Məhkəmə qərarları › İş №2(021)-348/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-348/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-348/2025 10.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabehlər X2 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh X1 13100 manat, digər Cavabdeh2 isə 8365 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, o yuxarıda qeyd edilən ünvanda yaşayır. Bakı şəhəri Nərimanov rayonunda yaşayan, metal qəbulu məntəqəsində işləyən Rafiq adlı şəxsi bir neçə ildir tanıyır. Təxminən bir neçə ay əvvəl Rafiq ona bildirdi ki, Bərdə rayonu Əliyanlı kəndində yaşayan Cavabdeh1 Bərdə rayon Pambıq zavodunun söküntüsü işlərində iştirak etdiyini və həmin zavoddan sökülən dəmir metalların satışı ilə məşğul olduğu bildirmişdir. Təklif etmişdir ki, Cavabdeh1 dəmir materialları alıb özü də satsın. Bu məqsədlə onlar Bərdə rayonuna gələrək Cavabdeh1lə görüşmüşlər. Məqsədlərini bildikdən sonra Cavabdeh1 Cavabdeh2 rəhbərlik etdiyi Ekonom ASB-də işlədiyini demişdir. Onlar Cavabdeh2la tanış olaraq alqı-satqı müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən Cavabdeh2 ona dəmir metal tonunu 490 manata satacaqdır. Bir müddət keçdikdən sonra Cavabdeh1 ondan dəmir metalların pulunu əvvəlcədən ödəməli olduğunu bildirərək, onun göndərdiyi kart hesablarına xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda ümumilikdə 34100 (otuz dörd min yüz) manat məbləğində pul göndərmişdir. Cavabdeh1 kart hesabına 19000 (on doqquz min), digər Cavabdeh2 rəhbərlik etdiyi Ekonom ASB-nin kart hesabına isə 15000 ( on beş min) manat pul göndərmişdir. Sonra Cavabdeh1 dəmirləri zavodun ərazisindən çıxara bilmədiyini deyib gözləməli olduğunu söyləmişdir. Zamanla müxtəlif bəhanələrlə onu yubatdığı başa düşərək onları şikayət edəyəcəyini bildirdikdə isə, ona 13451 kq olmaqla, 6635 manat dəyərində dəmir metal göndərmişdir. İkinci dəfə dəmir göndərilməsini gözlədiyi zaman ona məlum olmuşdur ki, Bərdə rayonu Pambıq zavodu Cavabdeh2 rəhbərlik etdiyi Ekonom ASB ilə müqaviləsi ləğv edilmişdir. Bu barədə ona heç bir məlumat verilməmişdir. Sonra o cavabdehlərdən pullarını tələb etdikdə, ona Cavabdeh1 müxtəlif vaxtlarda 1000 AZN, 500 AZN və 150 manat göndərmişdir, 7000 manat pulu isə Ekonom ASB–nin hesabına göndərmişdir. Qalan pulu qaytarmamışdır. Cavabdeh2 isə Ekonom ASB-nin hesabında qalan pulunu tələb edəndə ona demişdir ki, 5385 manat pulu çıxarmışdır, 4760 manat pulu ona çatdırılması üçün Cavabdeh1 vermişdir. Halbuki Cavabdeh1 ona həmin 4760 manat pulu ödəməmişdir. Bu barədə o Bərdə RPŞ-nə şikayət vermişdir. Sonra pul qaytarılmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayətin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Bakı şəhəri Xətai rayonu, N.Rəfiyev küçəsi ev 17 mənzil 20-də yaşayan İddiaçı müraciəti əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-1-2017,2051 sırasında qeydə alınmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Sorğu məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. AZE ******** Sorğu məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. AA 3630943 AR-İİİ 443694 nömrəli etibarnamədən görünür ki, İddiaçı öz nümayəndə səlahiyyətləri Vəkil etibarnamə əsasında vermişdir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, müxtəlif tarixlərdə kartdan karta köçürülən məbləğlər 50 AZN, 50 AZN, 50 AZN, 300 AZN, 70 AZN, 150 AZN,500 AZN, 25 AZN, 300 AZN,1000 AZN, 50 AZN, 200 AZN olmuş, sonra AccesBank QSC-nin vasitəsi ilə NİKO CONSTRUCTİON tərəfindən Ekonom ASB MMC-nin hesabına 7840 AZN və 7385.88 AZN köçürülmüşdür. xx.xx.2024-cü il tarixli 01 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Ekonom–ASB MMC VÖEN: **********- direktor Cavabdeh2, alıcı Firma-NİCO CONSTUCRTİON VÖEN ********** direktor İddiaçı arasında müqavilə imzalanaraq, müqavilənin şərtləri:

1. Satıcı bu müqaviləyə əlavə olunan qiymət razılaşdırılması haqqında tərəflər arasında bağlanmış protokolda göstərilən malları satır. Alcı qiymət razılaşdırma protokolundan göstərilən malları almağı öhdəsinə götürmüşdür.

2. Satılan malların keyfiyyət standartlarına uyğun olmasına satıcı cavabdeh daşıyır.

3. Satılan malların yüklənməsi və boşaldılması tərəflərin razılığı əsasında həyata keçirilir.

4. Müqavilə üzrə nəzərdə tutulan öhdəliklər müqavilənin imzalandığı gündən qüvvəyə minir və 30 gün müddətinə tərəflərin üzərinə düşən öhdəliklər başa çatdırılır.

5. Müqavilənin şərtlərini pozan tərəf müqavilənin dəyərinin 3% məbləğində cərimə ödəməlidir.

6. Satılan malların dəyəri alıcı tərəfindən satıcının hesablaşma hesabına köçürmə qaydasında aparılır.

7. Bu müqavilənin icrası ilə əlaqədar yarana biləcək mübahisələr onların özləri tərəfindən həll edilmədiyi hallarda, bu mübahisələr mövcud qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq həll edilmədiyi hallarda, bu mübahisələr mövcud qanunvericilikdə nəzərdə tutulan qaydalara müvafiq həll edilməldir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün hökümət ödəniş portalına 155 AZN məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Cavabdeh2 ünvanladığı teleqrama münasibətini ifadə edərək bildirir ki, cavabdehlərə məhkəmə iclasında iştirak, iddiaya münasibətinin ifadə edilməsi məqsədilə kifayət qədər vaxt və imkan yaradılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bərdə RPŞ-də vermiş olduqları izahatlara əsasən tərəflərin borcu etiraf etdiyi müəyyən olunur. Cavabdeh2 müəyyən pul məbləğinin Cavabdeh1 ilə iddiaçıya göndərilməsi barədə xüsusat isə məhkəmə iclasında sübut olunmadığından, həmin tələblə Cavabdeh2 qanunvericliyin tələbləri gözlənilməklə məhkəməyə iddia ilə müraciət edilməsi imkanı istisna edilmir. Məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh X1 13100 manat, digər Cavabdeh2 isə 8365 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin iddia üzrə ödənilmiş 155 manat dövlət rüsumu tələb edilmədiyindən həmin rüsum iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh1 13100 (on üç min bir yüz) manat, Cavabdeh2 isə 8365 (səkkiz min üç yüz altmış beş) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin.

3. İddiaçı tərəfindən ödənilmiş 155 manat dövlət rüsumu onun özünə aid edilsin.

4. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.

5. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar