Məhkəmə qərarları › İş №2(021)-3428/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3428/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3428/2021 07.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçıAçıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «Yelo Bank» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qnyaz oğluna qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «Yelo Bank» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qnyaz oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2985,33 manat əsas borc, 14,38 manat faiz borcu,26,38 manat cərimə olmaqla ümumilikdə cəmi 3026,09 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Yelo Bank» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 18.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 3286.59 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 Qnyaz oğlu ilə 18.11.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.24.09.2021-ci il tarixədək Cavabdeh1 banka 18.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2985,33 manat əsas borc, 14,38 manat faiz borcu,26,38 manat cərimə olmaqla ümumilikdə cəmi 3026,09 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izhat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qnyaz oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.11.2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri barədə müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 3286,59 manat kredit götürmüşdür. İş materiallarında olan 18.11.2019-cu il tarixli 12-MZ2-3-0-1228-14 saylı zaminlik müqavilələrsindən müəyyən olunur ki, bu Müqavilənin predmeti 18.11.2019-cu il tarixli 12- MZ2-3-0-1228-14 saylı kredit müqaviləsi və problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra edilməsi üçün məsuliyyəti zaminlər Cavabdeh2 və Cavabdeh3 Qnyaz oğlu öz üzərinə götürmüşdür. İş materiallarında olan 24.09.2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 18.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə “Yelo Bank” ASC-nə 2985,33 manat əsas borc, 14,38 manat faiz borcu,26,38 manat cərimə olmaqla ümumilikdə cəmi 3026,09 manat borcu yaranmışdır. İş materiallarında olan 08.09.2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qnyaz oğluna banka olan borclarını 5 günü müddətində tam ödəmələri, borc məbləğinin könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borclulardan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliklərinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacağı barədə xəbərdar edilmişlər. İş materiallarında olan 28.09.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh1 18 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş kredit üzrə öhdəlikərini vaxtında icra etmədiyindən, hazırda onun banka 2985,33 manat əsas borc, 14,38 manat faiz borcu,26,38 manat cərimə olmaqla ümumilikdə cəmi 3026,09 manat borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, onlar borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 3286,59 manat kredit alması və həmin kredit üzrə 2985,33 manat əsas borc, 14,38 manat faiz borcu,26,38 manat cərimə olmaqla ümumilikdə cəmi 3026,09 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3088,01 manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 25 dekabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2985,33 manat əsas borc, 14,38 manat faiz borcu, 26,38 manat cərimə olmaqla ümumilikdə cəmi 3026,09 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zaminlər Cavabdeh2 və Cavabdeh3 Qnyaz oğlu kreditor İddiaçı ASC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 3286,59 manat kredit alması və həmin kredit üzrə 2985,33 manat əsas borc, 14,38 manat faiz borcu, 26,38 manat cərimə olmaqla ümumilikdə cəmi 3026,09 manat borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qnyaz oğlundan müştərək qaydada alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı «Yelo Bank»Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qnyaz oğluna qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qnyaz oğlundan müştərək qaydada 2985,33 (iki min doqquz yüz səksən beş manat otuz üç qəpik) manat məbləğində əsas borc, 14,38 (on dörd manat otuz səkkiz) manat məbləğində faiz borcu, 26,38 (iyirmi altı manat otuz səkkiz qəpik) manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 3026,09 (üç min iyirmi altı manat doqquz qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar