Məhkəmə qərarları › İş №2(021)-36/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-36/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-36/2024 04.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X6 iclas kаtibliyi ilə, cavabdeh X7 iştirakı ilə, İddiаçı «X14 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dаir iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı «X14 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra «X14 Kompleksi» MMC) Cavabdeh qarşı «borc» tələbinə dаir sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borca görə 288 manat, hesablıanmış cərimə borcuna görə 58 manat və 20 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 366 manat pulun alınaraq «X14 Kompleksi» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Alıcı qismində (İddiaçı) “X14 Kompleksi” MMC, tədarükçü qismində “X14 Kompleksi” MMC-nin “X15 və Tədarük Məntəqəsi” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış 2019-cu il mövsümü üzrə xx.xx.2018-ci il tarixli, 28 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 11,7 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 24 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 472.20 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh borcunu xam pambıqla ödəməli olduğu halda həmin borcdan heç bir ödəniş və ya xam pambıq Cəmiyyətə geri təhvil verilməmişdir. Beləliklə, cavabdeh tərəfindən 2019-cu il mövsümü üzrə xam-pambığın alqısatqısına dair xx.xx.2018-ci il tarixli, 28 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 288 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 58 manat təşkil edir. Verilməmişdir: 443 kq x 650 manat = 288 manat x 20% = 58 manat. Bu borc barədə cavabdehlə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə üzləşmə aktı təsdiq edilmişdir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmiş, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)2428/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat Cavabdeh vəfat etdiyindən və onun hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-36/2024 saylı, 19 fevral 2024-cü il tarixli qərardadı ilə «X14 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair mülki iş üzrə X13, X11, X9 və X10 borclu ölmüş şəxs ( miras qoyan) Cavabdeh qanun üzrə vərəsələri olduğundan cavabdeh qismində işə cəlb edilmişdirlər. İddiaçı “X14 Kompleksi” MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X13 iddianı qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X8, X3, X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş 28 saylı xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, «X14 Kompleksi» MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh 11.7 ha sahədə pambıq əkib-becərməyi və əldə edilmiş məhsulu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə X14 Kompleksi» MMC-yə təhvil verməyi MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş pretenziyadan görünür ki, Cavabdeh borcun ödənilməsi üçün iddiaçı tərəfindən xəbərdarlıq olunmuşdur. Mülki işə əlavə edilmiş Seriya AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 15 avqust 1981-ci il tarixdə Bərdə rayon Məmmədli kəndində anadan olmuşdur. Bərdə rayon Məmmədli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh 15 avqust 1981-ci ildə Bərdə rayonu, Məmmədli kəndində anadan olmuşdur, Bərdə rayonu, Məmmədli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 137 saylı, 05 yanvar 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh “X14 Kompleksi” MMC-yə 288 manat borcu qalmışdır. Mülki işə əlavə edilmiş AZ-İİ 138453 saylı öğlüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh 07 dekabr 2020-ci il tarixldə ölmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, V-729 saylı, 2V-1343 resyt nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh vərəsələrinin X13, X11, X9, X12 olduğu müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı X14 Kompleksi” MMC məhkəmədə iddia qaldırmaq üçün 20 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh arasında 28 saylı xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh 11.7 ha sahədə pambıq əkib-becərməyi və əldə edilmiş məhsulu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X14 Kompleksi” MMC -yə təhvil verməyi MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliyi pozmuşdur. Müqavilə üzrə öhdəliyini tam icra etməyən Cavabdeh “X14 Kompleksi” MMC-yə 288 manat məbləğində borcu yaranmışdır. Cavabdeh xx.xx.2020-ci ildə ölmüşdür, vərəsələrinin X13, X11, X9, X12 olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən . Cavabdeh vərəsələri iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddia tələbi ilə bağlı məhkəmə qanunvericiliyin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa məhkəmə hesab edir ki, cərimənin tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh vərəsələri olan cavabdehlər X13 və X1 müştərək qaydada 288 manat borc və 5 manat dəbbə pulu, yəni cərimə borcu tutularaq iddiaçı “X14 Kompleksi” MMC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin X9 və X2 tutulması hissəsində rədd edərək hesab edir ki, adıçəkilən şəxslər azyaşlı olmaqla yetkinlik yaşına çatmamışlar və anaları X5 himayəsindədirlər, əmək qabiliyyətləri və müstəqil gəlirləri yoxdur, buna görə iddiaya cavab verməli olan şəxs deyillər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 20 manat məbləğində rüsum da cavabdehlərdən alınaraq iddiaçı “X14 Kompleksi” MMC -nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər X13 və X1 müştərək qaydada 288 manat əsas borc, 5 manat cərimə borcu olmaqla, cəmi 293 (iki yüz doxsan üç) manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı “X14 Kompleksi” MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar