Məhkəmə qərarları › İş №2(021)-377/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-377/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-377/2023 13.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh onun xeyrinə qəza zamanı ona dəymiş ziyan olan 25.665 manat məbləğində pul vəsaiti tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,özünə məxsus X13 markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır. 07 oktyabr 2022-ci il tarixdə Cavabdeh idarə etdiyi ** NC *** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz E220” markalı avtomobili idarə edərəkən idarəetməni itirərək Mingəçevir-Bəhrəmtəpə yolunun 76-cı km-də onun avtomobilini əzmişdir. 07 oktyabr 2022-ci tarixli ******* saylı inzibati tənbeh vermə haqqıda qərarın surətindən görünür ki, inzibati xəta törətmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat inzibati tənbeh növündə cərimə edilmişdir. Mütəxəssisin 11 oktyabr 2022-ci il tarixli “ilkin qiymətləndirmə aktı”ndan da göründüyü kimi ona məxsus X13 markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumilikdə 25.665 manat məbləğində ziyan dəymişdir. Hazırkı hadisə ilə əlaqədar bu günədək ona dəymiş ziyandan heç bir məbləğdə maddi ziyan ödənilməmişdir. Hətta onu təhqir edərək bildirmişdir ki, “get əlin hara istəyirsən ora qoy, məndən heç bir məbləğdə pul ala bilməyəcəksən”. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, ondan tələb olunan ziyan məbləğləri həddindən artıq şişirdilmişdir. Hesablanan ziyan iddia ərizəsində hansı hissənin zədələnməsinə görə hesablandığı göstərilməmişdir, o bu tələblərlə razı deyil. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1975-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AA 238038 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 01 iyun 2001-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AZE 07259075 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh 20 may 1959-cu ildə Bərdə rayonu, Hacallı kəndində doğulmuşdur, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AA 926043 nömrəli sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, həmin sürücülük vəsiqəsi Cavabdeh məxsusdur. Mülki işə əlavə edilmiş AD 346685 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Mersedes Benz E 220 CDİ minik markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh mülkiyyətinə qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş fiziki şəxs X6 tərəfindən verilmiş ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, Toyota Land-Cruiser markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşına ehtiyat hissələrə və köməkçi materiallara 21665 manat, təmir işlərinə, çilingər və elektrik işinə 500 manat, rəngsaz işinə 1500 manat, ümumilikdə cəmi 25665 manat ziyan dəymişdir. Mülki işə əlavə edilmiş Xocavənd rayonu, Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli, 331 nömrəli arayışdan müəyyən olunur ki, Quliyev X7 rayon 500 ailəlik Xocavənd qəsəbəsi 131 saylı evdə məskunlaşmışdır. Mülki işə əlavə edilmiş İnzibati Xəta haqqında ******* saylı, 08 oktyabr 2022-ci il tarixli protokolun surətindən müəyyən olunur ki, X2 Azərbaycan Respublikası İnzibagti Xətalar Məcəlləsinin 332.1, 342.5, 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Mülki işə əlavə edilmiş İnzibati Xəta haqqında ******* saylı, 07 oktyabr 2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Mülki işə əlavə edilmiş AA 870945 nömrəli sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, həmin sürücülük vəsiqəsi İddiaçı məxsusdur. Mülki işə əlavə edilmiş AD 465286 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Toyota Land-Cruiser markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşın X3 mülkiyyətinə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etirazda hadisədən sonra onun avtomobilinin tam yararsız vəziyyətə düşdüyünü, yalnız metallom qəbul etdiyini, iddiaçının avtomobilinə uzağı 7000 manat ziyan dəydiyini həmin ziyandan 5000 manatını sığorta şirkəti ödədiyini göstərərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Qala Sığorta tərəfindən verilmiş 1824/22 saylı, 15 dekabr 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, 07 oktyabr 2022-ci il tarixdə Bərdə şəhəri, Yevlax- Ağdam Laçın yolunun 17-ci km-də baş vermiş sığorta hadisəsi nəticəsində X14 markalı, 99BE 066 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinı dəymiş zərər 11.755 manat məbləğində müəyyən edilmişdir, “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsində üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat həcmində müəyyən edilmişdir. Bu səbəbdən də 21 oktyabr 2022-ci il tarixdə İddiaçı 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə Bərdə Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(021)-3733/2022 saylı qərardadı ilə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli, 9/380 nömrəli ekspert rəyi ilə X14 markalı, 99BE 066 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 19.497 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır;3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4)bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1098.2-ci maddəsinə müvafiq olaraq, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qeyd olunanmaddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, İddiaçı Addil oğlunun Cavabdeh qarşı avtoqəza nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi zərər qismən təsdiqini tapdığından iddia tələbi qismən təmin edilməlidir. Belə ki, baş vermiş hadisə nəticəsində iddiaçıya vurulmuş ziyan 19497 manat təçkil etdiyindən və həmin məbləğdən iddiaçı 5000 manat sığorta ödənişi aldığından iddia tələbi 14497 manat hissədə təmin edilməli, qalan hissədə isə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki,Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş bəzi sübutlarla qismən təsdiq edildiyindən iddia tələbi qismən təmin edilməlidir. İş üzrə 50 manat ekspretiza xərci X1 (Kod 21005, BÖEN **********,müxbir hesabıAZ41NABZ)**********0********) hesabına, iddia tələbi qismən təmin edildiyindən isə 133.49 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 14.497 (on dörd min dörd yüz doxsan yeddi) manat alınaraq İddiaçı verilsin. Cavabdeh ekspert rəyinə görə 50 (əlli) manat tutularaq X1 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ) **********0********) hesabına ödənilsin. İş üzrə iddia tələbi qismən təmin edildiyindən 133.49 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar