öz aralarında razılığa gəlmişlər. Rita Tarverdiyeva tez-tez işi ilə əlaqədar Türkiyəyə gedib gəldiyi üçün ona bütün işlərini görmək üçün etibarnamə vermişdir. Rita Tarverdiyeva ona etibarnamə verdiyi üçün Cavabdehla müqaviləni o bağlamışdır. Cavabdehla aralarında 16 iyul 2021-ci il tarixli 50 saylı Xidməti Müqavilə bağlamışdır. Görüləcək işlərin qarşılığında Cavabdeh təmir şirkətinə 11700 manat ödənilməli idi. Rita Tanrıverdiyeva evin təmiri üçün ona 7200 manat pul vermişdir, o da Cavabdeh 7200 manatı ödəmişdir. Ödəniş isə onunla Cavabdeh arasında Asan Xidmət Mərkəzinin notariat ofisində bağlanmış podrat müqaviləsinə əsasən verilibdir. Müqavilədə ilk öncə 5000 manat, ev təmir olunduqdan sonra isə 6700 manat ödəniləcəyi qeyd edilmişdir. Müqavilədə ilkin ödəniş olaraq 5000 manat qeyd edilsə də cavabdehə hissə-hissə Rita tərəfindən 7200 manat pul ödənilmişdir. Ödənişlərin hər birini o cavabdehə vermişdir. Rita pulu ona verdi ki, o cavabdehə çatdırsın. Verilmiş pula cavabdeh evi təmir edəcəkdi. Lakin, cavabdeh və işçiləri Rita Tarverdiyevanın evində təxminən 2-3 gün işləyərək evi tamamilə yararsız hala saldılar. Cavabdeh evi vaxtında və keyfiyyətlə təmir edib başa çatdırmadı. Dəfələrlə İlkinlə əlaqə saxlayıb evin təmir etməsini yaxud təmir etmədiyi halda müqaviləni ləğv edib müqavilə əsasında vermiş olduqları 7200 manat pulun geri qaytarılmasını bildirsələr də hər dəfə verməkdən imtina etmişdir. Cavabdeh şirkəti tərəfindən mütəxəssis gəlmiş və evə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Cavabdeh işçiləri tərəfindən evə 3000 manatlıq xərc çəkilmişdir. Bu vaxta qədər hər dəfə cavabdehdən borclu olduğu 7200 manat pulun verilməsini tələb etməyinə baxmayaraq hər dəfə verməkdən imtina etmişdir. Bu barədə Bərdə Rayon Polis Şöbəsinə müraciət etsə də məsələ mülki xarakterli olduğundan heç bir nəticəsi olmamışdır və məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iddiaçının nümayəndəsini dinləyib iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İşdə olan xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı 92 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 14131986 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1979-cu ildə Qazaxıstanda doğulmuş, Ağdam rayonu, Yeniqaralar kəndində qeydiyyatdadır. İş materiallarında olan Ağdam Rayonu İcra Hakimiyyəti Başçısının Yeni Qaralar kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli, 17 nömrəli arayışdan görünür ki, X1 rayonu, Yeni Qaralar kəndində daimi pasport qeydiyyatındadır, məcburi köçkündür və hal-hazırda Bakı şəhəri Yasamal rayonunda müvəqqəti məskunlaşmışdır. İşdə olan ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan və xx.xx.2019-cu il tarixli mənzilə dair Texniki Pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 23.90 kv.m olan mənzil X2 xüsusi mülkiyyətindədir. İşdə olan “İcraçı” "xxxx" MMC, Direktor Cavabdeh şəxsində və “Sifarişçi” İddiaçı arasında bağlanmış Tikinti-təmir işləri barədə 16 iyul 2021-ci il tarixli 50 saylı Xidməti Müqavilədən görünür ki, Sifarişçi 42 kv.m yaşayış evinin təmiri və 20 kv.m-lik tikinti xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada 42 kv.m yaşayış evinin təmiri və 20 kv.mlik tikinti işlərinin aparılmasını öhdəsinə götürür. Görüləcək işlərin qarşılığında 11.700 (on bir min yeddi yüz) manat məbləğ ödənilməlidir. İşdə olan “Birinci tərəf” İddiaçı və “İkinci tərəf” Cavabdeh arasında notarial qaydada bağlanmış 16 iyul 2021-ci il tarixli podrat müqaviləsindən görünür ki, “İkinci tərəf” öz materiallarından istifadə etməklə ünvan 5 ünvanlı 42 kv.m mənzili təmir edərək yaşayış üçün tam hazır vəziyyətdə təhvil verməyi, “Birinci tərəf” isə həmin mənzili qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürür. Müqavilə üzrə təhvil veriləcək mənzilin təmir işlərinin ümumi dəyəri 11700 manat təşkil edir. “Birinci tərəf” həmin məbləğin 5000 manatını müqavilə bağlandığı gün ödəyir, qalan 6700 manatı isə 2 ay ərzində xx.xx.2021-ci il tarixədək ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin rəisi Muradəli Babayev tərəfindən X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli 138-13732 saylı məktubdan görünür ki, DİN-in 102 xidmətinə daxil olmuş müraciətə cavab olaraq bildirilir ki, müraciətdə göstərilən xüsusiyyətlər mülki xarakterli olduğundan və mülki xarakterli məsələlər məhkəmə orqanlarının səlahiyyətində olduğu üçün məhkəməyə müraciət etmək hüququnun olması bildirilir. İşdə olan Bərdə RPŞ-nin rəisinə Cavabdeh tərəfindən ünvanlanmış izahatın surətindən görünür ki, Rita Tarverdiyevanın şikayəti ilə bağlı bildirmişdir ki, o, Məmmədoğlu Group MMC-də direktor işləyir. Müqaviləni Eminlə bağlamışdır. Məqsəd evin tikintisi və təmiri ilə bağlı idi. O təmir üçün Emindən 7200 manat pul aldığını və mənzilə 6800 manatlıq xərc çəkildiyini (xərcləndiyini) etiraf etmişdir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin çoxsaylı müxtəlif tarixli məlumatlarından görünür ki, evə çəkilmiş xərcin dəyəri və təmirin qüsurlu olub olmamasının müəyyən edilməsi üçün iş üzrə dəfələrlə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də ekspertizanın aparılmasından imtina edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7200 manat pulun və 92 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 764.2-ci maddəsinə əsasən sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir və bu səbəbdən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində təmir tikinti işləri ilə bağlı cavabdehə 7200 manat pul verdiyini qeyd edir. Cavabdeh polisə verdiyi izahatında təmir işləri üçün iddiaçıdan 7200 manat pul aldığını etiraf edir. Lakin, iddiaçı iddia ərizəsində Cavabdeh şirkətinin mütəxəssisi tərəfindən mənzilə baxış keçirilərək mənzilə 3000 manatlıq xərc çəkildiyini qeyd etmişdir. Cavabdeh isə polisə verdiyi izahatında mənzilə 6800 manat dəyərində xərc çəkildiyini (xərcləndiyini) qeyd etmişdir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, həm iddiaçı, həm də cavabdeh mənzilin təmir edildiyini və təmirlə bağlı xərc çəkildiyini qeyd etmişlər, lakin iş materialları ilə təmirin qüsurlu olması və təmirə nə qədər xərc çəkilməsi müəyyən edilə bilməmişdir. Bununla bağlı məhkəmənin dəfələrlə ekspertiza təyin etməsinə baxmayaraq ekspertiza keçirilməsindən imtina edilmiş və iş üzrə ekspert rəyinin verilməsi mümkün olmamışdır. Mənzilin təmirinə nə qədər vəsait sərf edilməsini sübut etmək yükü isə iddiaçının üzərinə düşür. İddiaçı isə bunu sübut etmədiyindən məhkəmə cavabdehin 6800 manatlıq xərc çəkilməsi ilə bağlı qeydinə əsaslanaraq hesab edir ki, mənzilin təmiri üçün 7200 manat pul alınaraq cavabdehin qeydinə əsasən təmirə 6800 manat xərc çəkilmişdirsə, yerdə qalan 400 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 92 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 92 manat dövlət rüsumunun 4 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, geri qalan 88 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası qismən təmin edilsin. Cavabdeh 400 manat və 4 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 88 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-34/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-34/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver