Məhkəmə qərarları › İş №2(021)-341/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-341/2025

09.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-341/2025 09.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi və pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan “MAZ” markalı qazma qurğulu maşınla bağlı vurduğu maddi ziyan 12.590 manat, “Mersedes benz 190 minik” markalı avtomobilə vurduğu maddi ziyan 1300 manat olmaqla, cəmi 13.890 manat, Rusiyadan xx.xx.2022-ci ildə göndərilən pul- 676 + xx.xx.2022-də göndərilən pul 1690 manat, olmaqla cəmi 2366 manat pul, 3 subartezian quyusunun qazılmasından əldə olunan qazancdan iddiaçıyan düşən pay 4563 manat pul, əldən çıxmış faydaya görə 25.000 manat pulun, ümumilikdə 45.819 manat pulun, habelə məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 227,50 manat dövlət rüsumunun tutulub xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə qohumuq və yaxın münasibətləri var. Cavabdeh subartezian quyularının qazılması sahəsi üzrə işləyir. 2022-ci ildə cavabdeh təklif etmişdir ki, “subartezian quyusu qazan qurğusu maşını alıb ona versin, işlədib pul qazanıb, qazancını yarı bölsünlər”. Qohumu olduğu və yaxın münasibətləri olduğu üçün, habelə qeyd olunan sahədə işlədiyi üçün ona inanmış, 28 iyun 2022-ci il tarixdə Cavabdeh iştirakı və onun göstərdiyi adamdan 60.000 manat qiymətində subartezian quyusu qazan qurğusu ** EA *** “MAZ” markalı maşını alıb cavabdehə təhvil vermişdir. Göstərilən qiymətə alınmış maşın saz vəziyyətdə olub, Quba rayonundan alaraq Ağcabədi rayonuna gətirmişlər. Sonradan məlum olmuşdur ki, cavabdeh həmin maşını bazar qiymətindən xeyli baha, təxminən 20.000 manat artığına aldırmışdır. Belə ki, həmin vəziyyətdə olan maşının hazırkı bazar qiyməti təxminən 40.000 manatdır. Beləliklə, cavabdehlə şəriklilik haqqında razılığa gəlib fəaliyyətə başlamışlar. Maşın Ağcabədi rayonuna gətirildikdən sonra cavabdeh maşının yüngül təmirə ehtiyacı olduğunu bildirmiş və bunun üçün az miqdarda pul lazım olduğunu demişdir. Bunun üçün cavabdehə bir neçə dəfəyə maşının təmiriylə bağlı 1000 manat, 136 manat, 396 manat olmaqla, cəmi 1532 manat pul vermişdir. Daha sonra Rusiya federasiyasına getmiş, cavabdeh pul lazım olduğunu bildirmiş və Rusiyadan xx.xx.2022-ci ildə göndərilən pul - 676 manat + xx.xx.2022-də göndərilən pul 1690 manat olmaqla, cavabdehə cəmi 2366 manat pul göndərmişdir. 28 iyun 2022-ci il tarixdə aldığı həmin maşını, həmin tarixdə götürdüyü 65.000 manat kredit pulu hesabına almışdır. Hazırda da, kredit pulu üzrə faizləri ödəməkdədir. Eyni zamanda, artezian quyularının ayrı-ayrı rayonlarda qazılmasını nəzərə alıb cavabdehin gedib-gəlişini asanlaşdırmaq və ümumi işlərini səmərəliliyini artırmaq naminə özünə məxsus işlək vəziyyətdə olan “mersedes benz 190 minik” markalı avtomobilini baş etibarnamə verməklə cavabdehin istifadəsinə vermişdir. Lakin maşını alıb cavabdehə təhvil verdikdən təxminən 2 il müddət keçməsinə, həmçinin cavabdehin həmin maşınla bir neçə yerdə artezian quyusu qazmasına baxmayaraq, əldə olunmuş qazancdan, cavabdeh ona hər hansı miqdarda pul ödəməmişdir. Hətta bununla belə, cavabdehə təhvil verdiyi hər iki avtomobili lazımi texniki qulluq göstərilməməsi və baxımsızlıq üzündən yararsız hala salıb işlədiyi Şəmkir rayonunda atıb getmişdir. Hər iki maşın tərəfindən evakuatur vasitəsilə gətirilmişdir. Hansı ki, hər iki maşın cavabdehə işlək və saz vəziyyətdə təhvil verilmişdir. Cavabdeh ona təhvil verdiyi hər iki maşını Şəmkir rayonu ərazisində nasaz vəziyyətdə atıb getdikdən sonra 11 iyun 2024-cü il tarixdə gedib hər iki maşını evakuator vasitəsilə gətirib təmir etdirmişdir. “MAZ” markalı qazma qurğulu maşını alınarkən çəkdiyi xərclər bunlardır: xx.xx.2022-ci il tarixdə həmin avtomaşını almaq məqsədilə “Turan Bank”-nin Xaçmaz filialından 65.000 manat kredit götürüb həmin tarixdə qeyd olunan maşını 60.000 manat qiymətinə Quba rayonundan Ağcabədi rayonuna gətirilib. Kreditin nağdlaşdırılmasi üçün çəkilən xərc - 325 manat, maşının Quba rayonundan Ağcabədiyə gətirilməsi üçün evakuator xərci - 1450 manat, fəhlə xərci - 50 manat, etibarnaməyə ödənilən xərc - 70 manat, maşının qeydiyyatına çəkilən xərc - 550 manat, əlavə yol xərcləri maşının alınmasıyla bağli gedib-gəlmə xərcləri - 300 manat, hər iki maşının baş etibarnaməsinə çəkilən xərc - 60 manat, Cavabdeh verilən nəqd pul: 1000 manat, 136 manat, 396 manat olmaqla, cəmi 1532 manat, Rusiyadan xx.xx.2022-ci ildə göndərilən pul - 676 manat, xx.xx.2022-də göndərilən pul 1690 manat, olmaqla cəmi 2366 manat, 2 il sonra, 11 iyun 2024-cü il tarixdə Cavabdeh maşınları Şəmkir rayonu Çinarlı kəndində yararsız vəziyyətdə atıb getdikdən sonra maşınlara çəkilən xərclər: “MAZ” markalı qazma qurğulu maşına çəkilən xərclər: Evakuator (Dayman) xərci - 600 manat, 2ci evakuator xərci - 300 manat, 3-cü evakuator xərci - 300 manat, kran xərci - 60 manat, fəhlə xərci - 120 manat, kon xərci (maşını yükləmək üçün) - 40 manat, buldozer xərci (maşını düşürmək üçün) - 30 manat, əlavə yanacaq və yol xərci -550 manat, “MAZ” markalı qazma qurğulu maşının təmiri ilə bağlı ustaya və fəhləyə verilən zəhmət haqqı - 1350 manat, ehtiyat hissələrinin alınmasına çəkilən xərclər: açar - 70 manat, radiator - 50 manat, karobka - 750 manat, elavator- 140 manat, çanaq - 370 manat, sep - 280 manat, təkər - 320 manat, digər ehtiyyat hissələri -1110 manat, ehtiyyat hissələrinin alınması üçün çəkilən yol xərci - 600 manat, Hikmət ustaya verilən zəhmət haqqı - 450 manat, mero - 135 manat, benzin (qardaşı) - 10 manat, usta (4 yol) - 10 manat, pıs-pıs - 170 manat, çəkic - 10 manat, əlcək - 5 manat, salnik- 4 manat, germetika - 2 manat, kağız - 10 manat, mağaza - 20 manat, yağ - 35 manat, svarka -50+250 manat, tokar - 25 manat, axşam yeməyi - 32 manat, ev kirayəsi haqqı - 25 manat, Bərdə rayonuna getmək benzin - 15 manat, Tokar maşın bolt 110 manat, loqonda daşı - 7,5 manat, elektrod - 10 manat, traktor dükan bolt -55 manat, günorta yeməyi - 25 manat, Bərdəyə getmək 75+45 manat, axşam yeməyi - 25 manat, ev kirayə haqqı - 25 manat, Bolt kran sürən - 10 manat, remenlər - 34 manat, şayba yağ - 7 manat, səhər yeməyi - 20 manat, su - 15 manat, Bərdəyə getmək üçün benzin - 20 manat, karobka-poçemnik - 80 manat, tokar- 30 manat, Bolt - 11 manat, Hacıbədəllidə tokar-svarşik 80 manat, günorta yeməyi - 30 manat, axşam yeməyi - 35 manat, səhər yeməyi - 15 manat, günorta yeməyi -25 manat, mağazaya verilən pul - 16 manat, ustalara verilən zəhmət haqqı 200+200=400 manat, axşam yeməyi (Arzuman) -20 manat, ev kirayəsi -17 manat, tokar kardan - 40 manat, siqaret - 13 manat, yemək - 17 manat, axşam yeməyi - 17 manat, ev kirayəsi - 17 manat, səhər yeməyi - 10 manat, Hikmətə verilən pul - 30 manat, siqaret - 9 manat, dinamo - 100 manat, setka - 200 manat, yağ - 47 manat, filter -16 manat, praqladka - 10 manat, yemək - 30+20 manat, lom (mismarçıxaran), klematin kabeli - 14 manat, semura verilən pul - 35 manat, Hikmətə verilən pul - 200 manat, ev kirəsi pulu -10 manat, səhər yeməyi - 5 manat, günorta yeməyi - 8 manat, siqaret -4,50 manat, ev kirayə pulu - 10 manat, Yevlaxdan alınan güzgü, şlanklar, remen -85 manat, siqaret, su, axşam yeməyi - 19 manat olmaqla, ümumilikdə 10.590 manat xərc çəkmişdir. Həmçinin, maşının işlək vəziyyətə gətirilməsi üçün çəkiləcək əlavə xərc 2000 manat təşkil edir və beləliklə, cavabdeh “MAZ”markalı qazma qurğulu maşınla bağlı mənə cəmi 12.590 manat dəyərində maddi ziyan vurmuşdur. “Mersedes benz 190 minik” markalı avtomobilin təmirinə çəkilən xərclər: motorun təmiriylə bağlı ehtiyyat hissələrinin alınması və ustaya verilən zəhmət haqqı toplum - 1300 manat edir ki, cavabdehin mənə vurduğu maddi ziyan ümumilikdə 13.890 manat təşkil edir. Bundan başqa Cavabdeh 2 il ərzində “MAZ” markalı qazma qurğulu maşınla çoxsaylı subartezian quyusu qazıb gəlir əldə etmiş, lakin razılaşmamıza uyğun olaraq qazancı yarı bölməli olduğu halda bunu etməmiş, ona hər hansı məbləğ, ödəməmişdir. Cavabdeh özünün etirafına görə o, İmişli rayonunda quyu qazmış və həmin quyunun qazılmasından ona veriləsi qazanc 563 manat, təşkil etmişdir, lakin həmin pulu cavabdeh ona verməmişdir. Eyni zamanda cavabdeh Ağcabədi rayonu Ergi ərazisində qazdığı quyudan ona düşən qazancın 1000 manat olduğunu bildirsə də, həmin məbləği də ona verməmişdir. Həmçinin, Şəmkir rayon Çinarlı kəndində ikinci əldən qazılması üçün cavabdehə verilən quyunun qazılmasından ona düşən qazanc 3000 manat təşkil etmiş, lakin həmin pulu da ona ödəməmiş, beləliklə cəmi 4563 manat onun payıma düşən qazancı cavabdeh ona ödəməmişdir. Bundan başqa “MAZ” markalı qazma qurğulu maşın 2 il cavabdehdə olmuşdur, bir subartezian quyusunun qazılması yerindən asılı olaraq 15 gün və ya 1 ay müddətə başa gəlir. Hər artezian quyusunun qazılmasından xalis qazanc 5000-6000 manat təşkil edir. 2 il ərzində cavabdehin minimum 14-18 quyu qazması şübhəsizdir, yəni cavabdehin ona qazmasını etiraf etdiyi 3 quyudan əlavə 10 quyu qazması istisna deyildir, həmin 10 quyunun qazılmasına görə hər quyunun qazılmasına görə 5000 manat hesablanmaqla, 50.000 manat təşkil edir və payına düşən qazanc həmin məbləğin yarısı olmaqla 25.000 manat olmalıdır. Lakin cavabdeh həmin pulu ona ödəməmiş, əldə edəcəyi gəlirlərdən məhrum olunmuşdur. Beləliklə, Cavabdeh razılaşdırılmış şərtlərə uyğun olaraq öz öhdəliyini yerinə yetirməməsinə görə müəyyən qazancdan məhrum olunmuş, həmçinin mülkiyyətində olan maşınlara əsaslı şəkildə ziyan vurmuşdur. Odur ki, hesab edir ki, iddia tələbi təmin olunmaqla Cavabdeh şəriklik müqaviləsi üzrə birgə fəaliyyətdən əldə olunan qazancdan pay, həmçinin mülkiyyətində olan maşınlara vurulmuş ziyanın əvəzi, habelə iddia qaldırmaq üçün ödədiyi 227,50 manat dövlət rüsumunun əvəzi alınıb xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı göstərdi ki, iddia tələbi əsaslı və qanunidir. Belə ki, özünə məxsus subartezian quyusu qazan qurğusu ** EA *** “MAZ” markalı və “Mersedes benz 190 minik” markalı avtomobillərin 2022-ci ildə Ağcabədi rayonunda işlək vəziyyətdə cavabdehə təhvil verməsi, həmin avtomobillərin 2024-cü ilin iyun ayına qədər, yəni 2 il müddətində cavabdehin istifadəsində olması toplanmış və məhkəmə iclasında tədqiq olunmuş onunla cavabdehin telefon danışıqlarının səs yazısı, avtomobillərin texniki baxışdan keçirilməsi barədə arayış və verilmiş etibarnamələrlə sübuta yetir. Həmçinin şahid ifadələri ilə sübuta yetirilir ki, 2024-cü ilin iyun ayında hər iki avtomobil cavabdeh tərəfindən yararsız vəziyyətdə Şəmkir rayonunun Çinarlı kəndində atılıb gedilmiş və avtomobillər evakuator vasitəsilə Ağcabədi rayonuna gətirilmişdir. Avtomobilləri evakuator vasitəsiylə Ağcabədi rayonuna gətirilməsi, təmir xərcləri və digər xərclər ** EA *** “MAZ” markalı maşınla bağlı 10.590 manat, “Mersedes benz 190 minik” markalı avtomobillə bağlı 1.300 manat təşkil edir. Həmçinin hər iki avtomobil 2 il müddətində cavabdehin istifadəsində olub, axırıncı Şəmkir rayonu Çinarlı kəndində qazılan quyudan cavabdehə xalis qazanc 6.000 manat pul qalıb ki, bu puldan 3.000 manat ona verməli olduğu halda, cavabdeh həmin pulu ona verməmişdir. Qeyd olunanlar şahid ifadəsi ilə təsdiqini tapır. Məhkəmənin diqqətinə o halı da çatdırmaq istəyir və bunun nəzərə alınmasını xahiş edirik ki, iş üzrə təyin olunmuş məhkəmə iclaslarına cavabdeh ümumiyyətlə gəlməmiş, iddia tələbinə dair hər hansı münasibət bildirməmiş, baxmayaraq ki bununla bağlı cavabdeh məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırılmışdır. Odur ki, tələbnin təmin edilməsini xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 göstərdi ki, o, həm makler həm də usta köməkçisidir. İddiaçının böyük avtomobili Şəmkirdə artezian vurulan qapının yanında bir il qalmışdır. Ordan avtomobili evakuatorla Ağcabədiyə gətirmişdirlər. Blaca avtomibili ustanın evinə aparmışdırlar. Böyük avtomobili özü təmir etmişdir, çəkilən xərc 10 000 pul tutub. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 göstərdi ki, o, sənətkardır, Ağcabədi rayon Kəbirli kəndinə yaşayır. Avtomobili evakuatorla təmir üçün onun yanına gətirmişdirlər, pis vəziyyətdə olmuşdur, 20 gün onun sexində qalmışdır. O, avtomobilin təmirininin 30-40 faizini o etmişdir, xərci 1370 manat olmuşdur, həmin xərcin 700 manatını iddiaçı ona verib. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 göstərdi ki, Kənan adlı müdiri 2024-cü il tarixdə Taleh adlı şəxsə Çinarlı kəndində quyu qazmağı tapşırmışdır. Taleh 8 ay iş görməmişdir. O, su quyusu qazmalı imiş. Su quyusunun 110 metrini qazmış, 20 metri isə qalmışdır. İşi nə üçün yarımçıq saxlaması barədə məlumatı yoxdur. Kənan ona Çinarlı kəndinə gedərək yarımçıq qalmış işi qurtarmağı tapşırmışdır. Quyu qaza maşının razdatkası, karobkası, rotoru və yeridici karobkasında problemlər olmuş, təxminən 300 manat xərc çəkməklə maşını işlək vəziyyətə gətirmiş və yarımçıq qalmış 20 metr quyunu qazaraq işi təhvil vermişdir. İşi quratardıqdan sonra maşının çox ziyan çəkdiyi məlum olmuşdur. Həmin maşını Elnur adlı şəxs ona təmir etmək üçün Ağcabədi rayonunda ona vermişdir. Maşının bir çox hissəsini təmir etmiş bunun müqabilində maşının sahibindən pul almış, lalkin bunu təsdiq edən qəbz yoxdur. Məhkəmə iddiaçını, nümayəndəsini və şahidi dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı 227,50 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə anadan olmuşdur. 032499 nömrəli vəsiqənin surətindən görünür ki, X2 müharibə veteranları üçün Azərbaycan Respublikasını qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı ildə anadan olmuşdur. BD239586 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** EA *** dövlət qeydiyyat nişanlı, MAZ markalı, tipi qazma qurğusu olan nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli, ƏN-Vİİİ №966705 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Mercedes Benz 190 minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh 1 il müddətinə etibar etmişdir. TuranBank Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK2625-22 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, TuranBank Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı illik 16% ödəmək şərti ilə, 24 ay müddətinə 65000 manat məbləğində kredit verilmişdir. TuranBank Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ƏKK-085548/24 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, TuranBank Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı illik 22% ödəmək şərti ilə, 12 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. TuranBank Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ƏK-458945/24 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, TuranBank Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı illik 15,25% ödəmək şərti ilə, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. TuranBank Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ƏK-414265/24 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, TuranBank Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı illik 15,25% ödəmək şərti ilə, 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. İşdə olan fotoşəkillərdən bəzi avadanlıq və əşyaların zədələndiyi aydın müşahidə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçının mülkiyyətində olan avtomobillərə ziyan dəyməsi və həmin ziyanın cavabdeh tərəfindən vurulması, həmçinin iddiaçı ilə cavabdeh arasında bağlanmış, qurğulu texnikadan əldə edilmiş gəlirin bölünməsinə dair hər hansı bir müqavilə olmadığından və həmin sübutlar məhkəməyə təqdim edilmədiyindən bu hal bəhs edilən tələbin əsaslığına şübhə yaradır. İşdə olan fotoşəkillər nəqliyyat vasitəsinin ehtiyyat hisslərinin olduğunu əks etdirsə də həmin fotoşəkillər üzərində qeyd aparılmadığından nə zaman nə üçün çəkildiyi qeyd olunmamışdır. Yəni həmin fotoşəkillər nəyi əks etdirdiyi anlaşılmır. Bundan başqa İddiaçı Rusiya federasiyasında olarkən Cavabdeh müxtəlif vaxtlarda pul göndərməsini əks etdirən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa İddiaçı təqdim etdiyi diskdəki səs yazılarında qarşı tərəfin söylədikləri bir çox hallarda anlaşılmır və həmin səs yazısının ona məxsus olmasını təsdiq edən sübut yoxdur. Bundan başqa iddiaçı tərəfindən dəvət edilmiş və məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 və X6 iddiaçıya məxsus avtomobilləri təmir etdiklərini bildirsələr də məhkəməyə bunu sübut edəcək dəlil, yəni qaimə və ya qəbz təqdim etməmişdirlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus nəqliyyat vasitəsinə və əşyalara (əmlaka) ziyan vurması və ziyan vurmada təqsiri iş materialları ilə sübuta yetmədiyindən və cavabdehin həmin ziyanla və iddiaçıdan pul alması ilə bağlı etiraf olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmənin iş üzrə iddianı təmin etməməsinin səbəbi həm də odur ki, iddiaçı tərəfindən dəvət edilmiş və məhkəmə iclasında şahid X7 ifadə verərkən Cavabdeh yarımçıq qalmış işini davam etdirmək üçün qazma qurğuya malik nəqliyyat vasitəsini yüngül təmir etdikdən sonra maşının işlək vəziyyətə gətirilərək işin davam etdirilməsi barədə söylədikləri qurğuya ziyanın cavabdeh tərəfindən vurulmasını şübhə altında qoyur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 227,50 manat dövlət rüsümu və dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 manat xidmət haqqı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi və pul” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 227,50 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar