Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3617/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onlara vurduqları 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan tutulub onun xeyrinə verilməsinə dair qanuni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlara və digər ailə üzvlərinin Bərdə rayonu, Vəliuşağı kəndinin ərazisində yerləşən, JN-0009 seriyalı 61018028 KOD-lu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə məxsus olan 1,82 hektar pay torpaq sahələri vardır. Qeyd edir ki, onların əkin sahələri ilə qonşuluqda həmkəndliləri, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz əkin sahələri vardır, onlar öz əkin sahələrinə su arxını onların əkin sahələrinin içərisindən keçirirlər. 2023-cü ilin yaz əkin mövsümündə onlara öz adlarında olan həmin torpaq sahəsinin 0,60 hektarında faraş qarpız məhsulu əkib, tam aqrotexniki qaydada qulluq edərək becərmişdilər. 2023-cü ilin iyul ayında qarpız məhsulları artıq yetişmişdi və onlar bir dəfə sahədən qarpızı toplayıb satdılar. Bir neçə gün sonra qarpız sahəsinə gedəndə isə cavabdehlərin əkin sahələrini suvarmaq məqsədi ilə öz sahələrinə su açdıqlarını və məsuliyyətsizlik edərək suyu əkin sahəsinə normadan artıq buraxmış, suyun axımına nəzarət etməmiş, bir neçə gün ərzində suyun axımının qarşısını kəsməmiş və su onların qarpız sahələrinə keçərək bir neçə gün onların qarpız sahələrinə axmışdır. Nəticədə su günün isti vaxtında yetişmiş qarpız sahəsində göllənib, qarpız tağlarını qurudaraq 0,60 hektar sahədə əkilmiş qarpız məhsulundan 0,35 hektarında qarpız məhsullarını və tağlarını tamamilə məhv etmişdilər, qarpızlar suyun içərisində qalıb kiflənmiş, tağları isə qurumuşdur. Onlar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etinasız hərəkətləri nəticəsində 2023-cü ilin əkin mövsümündə su basmış sahədə heç bir məhsul əldə edib qazanc götürə bilməmişlər. Bununla da cavabdehlər onlara 4500 (dörd min beş yüz) manat ziyan vurmuşdur. Bərdə rayon Hacıəhmədli Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 14 nömrəli məktubuna əsasən onun və ailə üzvlərinin Vəliuşağı kəndində 1,82 hektar pay torpaq sahələri var, həmin sahədə qarpız məhsulu əkmişdi, Cavabdeh1 və Cavabdeh2 onun və bacısı İddiaçı2 pay torpaq sahələrinin içərisindən su arxı keçirirlər. Bərdə rayon İH Başçısının aparatının xx.xx.2023cü il tarixli, 3/635 nömrəli məktubuna əsasən Bərdə rayonu, Vəliuşağı kəndi ərazisində aqrotexniki qaydalara düzgün əməl etməklə 1,0 (bir) hektar sahəsindən bir mövsümdə 45- 50 ton qarpız məhsulu götürə bilərdi. Hazırda qarpızın 1 kq-nın satış qiyməti 35-40 qəpikdir. Beləliklə onlar 0,35 hektar torpaq sahəsindən 15750 (on beş min yeddi yüz əlli) kq (yəni 15,750 ton) qarpız əldə edə bilərdilər və hər kq qarpızı 0,35 manatdan satmaqla 4500 (dörd min beş yüz) manat qazanc əldə edə bilərdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə onlara vurmuş olduqları ziyanı ödəmələrini xahiş etməklərinə baxmayaraq onlar vurduqları ziyanı ödəməkdən imtina etmişlər. Beləliklə, qeyd olunanlardan göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara maddi ziyan vurmaqla qanun pozuntusu törətmiş və onların hüquqlarını qanunla qorunan mənafelərini pozmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı rədd edərək ifadəsində onlarda günah olmadığını və ziyan vurmadıqlarını bildirmiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1984cü il tarixdə anadan olmuşdur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1983-cü il tarixdə Bərdə rayonu, Vəliuşaqlı kəndində anadan olmuşdur. Bərdə rayonu, Vəliuşağı kəndində yaşayır. Bərdə rayonu Hacıəhmədli bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14 nömrəli arayışdan görünür ki, Bərdə rayon Hacıəhmədli bələdiyyəsi tərəfindən Vəliuşaqlı kənd sakini İddiaçı1 ondan ötrü ki, Həşimov X1 1,82 ha pay torpağı var. Onunla eyni sahədə yerləşən Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və İddiaçı2 pay torpağının içərisindən su arxı keçirirlər. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 439 nömrəli arayışdan görünür ki, İddiaçı1 hal-hazırda Bərdə rayonu, Vəliuşağı kəndində yaşayır və daimi qeydiyyatdadır. İş materiallarında olan JN-0009 saylı, KOD: 61018028 saylı dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 saylı qərarı ilə verilmiş çizgidə göstərilən 2.82 ha torpaq sahəsi X2, X6, X7, İddiaçı1 və X3 mıəxsusdur. Bərdə rayon İcra hakimiyyəti Başçısının Aparatı tərəfindən Bərdə rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3/635 nömrəli sorğuya cavabdan görünür ki, Bərdə rayonu, Vəliuşaqlı kəndi ərazinsində aqrotexniki qaydalara düzgün əməl edilərsə, 1,0 (bir) ha torpaq sahəsindən bir mövsümdə 45-50 ton qarpız məhsulu götürülə bilər. Hazırda qarpızın 1 kq-nın satış qiyməti 35-40 qəpikdir. Bərdə rayon Polis Şöbəsi tərəfindən Bərdə rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-68/2-33945 nömrəli sorğuya cavabdan görünür ki, Cavabdeh2 Bərdə rayonu, Otuzikilər Ə/D, Vəliuşaqlı kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı1 65 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onlara vurduqları 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan tutulub onun xeyrinə verilməsinə dair qanuni qətnamə qəbul olunmasını xahiş etmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən alınmasını tələb etdiyi pul miqdarında ziyanın onlara vurulması və bu ziyanın cavabdehlər tərəfindən vurulmasının sübut edilməsidir. İddiaçılar isə iddia ərizəsində göstərilən halları təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmiş və iddiasını sübut edə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar isə iddianın əsaslı olmasını təsdiq etmir. Cavabdehlər isə iddianı qəbul etməmişdir. Buna görə məhkəmə hesab edir ki, hazırki iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia təmin edilmədiyindən, məhkəmə hesab edir ki, ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 66 manat dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-3617/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3617/2023
04.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver