Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3418/2023 15.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat dəyərində vəsaitin alınıb dövlət nəfinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hümbətov X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə idarənin böyük icra məmuru Q.Mikayılov məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusunun enerji adaptoru, 1 ədəd enerji ötürücü qurğu məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan məhkum Cavabdeh üzərinə tətbiq edilmiş və üzərindən çıxarılmış elektron nəzarət vasitəsi komplektinə texniki baxış keçirilmiş və mobil nəzarət qurğusunun yararsız hala salındığı aşkar edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazimi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı öz nümayəndəsinin iştirakını təmin etməmiş, ancaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Rövşən İbrahimov məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdırıb ərizə tələbinə obyektiv hüquqi qiymət verib belə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh – xx.xx.2002-ci il tarixdə Füzuli rayonu, Qaraxanbəyli kəndində anadan olmuşdur. (FİN xxxxxxx). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 1(001)-306/2022 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, hökmün icrasının Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Cavabdeh azadlığın məhdudlaşdırılması cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icra olunduğu müddət ərzində Cavabdeh üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, cəzanın icra olunduğu müddət ərzində Cavabdeh üzərinə yaşayış yerini gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək vəzifəsinin qoyulması, cəzanın icra olunduğu müddət ərzində Cavabdeh üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsinin qoyulması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, maddi sübut - Binəqədi RPİ-də saxlanılan alüminium jalüz qırıntılarının məhv edilməsi hökm edilmişdir. İş materiallarında olan “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi haqqında” 24 iyun 2022-ci il tarixli protokolun surətindən görünür ki, məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində 1 ədəd “ATTENTİ” markalı, 35654324 nömrəli elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İş materiallarında olan Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED 000250 saylı texniki rəydən görünür ki, texniki baxışın nəticəsində ana platada korroziya müşahidə olunur. Təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır. İş materiallarında olan 29 iyul 2021-ci il tarixli, ED-M-№ 96-21 nömrəli məlumatda “ATTENTİ” markalı elektron vasitənin cəmi dəyəri 2277.40 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat dəyərində vəsaitin alınıb dövlət nəfinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən elektron nəzarət vasitəsinə ziyan vurulması iş materialları ilə tam şəkildə sübut olunduğundan və bu haqda cavabdeh müvafiq protokolla əvvəlcədən məlumatlandırıldığından və üzərinə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduğundan həmin vasitəyə xidmət etməməyə və zərər vurmağa görə tam şəkildə maddi məsuliyyət cavabdehin üzərinə düşür. Buna görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, "Dövlət Rüsumu" haqqında qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə 43 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 191.3, 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh 2277.40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat məbləğində pul və 43 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-3418/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3418/2023
15.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver