Məhkəmə qərarları › İş №2(021)-3507/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3507/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3507/2024 26.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar və ya İddiaçı1 və İddiaçı2) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1900 (bir min doqquz yüz) manat miqdarında borcun, doqquz ay ərzində onlara vurduğu 1000 (bir min) manat miqdarında maddi zərərin, habelə hüquqi yardım üçün ödədikləri 200 (iki yüz) manat xərcin cavabdehdən alınıb onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışlar ki, cavabdehlə xeyli müddətdir ki, tanış olmuşlar, belə ki, aralarında heyvan alqı-satqısı olmuşdur. Dəfələrlə cavabdehə heyvan satıb pullarını almışlar. xx.xx.2023-cü il tarixində cavabdeh Ağdaş rayonu Yuxarı Nəvətava kəndində yaşadıqları ünvanda gəlib tövlələrindən 2 baş iribiynuzlu heyvanlarının hər birini 1900 (bir min doqquz yüz) manata satın alaraq aparmış, 2 gün sonra, yəni xx.xx.2023-cü ildə 3800 (üç min səkkiz yüz) manat heyvanlarınpulunu ödəyəcəyinə dair söz verərək aralarında şifahi razılaşmışlar. xx.xx.2023-cü il tarixində cavabdehə zəng etmiş, sonuncu gün ərzində pulu ödəyəcəyini bildirmişdir. Həmin gün cavabdeh borcunu ödəməmişdir. Bundan sonra cavabdeh onlara olan borcunu ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə Bərdə rayonuna cavabdehin evinə gedibgəldikdən sonra bu günədək cavabdehdən onlara olan 3800 manat borcundan cəmi 1900 manatını almışlar. Ancaq cavabdeh yerdə qalan 1900 manat borcunu ödəməkdən boyun qaçırmışdır. Bu minvalla cavabdeh onlara xeyli miqdarda maddi zərər vurmuşdur. Cavabdehin onları aldadaraq pullarını mənimsəməsi nəticəsində əldə edəcəkləri faydaları əllərindən çıxdığı üçün 9 ay ərzində onlara təqribən 1000 (bir min) manat miqdarında maddi zərər dəymişdir. Dəfələrlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsələr də, cavabdeh hər dəfə borcunu tezliklə ödəyəcəyini bildirmiş, lakin üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırır, verdiyi sözünə əməl etmir. Cavabdehlə əvvəldən münasibətləri olduğundan ona hər dəfədə inanmışlar, cavabdeh isə ona olan etibarlarından sui-istifadə etmişdir. Nəticədə isə onlar günü-gündən maddi ziyanlıq çəkirlər. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək onlara vurduğu maddi zərəri ödəməkdən yayınmağa davam edir. Dəfələrlə çalışsalar da cavabdehdə olan pullarını ondan ala bilmirlər. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, gerçəkdən 2023-cü ilin dekabr ayında iddiaçılardan nisyə olaraq 3800 manat dəyərində iki baş iribuynuzlu heyvan almışdır. Həmin puldan bir dəfə 1000 manat, bir dəfə 400 manat, bir dəfə isə 500 manat olmaqla, ümumilikdə 1900 manatını iddiaçılara qaytarmışdır. İddiaçılara 1900 manat məbləğində borcu qalmışdır. İddiaçılar dəfələrlə ondan pullarını tələb etsələr də, hər dəfə ona vaxt vermələrini xahiş etmişdir. Etiraf edir ki, iddiaçılara 1900 manat məbləğində borcu var. Əvvəllər iddiaçılarla aralarında 2-3 dəfə mal-qara alveri olmuş, münasibətləri yaranmışdır. O özü də aldığı heyvanları nisyə satır, ona görə də nisyə aldığı heyvanların pulunu ödəyə bilməmişdir. İddianın etiraf etdiyi qaydada təmin oliunmasını, qalan hissədə isə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, iddiaçılar qardaşlarıdır. Qardaşları ata evində, özü isə qonşuluqda özünə məxsus evdə yaşayır. 2023-cü ilin dekabr ayında, təxminən hava qaralan vaxtı yaşadığı evdə olarkən qardaşı Rəfail zəng edərək kömək lazım olduğunu, gəlməsini xahiş etmiş, o da qardaşlarının yaşadığı evə getmiş, qardaşları yaşayan evin həyətində “Qazel” markalı yük maşınının olduğunu görmüşdür. Qardaşı heyvanları satdığını, onları maşına mindirmək üçün kömək lazım olduğunu bildirmiş və o, qardaşlarına kömək edərək birlikdə heyvanları maşına mindirmişlər. Qardaşı Rəfail heyvanları Bərdə rayonundan olan bir nəfər şəxsə satdığını, lakin həmin adamın özünün gəlmədiyini, maşın göndərdiyini bildirmişdir. Qardaşlarının heyvanları nisyə satdığını sonradan bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, iddiaçılar qardaşlarıdır. 2023-cü ilin dekabr ayında qardaşı Rəfail heyvanları satdığını, onları maşına mindirmək üçün kömək lazım olduğunu bildirmişdir. Qardaşları yaşayan evin həyətində “Qazel” markalı yük maşınının olduğunu görmüş, qardaşlarına kömək edərək birlikdə heyvanları maşına mindirmişlər. Qardaşı heyvanları 3800 manata satdığını bildirmişdir. Qardaşlarının heyvanları nisyə satdığından məlumatı olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1988-ci ildə Ağdaş rayonu Yuxarı Nemətabad kəndində anadan olmuşdur, Ağdaş rayonu Yuxarı Nemətabad kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1993-cü ildə Ağdaş rayonu Yuxarı Nemətabad kəndində anadan olmuşdur, Ağdaş rayonu Yuxarı Nemətabad kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1991-ci ildə Bərdə rayonu Cumalar kəndində anadan olmuşdur, Bərdə rayonu Cumalar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı2 Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsinə görə orqanizminin funksiyalarının 35%-i pozulmuş, əmək qabiliyyətsizdir. 057 nömrəli tapşırıq müqaviləsindən görünür ki, “İcraçı”-X5 Azərbaycan Respublikası qanunvericiliyinə və bu müqavilədə göstərilən qaydada və şərtlərlə “Sifarişçi”nin-İddiaçı1 və İddiaçı2 tapşırığı ilə onun vəsaiti hesabına məhkəmə işləri və digər işlər üzrə ərizələrin tərtibi xidmətlərini göstərməyi öz öhdəsinə götürür. -İcraçıya ödəniləcək muzd 200 (iki yüz) manat təşkil edir. Bu məbləğ işin icrası müddətində icraçıya nəğd olaraq ödəniləcəkdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X1 hesabına 200 (iki yüz) manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü ildə iddiaçılardan 3800 manata iki baş iribuynuzlu heyvanı nisyə almış, heyvanların pulunu iki günə, yəni xx.xx.2023-cü ildə qaytaracağına söz versə də, qaytarmamışdır. Cavabdeh sonradan iddiaçılara borclu olduğu puldan 1900 manat məbləğini qaytarmış, qalan 1900 manatı isə hazırkı vaxtadək qaytarmamışdır. Məhkəmə iclasında cavabdeh iddiaçılara 1900 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Göründüyü kimi, cavabdehin iddiaçılara 1900 manat məbləğində borcunun olması məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə görə, satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki mübahisənin gerçək hallarından görünür ki, cavabdeh iddiaçılardan 3800 manat dəyərində iki ədəd iribuynuzlu heyvanı nisyə almış, pulunu 2 günə ödəyəcəyinə söz vermiş, sonradan həmin məbləğin 1900 manatını ödəmiş, qalan 1900 manatı isə qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikasının MM-nin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh 1900 manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən, əksinə, iddiaçılara həmin məbləğdə borcunun olmasını özü etiraf etdiyindən cavabdeh həmin məbləğin iddiaçılara qaytarılması üçün məsuliyyət daşıyır. İddiaçıların 1000 (bir min) manat maddi zərər tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçılar onlara qeyd olunan məbləğdə zərərin vurulması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikasının MM-nin: 21.2-ci maddəsinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sözügedən mülki hüquq pozuntusu nəticəsində cavabdeh tərəfindən iddiaçılara hər hansı qaydada zərər vurulması məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Belə olan halda, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçının qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı əlil olduğundan dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 41 (qırx bir) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-nin 121.1-ci maddəsinin tələbinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 057 nömrəli tapşırıq müqaviləsindən və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçılar hazırkı mülki iş üzrə hüquqi yardımın göstərilməsi üçün X3 200 manat məbləğində ödəniş etmişlər. Məhkəmə hesab edir ki, iddiaçıların hüquqi yardıma görə ödədiyi 200 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçılara verilməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Pul tələbi”nə tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1900 (bir min doqquz yüz) manat məbləğində pul və hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat olmaqla, cəmi 2100 (iki min bir yüz) manat məbləğində pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. Cavabdeh 41 (qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar