Məhkəmə qərarları › İş №2(021)-3638/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3638/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3638/2025 26.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı etibarnamə ilə nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdeh Bərdə rayon Dəymədağıldı kənd sakini Cavabdeh ona etibarnamə ilə verdiyi “Khazar SD” minik markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomaşına qəza törədərək vurduğu zərərin, yəni 10619.76 manat pulun, ödənilmiş 122 manat dövlət rüsumunun və hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 220 manat rüsumun alınıb ona verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli MAS-2090 saylı "Öhdəliklərin ötürülməsi" müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixli, MAS-2090 nömrəli "Daxili Lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri üzərinə götürərək "Khazar SD" minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı göy rəngli avtomobili müvəqqəti istifadəyə götürmüşdür. Daha sonra onun "Azərmaş” MMC-yə etdiyi xahiş əsasında POA********** nömrəli, 11 .03.2021-ci il tarixli etibarnamə ilə həmin maşın Cavabdeh (Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatda olan, sürücülük vəsiqəsi AF №041120 saylı, xx.xx.2020-ci il tarixində DİN BDYPİ Qİİ/5saylı ASAN x.m. tərəfindən verilib) Azərbaycan Respublikası ərazisində idarə etməsi üçün vermişdir. Cavabdeh xx.xx.2021-ci ildə həmin maşınla yol nəqliyyat hadisəsi törədərək maşına ciddi zərər vurmuşdur, maşın tam yarasız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 10 nömrəli arayışdan görünür ki, Cavabdeh, onun tərəfindən idarə edilən "Khazar SD" minik markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomaşın ilə, xx.xx.2021-ci il tarixdə Bərdə şəhəri Koroğlu küçəsində baş vermiş olduğu yol nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. İnzibati Xəta haqqında Protokoldan və X8 haqqında Qərardan göründüyü kimi xx.xx.2021-ci il tarixdə "Khazar SD" minik markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən Cavabdeh tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu hadisə ucbatından "xxxx" MMC-yə onun 10471.42 manat əsas, 148.34 manat gecikdirilmiş mükafat olmaqla ümumilikdə 10619,76 manat məbləğində borcu yaranmışdır. O bu borcun bir qismini ödəsə də, qalanını ödəməyə imkanı çatmamışdır. Cavabdeh müraciət edərək dəymiş ziyanın ödənilməsini tələb etdikdə bildirmişdir ki, kəndçi adamdır, icazə versin sezon vaxtı yonca əksin, götürdüyü qazancdan zərəri ödəyəcək. Növbəti dəfə yenə də bildirmişdir ki, bu dəfə qarpız əkib, qazanc götürəcək, onun pulunu verəcək. Beləcə yalan vədlər verərək onu bu günə kimi aldadan cavabdeh bu günkü gündə verməkdən imtina edir. Dəfələrlə cavabdehdən ona etibarnamə ilə verdiyi “KHAZAR SD” minik markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomaşına qəza törədərək vurduğu zərəri, 10619,76 manat pulu geri verməsini tələb etsə də, nə vaxtsa verəcəyini deyərək, onu yubatmışdır. Bu vaxta qədər hər səfərində cavabdehdən borclu olduğu 10619,76 manat pulun verilməsini tələb etməyinə baxmayaraq, hər səfərində cavabdeh pulu verməkdən imtina edir. Cavabdeh pulu ödəmədiyi üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2021-ci il tarixli POA********** nömrəli Etibarnamədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020 il tarixli MAS- 2090 saylı "X6" əsasında lizinqə verilmiş 1 (bir) ədəd KHAZAR SD markalı, 99PF641 qeydiyyat nişanlı maşınının Azərbaycan Respublikasında idarə etmək səlahiyyəti verilmişdir. xx.xx.2022-ci il tarixli 1237 nömrəli Xəbərdarlıqdan (pretenziya məktubundan) görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı gecikdirilmiş 1279.9 manat borcun ödənilməsi tələb edilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, MAS-2090 nömrəli Öhdəliklərin ötürülməsi müqaviləsində görünür ki, "xxxx" MMC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2090 nömrəli “Daxili Lizinq” müqaviləsi üzrə öhdəliklər İddiaçı ötürülmüşdür. 24 avqust 2020-ci il tarixli, MAS-2090 saylı X6nə 3 saylı əlavədən görünür ki, tərəflər lizinq müqaviləsi üzrə 48 ay müddətinə hər ay 383,77 manat, sonuncu ay isə 378,70 manat ödənilməsini razılaşdırmışlar. "xxxx" MMC/servis tərəfindən tərtib olunmuş 16 sentyabr 2021-ci il tarixli Qüsur aktından görünür ki, “Khazar SD” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin ümumi ehtiyat hissələrinin dəyəri 9265.00 manat , ümumi xidmət haqqı 3330.00 manat olmaqla, cəmi məbləğ 12595.00 manat təşkil edir. "xxxx" MMC Servis tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, serviz mərkəzi tərəfindən “Khazar SD” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin yerində ümumi texniki baxışı zamanı avtomobilin təmirə tam yararsız olması aşkar edilmişdir. "xxxx" MMC tərəfindən X4 ünvanlanmış 14 may 2022-ci il tarixlİ, 1374 nömrəli Xəbərdarlıq məktubundan görünür ki, X3 “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına - 21 mart 2021-ci il tarixə 10471,42 manat əsas, 148.34 manat gecikdirilmiş mükafat, ümumilikdə 10619,76 manat məbləğində borcu yaranmışdır. Yolnəqliyyat hadisəsindən sonra 4000 manat məbləğində ödəniş edilmiş, 6619.76 manat əsas borc məbləği qalmışdır. Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3430/2022 nömrəli qətnamənin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-yə qarşı “avtomobilin geri qaytarılması və ödənişlərin dayandırılması” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-500/2023 nömrəli qətnamənin surətindən görünür ki, "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “lizin müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilərək iddiaçı "xxxx" MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış 03 fevral 2020-ci il tarixli, MAS_2090 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı 6619,76 manat məbləğində əsas borc və 86,60 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş 21 mart 2021-ci il tarixli, 10 nömrəli arayışdan görünür ki, Cavabdeh idarə etdiyi “KhazarSD” markalı, **-PF-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2021-ci il tarixdə Bərdə şəhəri Koroğlu küçəsində baş vermiş yol nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. 23 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və TP4266721 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi “KhazarSD” markalı, **- PF-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə avto nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat inzibati qaydada cərimə edilmişdir. ADN761115nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsindən görünür ki, “KhazarSD” markalı, **-PF-***” dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 122 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

1. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Subyektiv hüquq hüquqi anlayış olmaqla özündə hüquq subyektinin hüquqauyğun hərəkətini, hüquqauyğun tələbini, hüquqi müdafiəsini ehtiva edir. Mülkiyyətçinin öz əmlakı üzərində mülkiyyət hüquqlarını həyata keçirməsi ilə əlaqədar yaranan öhdəlikləri üçün sahib və ya istifadəçi məsuliyyət daşımadığı kimi, mülkiyyətçinin öz əmlakına vurulan zərəri də tələb etmək məhz ona məxsus olan subyektiv hüquqdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlarda tələb hüququnun iddiaçıya güzəşt edilməsi, etibar edilməsi nəzərdə tutulmamışdır.

2. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün törədilmiş əməlin hüquqa zidd olması, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması, zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin olması mövcud olmalıdır. Zərər məhz törədilmiş hüquqazidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Hüquqazidd əməl hüquqi əhəmiyyətli davranışın bir formasıdır. Hüquqi əhəmiyyətli davranış hüquq üçün mahiyyəti olan, hüquqla tənzimlənən davranışdır. Hüquqi əhəmiyyətli davranışın iki forması mövcuddur, hüquqazidd davranış və hüquqauyğun davranış. Hüquqauyğun davranışın marjinal, konformist və sosial fəal davranış formaları mövcuddur. Hüquqazidd davranış isə özünü xəta və cinayət növündə ehtiva edir. Xəta anlayışı geniş anlayış olmaqla özündə həm inzibati, mülki hüquq pozuntusunu, eyni zamanda əmək hüquq pozuntularını ehtiva edir. İddiaçı tərəfindən məhkəmə təqdim edilmiş 23 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və TP4266721 nömrə inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi “Khazar SD” markalı, **-PF-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə avtonəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla cavabdeh tərəfindən hüquq pozuntusunun törədilməsi sübuta yetirilmişdir.

3. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Yuxarıdakıları nəzərə alaraq, məhkəmə iş materiallarını tədqiq edib müəyyən etmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında KHAZAR SD markalı, 99PF641 qeydiyyat nişanlı avtomobilə dair lizinq müqaviləsi bağlanılmışdır. Həmin nəqliyyat vasitəsinin idarə edilməsi səlahiyyəti etibarnamə əsasında Cavabdeh verilmişdir. 23 mart 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan və TP4266721 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, 23 mart 2021-ci il tarixdə Cavabdeh tərəfindən həmin KHAZAR SD markalı, 99PF641 qeydiyyat nişanlı avtomobil idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmişdir. Hadisə nəticəsində vurulan ziyan qiymətləndirilib, "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, ümumi olaraq 10619.76 manat borc məbləği iddiaçıdan tələb edilmişdir. Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qeyd olunan məbləğdə ziyanın vurulması təsdiq edilmişdir. İş materiallarından görünür ki, vurulan 10619.76 manat ziyan məhz Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində, yəni onun təqsirli hərəkətləri nəticəsində vurulmuşdur. Vurulan ziyan ilə Cavabdeh hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu sübuta yetirilib. "xxxx" MMC tərəfindən iddiaçı X2 tələb etdiyi borc məbləğini iddiaçı, reqres qaydada Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, Cavabdeh hüquqa zidd təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Odur ki, iddia tələbi təmin edilməlidir, 10619.76 manat maddi zərər cavabdehdən tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 122 manat dövlət rüsumu və hüquqi xidmətə görə vəkilə ödənilmiş 220 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 10619.76 (on min altı yüz on doqquz manat yetmiş altı qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rüsumu və 220 (iki yüz iyirmi) manat hüquqi xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar