Məhkəmə qərarları › İş №2(021)-3417/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3417/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3417/2025 23.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki işə 23 sentyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3200 manat və dövlət rüsumuna ödənilmiş 53 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Avtovagzalında qızılzinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Hazırki iş üzrə Cavabdeh uzun illərdir ki, tanıyır. Cavabdeh dəfələrlə ondan nisyə qızıl almış və sonradan pulunu ödəmişdir. 2024cü ilin noyabr ayında Cavabdeh ondan 3.800 manat dəyərində nisyə olaraq qızıl (1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl qolbağı) almış, sonradan, 200 manat və 400 manat ödəsə də, 3.200 manat pulu ödəməmişdir. Ötən müddət ərzində ona borclu qaldığı 3.200 manat pulun ödənilməsini dəfələrlə tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə pulunu verməkdən yayınır. Pulunu ala bilmədiyindən Bərdə RPŞ-nə şikayət etsə də, orada ona bildirdilər ki, şikayəti mülki xarakterlidir və məhkəmədə iddia qaldırmalıdır. Bərdə Rayon Polis Şöbəsində Cavabdeh verdiyi izahatında ona borclu olduğunu 3.200 manatı etiraf etmişdir. Hazırda maddi cəhətdən çox pis vəziyyətə düşüb. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, 600 manat ödəniş etmiş, 3200 manat borcu qalmışdır. Hissə-hissə ödəyəcəyini bildirdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli HK-1/2289 saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı müraciətində göstərilən xüsusatlarla məhkəmədə mülki qaydasında baxılması izah olunması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli 21196 saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 53 manat dövlət rüsumu ödənilmişdir. Şəxsiyyəti təsdiq edən AZE ******** saylı çıxarışdan görünür ki, Cavabdeh xx.xx.1980-ci ildə Bərdə rayonu Nazırlı kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Sübut olunur ki, Cavabdeh cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 iyun 2025-ci il tarixli qərara və məhkəmə iclasında onun vermiş olduğu etirafedici izahatına əsasən onun nisyə alqı-satqı müqaviləsindən irəli gələn qaydada İddiaçı 3200 manat məbləğində borcu yaranmışdır. Cavabdeh 3200 manat məbləğində pul və 52 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3200 (üç min iki yüz) manat məbləğində pul və 52 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar