Məhkəmə qərarları › İş №2(021)-3735/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3735/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3735/2025 27.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Hüseyn oğlu oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona çatası 7000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı Hüseyn oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Tərtər rayon Şıxarx kəndində maskunlaşmışdır. Cavabdeh ilə münasibəti yaxşı olmuşdur. Ona bir insan kimi hörmati olmuşdur. Cavabdeh problemi olduğu üçün ondan 7000 manat borc pul istəmişdir. O cavabdehə inanıb həmin məbləğdə pulu ona borc olaraq vermişdir. Cavabdeh ondan pul alması ilə bağlı qəbz yazıb vermiş və həmin pulu bir ilə yaxın müddətdə qaytaracağına söz vermişdir O, Cavabdeh ilə aralarında olan razılaşmaya əməl etməklə ona 7000 manat pul vermişdir. Lakin Cavabdeh razılaşmaya əməl etməmişdir. Pulu vaxtında qaytarmadığı üçün Cavabdeh vediyi borc pulu istəmişdir. O, sonra verəcəyini bildirmişdir. O bir daha pulunu geri istəyəndə cavabdeh ona yenə yalan vədlər verərək qaytaracağını bildirmişdir. Artıq o cavabdehlə əlaqə saxlamaq istədikdə Cavabdeh onunla danışmaq istəməmişdir. O Cavabdeh xəbərdarlıq etmişdir ki, pulu verməsə onu məhkəməyə verəcək, yenə müsbət nətice olmamışdır.O pulunu ala bilmədiyindən və o cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciat etməli olmuşdur. Onun cavabdehdə 7000 manat pulu qalmışdır. Pulunu qaytarmadığı üçün mübahisənin həll edilməsi məqsədi ilə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, 2019-cu ildə Tərtər rayonunda kafe işlədərkən cavabdehlə tanış olmuşdur. Cavabdehə heç bir məcburiyyət tətbiq etmədən, könüllü şəkildə 7000 manat məbləğində borca pul vermişdir. Cavabdeh həmin borc barədə iltizamı özü yazmış, heç bir kənar müdaxilə olmadan öz xətti ilə iltizamı yazaraq imzalamışdır. Lakin bugünədək cavabdeh qeyd edilən məbləğ üzrə borcu qaytarmır. Bu səbəbdən məhkəməyə müraciət edərək, borcun qaytarılmasını tələb edir, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, reallıqda verdiyi borc məbləği təxminən 6800 manat olmuşdur, 200 manat isə ona əlavə gəlir olaraq qalacaqdı. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı və qardaşı Tərtər rayonunda müxtəlif adamlara sələmə fiazə pul borc verməklə məşğuldurlar. İddiaçıdan ehtiyacı olduğu üçün 700 manat borc pul almışdır, bu barədə iltizam yazıb vermişdir. İltizamdakı imza və xətt nümunələri ona aiddir. Lakin bu iltizamı ehtiyac səbəbindən yazmış, özünə aid rəsmi sənədləri iddiaçıya girov olaraq vermiş, sonradan həmin borcu faizi ilə birlikdə ödədikdən sonra sənədlərini geri almışdır. O iddiaçının təqdim etdiyi iltizama məcburiyyət qarşısında qalaraq 7000 manat yazmışdır. Üzərindən altı il keçdikdən sonra lakin iddiaçı qanunsuz olaraq iltizamda guya onun iddiaçıdan 7000 manat borc pul almasını qeyd etmişdir. Borcun təminatı olaraq özünə məxsus şəxsi sənədlərini iddiaçıya vermişdir. İddiaçıdan aldığı 700 manat borcu qaytarmışdır. Borcu qaytardığı üçün iddiaçı onun ona məxsus sənədlərini qaytarıb özünə vermişdir. Odur ki, iddiqa tələbini rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dəvət edilmiş Şahid ifadə verərək bildirmişdir ki, oğlunun borca pul götürdüyünü bilmiş, həmin borc məbləğini özü oğlu vasitəsilə iddiaçıya qaytarmışdır. İddiaçı bir müddət əvvəl ona zəng edərək oğlunun borcunun qaldığını, bu məbləğin 10000 manat olduğunu bildirmişdir. Cavabdeh və qardaşının Tərtər rayonunda sələm verməklə məşğul olduğunu və bir çox insanları bu üsulla aldatdığını bildirdi. İş materiallarına istinad: Mülki işə əlavə edilmiş AA278977 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Əsədli X2 rayonundan məcburi köçkün olmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1993-cü ildə Bərdə şəhərində anadan olımuş, Kəlbəcər rayonu Susuzluq kəndndə qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Tərtər rayonu İcra Hakimiyyəti Başçısının Şıxarx İnzibati Ərazi X3 tərəfindən verilmiş 73 nömrəli, 29 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Əsədli X4 rayonunun Şıxarx kəndində müvəqqəti qeydiyyatdadır. Mülki işə əlavə edilmiş iltizamdan görünür ki, həmin iltizam da “Mən Cavabdeh mən özüm hal-hazırda Bərdə rayonunda yaşayıram. Mən hal-hazırda N nömrəli hərbi hissənin yol böülüyndə maxe işləyirəm.mənim ailəmdə xəstə olduğu üçün mənə pul ehtiyac olduğunu, həm də yoldaş biri İddiaçı xahiş etdim ki, mənə pul ehtiyacdır. Mənə ehtiyac olan pulun miqdarı 7000 manatdır. Əsədli İlqan mənə dedi ki, atamın adına bangdan pul götürüb sənə yeddi min manat verə bilərəm. Mən 7 min manatı aldım. Şərtimiz belə oldu ki, hər ay 800 manat pul verəcəyimə söz verdim. Mən bu pulu ödəməsəm mən İddiaçı bu pulu geri mənə qaytarmasa məni məhkəməyə verərək məhkəmə tərəfindən maaşımdan 50%i tutularaq İddiaçı pulunu ödənilənə qədər yönələndirilməsini istəyirəm. Mənim məhkəmə qarşısında polis qarşısında heç bir etirazım da ola bilməz. Olsa da keçərli deyil.Bu izahatı özüm yazdım doğrudur, heç bir etiraz heç bir təsir olmadan öz istəyimlə yazmışam. Pulu götürdüyüm tarix 2019.01.25 qaytaracağım tarix isə 2019.12.01. tarixdə qatracağıma söz verdim Tel-***-***-**-**,Mənim öz maaşım 1000 manatdır” Məhkəmə iclasında şahid qismində izahat verən Şahid izahatında göstərmişdir ki, iddiaçını tanımır, cavabdeh oğludur. Oğlunun iddiaçıdan 700-750 manat borc pul aldığını bilmişdir. Oğlu aldığı pulun əvəzində iddiaçıya 950 manat pul qaytarmışdır. Daha sonra kim olduğunu bilmədiyi bir nəfər ona zəng edərək oğlunun ona 1000 manat borcu olduğunu daha sonra isə zəng edərək onun səhv etşitdiyini oğlunun 10.000 manat borcu olduğunu bildirmişdir. Oğluna borcunun qaytarılması üçün 1000 manat vermiş, oğlu 950 manat borcunu ödəyərək özünə məxsus olan əmək haqqı karıtını və digər şəxsi sənədlərini iddiaçıdan geri almışdır. Tətbiq edilən hüquq: Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2.Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 439.1 və 439.2. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk öncə hesab edir ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Məhkəmədə sübut qismində tədqiq edilmiş və iddiaçı tərəfindən təqdim edilmiş iltizamdan görünür ki, cavabdeh borc qismində götürdüyü vəsaiti ayda 800 manat olmaqla qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçının razılaşdığı və istinad etdiyi həmin iltizam üzrə öhdəlik 2019-cu ilin oktyabr ayında tam şəkildə icra olunmalıydı. Lakin iddiaçı iddia etdiyi pozulmuş hüququnun bərpası məhkəməyə iddia tələbi ilə təxminən altı sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan mülki hüquq münasibətləri əhəmiyyətsiz əqd üzrə yaranmışdır. Əhəmiyyətsiz əqd üzrə yaranmışların geri qaytarılması ilə bağlı iddiaçı qarşı tərəfin əsassız varlandığını rəhbər tutaraq tələb edə bilər. Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin qaytarılmasını bir illik kəsici müddətlə çərçivələyir. Məhkəmə hesab edir ki, yalnız kəsici müddəti tətbiq etməklə kifayətlənmək olmaz. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 9 dekabr 2019-cu il və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyi rəhbər tutaraq hesab edir ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətləri üzrə iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Tərəflər əvvəllər heç vaxt dostluq və yoldaşlıq münasibətlərində olmamışlar, qohumluq əlaqələri yoxdur. Ortaq tanışları vasitəsilə cavabdeh iddiaçıdan borca pul almışdır. Tərəflər arasında heç bir asılılıq, qohumluq, dostluq münasibətləri olmamışdır ki, iddiaçı icra etdiklərini geri qaytarmaq üçün təxminən altı il gözləsin və ya tərəddüd etsin. Elektron məhkəmə informasiya sisteminə baxış keçirərkən iddiaçı tərəfindən dəfələrlə analoji tələblərlə müxtəlif rayon(şəhər) məhkəmələrinə müraciətlərin olduğu görünür. Məhkəmə iş materiallarını və tədqiq edilən sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməli, eyni zamanda iddiaçı tərəfindən qanunsuz sahibkarlıq fəaliyyətindən gəlir əldə edilməsi faktının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə müvafiq araşdırma aparılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar