Məhkəmə qərarları › İş №2(021)-381/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-381/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-381/2021 04.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31.03.2019-cu il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 573 manat əsas borc, 171 manat cərimə borcu olmaqla, cəmi 744 manat borcun, 22.12.2019-cu il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 363 manat əsas borc, 108 manat cərimə borcu olmaqla, cəmi 471 manat, ümumilikdə hər iki müqavilə üzrə 1215 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31.03.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Samsung” markalı mobil telefonu 18 ay müddətinə hər ay 62 manat olmaqla, cəmi 1099 manat, 22.12.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “Xiaomi Redmi 8” markalı mobil telefonu 12 ay müddətinə hər ay 30 manat olmaqla, cəmi 348 manat ümumilikdə hər iki müqavilə üzrə 1447 manat ödənilməsi şərti ilə satılmışdır. Lakin Cavabdeh öhdəliklərini yerinə yetirməyərək alqı-satqı müqaviləsinin tələblərini kobud surətdə pozmuşdur. Nəticədə cavabdehin 31.03.2019-cu il tarixli, ********* saylı alqı-satqı müqaviləsinə əsasən 573 manat əsas borc, 171 manat cərimə borcu olmaqla, cəmi 744 manat borcun, 22.12.2019-cu il tarixli, ********* saylı alqı-satqı müqaviləsinə əsasən 363 manat əsas borc, 108 manat cərimə borcu olmaqla, cəmi 471 manat, ümumilikdə hər iki müqavilə üzrə 1215 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq götürdüyü öhdəliyi yerinə yetirməmiş və buna görə də məhkəməyə müraciət edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasına teleqram göndərək məhkəmə iclasında iştirak edə bilmədiyini, buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı MMC 18.01.2019-cu il tarixdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçmişdir. Mülki işə əlavə edilmiş 31.03.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh “Samsung” markalı mobil telefonu "xxxx" MMC-dən təhvil götürmüşdür. Mülki işə əlavə edilmiş 22.12.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh “Xiaomi Redmi 8” markalı mobil telefonu "xxxx" MMC-dən təhvil götürmüşdür. Mülki işə əlavə edilmiş 31.03.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, dəyəri 1099 manat olan “Samsung” markalı mobil telefona görə aylıq ödəniş 62 manat təşkil etmişdir. Mülki işə əlavə edilmiş 22.12.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, dəyəri 348 manat olan “Xiaomi Redmi 8” markalı mobil telefona görə aylıq ödəniş 30 manat təşkil etmişdir. Mülki işə əlavə edilmiş 28.10.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh "xxxx"MMC-yə 31.03.2019-cu il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 573 manat əsas borc, 171 manat cərimə borcu, 22.12.2019-cu il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 363 manat əsas borc, 108 manat cərimə borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcunun ödənilməsi üçün xəbərdarlıq olunmuşdur. Mülki işə əlavə edilmiş 04.11.2020-ci il tarixli, mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 31.03.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış, Cavabdeh ümumi qiyməti 1099 manat dəyərində olan bir ədəd oğlu “Samsung” markalı mobil telefonu 18 aya bölünərək, hər ay üçün 62 manat, 22.12.2019cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış, Cavabdeh ümumi qiyməti 348 manat dəyərində olan bir ədəd oğlu “Xiaomi Redmi 8” markalı mobil telefonu 12 aya bölünərək, hər ay üçün 30 manat hissə-hissə ödəmək şərtilə satılmışdır. Lakin Cavabdeh öhdəliklərini yerinə yetirməyərək alqı-satqı müqavilələrini kobud şəkildə pozmuşdur. Cavabdeh borcunu ödəmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə (peniya) pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni müqavilənin bitmə tarixini müqayisə edərək, iddiaçı "xxxx" MMC-nin iddiasının 31.03.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 171 manat, 22.12.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 108 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 31.03.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 18 manat, 22.12.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 11 məbləğində pulun tutulması ədalətlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 31.03.2019-cu il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 573 manat əsas borc, 18 manat cərimə borcu olmaqla, cəmi 591 manat borcun, 22.12.2019-cu il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 363 manat əsas borc, 11 manat cərimə borcu olmaqla, cəmi 374 manat, ümumilikdə hər iki müqavilə üzrə 965 manat borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum da cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 31.03.2019-cu il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 573 manat əsas borc, 18 manat cərimə borcu olmaqla, cəmi 591 manat borcun, 22.12.2019-cu il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 363 manat əsas borc, 11 manat cərimə borcu olmaqla, cəmi 374 manat, ümumilikdə hər iki müqavilə üzrə 965 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş № 2(021)-381/2021 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU 04 fevral 2021-ci il Bərdə şəhəri Bərdə rayon Məhkəməsi Hakim əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Sədrlik edən məhkəmə baxışı iclasını açaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə baxışı iclasında baxılmasını elan edir. İclas saat 11:00-da başlandı. Sədrlik edən məhkəmə iclas katibinə məhkəmə iclasına gəlmiş tərəflər barədə məlumat verilməsinə dair göstəriş verir. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, tərəflərə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasına teleqram göndərərək onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə yerində qərara alır: İşə tərəflərin iştirakı olmadan sənədlər əsasında baxılsın. Sədrlik edən işdə olan iddia ərizəsini, 31.03.2019-cu il tarixli, ********* saylı və 22.12.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələrini, mədaxil qəbzini, 28.10.2020-ci il tarixli maliyyə arayışı və digər sənədləri elan edir. Sədrlik edən müşavirə otağına gedir. Müşavirə otağından qayıdaraq qətnaməni oxuyub elan edir. Qətnamənin məzmununu, qətnamədən apellyasiya şikayəti vermək, müddəti və qaydasını, habelə tərəflərin iclas protokolu ilə tanış olmaq hüququnun olmasını izah edir. Sədrlik edən saat 11:05-də məhkəmə iclasını bağlı elan edir. Protokol 04 fevral 2021-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Katib: AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 0900,_ Bərdə şəhəri, Tel:_(02020)_5-09-80 Faks: (02020) 5-20-52 Gəncə küçəsi __4__ Elektron poçtu ________________________ 04 fevral 2021-ci il 2(021)-381/2021 "xxxx" MMC-yə ünvan: Bakı şəhəri Nərimanov rayonu Ə.Rəcəbli küçəsi 1/7 Cavabdeh ünvan: Bərdə rayonu Divanlı kəndi Bərdə Rayon Məhkəməsinin 2(021)-381/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnamənin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamə (05) səhifə Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar