Məhkəmə qərarları › İş №2(021)-358/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-358/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-358/2022 13.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Səlim oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh Bakir oğluna qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Səlim oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakir oğlundan borclu olduğu 17 900 manat pulun və ödənilmiş 144 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Səlim oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Zümürxan kənd sakinidir, həmkəndlisi və qonşusu cavabdeh Vəliyev Vüsal Bakir oğlu pəyə tikmək üçün ondan pul istəmişdir. Bildirmişdir ki, pəyə tikib, mal-qaranın sayını artırıb, gəlir əldə edəcəkdir, onun pulunu da qısa müddətdə qaytaracaqdır. O, da qonşusu olduğu üçün və həyətində mal-qarası olduğu üçün ona inanıb cavabdehə 20 000 manat pul vermişdir. Pulu verərəkən Bərdə Regional “Asan” xidmət mərkəzinin natarius ofisində 19 avqust 2019-cu il tarixdə kredit müqaviləsi bağlamışdırlar. Həmin tarixli müqaviləyə əsasən pulu ona 19 fevral 2021-ci il tarixədək qaytaracağına söz vermişdir. Lakin həmin puldan 12 aprel 2021-ci il tarixdə 1000 manat, 17 may 2021-ci il tarixdə 600 manat, 500 manat pul qaytarmışdır. Lakin sonradan ona heç bir ödəniş etməmişdir. Hal-hazırda dəfələrlə cavabdehə borclu olduğu 17900 manat pulun ödənilməsini bildirsə də heç bir nəticəsi olmamışdır. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA2523739 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1973-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 480 nömrəli, 22 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Səlim oğlu Bərdə rayonu, Zümürxan kəndində yaşayır. Mülki işə əlavə edilmiş 19 avqust 2019-cu il tarixli Krtedit müqaviləsindən müəyyən olunur ki, İddiaçı Səlim oğlu ilə cavabdeh Cavabdeh Bakir oğlu arasında kredit müqaviləsi bağlanılmış və iddiaçı cavabdehdən 20000 manat məbləğində borc pul almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirirməsi təsdiq olunmur. Beləliklə, İddiaçı cavabdeh Cavabdeh Bakir oğluna qarşı 17900 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir, bu baxımdan iddiaçı iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı Abbasov Habil Səlim oğlunun xeyrinə 17900 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 144 manat tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakir oğlundan 17900 (on yeddi min doqquz yüz) manat və 144 manat dövlət rüsumu alınaraq iddiaçı Abbasov Habil Səlim oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar