Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3815/2023 21.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat pulun və ödənilmiş 41(qırx bir) manat dövlət rüsumunun (məhkəmə xərcinin), ümumilikdə 2041(iki min qırx bir) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Cavabdeh Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən mal-qara bazarında 2000 (iki min) manat qarşılığında yanı buzovlu bir baş iribuynuzlu mal (inək) almışdır. Malı alanda Elşən ona heyvanın sağlam olduğunu, heç bir xəstəliyinin olmadığını və hər gün 10 (on) litr süd verdiyini demişdir. Lakin, o, heyvanı evinə aparanda heyvanın xəstə olduğunu və süd vermədiyini görmüşdür. Bundan sonra cavabdehin istifadəsində olan (050)571-75-20 nömrəli mobil nömrəsinə zəng edərək, onun satdığı heyvanın xəstə olduğunu və onun dediyi qədər süd verməməsi barədə ona bildirmişdir. Növbəti bazar günü yəni xx.xx.2023cü il tarixdə (qeyd edilən ünvanda mal-qara bazarı hər həftənin bazar günü keçirilir) o, cavabdehdən aldığı inəyi Elşənə qaytarmaq məqsədi ilə Göygöl rayon Yeni Qızılca kəndində yerləşən mal-qara bazarına aparmışdır. Həmin vaxt onun qardaşı X1 da onunla birlikdə bazara getmişdir. O, bazarda Cavabdeh tapa bilmədiyindən ona zəng etmiş, Elşən öz oğlunun və Aqil adlı tanışının bazarda olduğunu, özünün isə bazarda olmadığını bildirmişdir. Bazarda Elşənin oğlunu və onun tanışı Aqili tapmış və onlarla görüşmüşdür. Həmin vaxt Aqil Elşənlə kirvə olduqlarını bildirmişdir. Elşənin oğlu atası telefon əlaqəsi saxlamış və Elşən oğluna heyvanı ondan götürməsini demişdir. Elşənlə telefonla o, özü də danışmış və o, həmin heyvanın əvəzinə ona başqa heyvan verəcəyini demişdir. O isə onunla razılaşmamış və ona iradını bildirərək verdiyi 2000 (iki min) manat pulunu özünə geri qaytarmasını tələb etmişdir. Cavabdeh onunla razılaşıb pulu növbəti bazar günü qaytaracağını demişdir. Cavabdeh dediyi vaxtda ona zəng etmişdir ki, 2000 (iki min) manat pulunu geri qaytarsın, lakin ona pulu geri qaytarmayacağını bildirmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə Göygöl rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, Rayon Polis Şöbəsində bu barədə araşdırma aparıldıqdan sonra ona bildirilmişdir ki, bu mülki mübahisədir və məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddianı qəbul etmir. Belə ki, mal satıldıqdan 3 həftə sonra iddiaçı mal bazarına inəyi xəstə vəziyyətdə gətirmiş, o özü orda olmadığından inəyi oraya qoyub getmişlər və bu barədə onun oğluna məlumat vermişlər. Oğlu da inək çöldə qalmasın deyə evə gətirmişdir. Gətirdikdən sonra inək ayaq üstə dura bilməmiş, baytar həkim gətirmiş , həkim qan paraziti diaqnozu qoymuşdur, iki gün sonra inək ölmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Xanlar rayon Şəmşəddin kəndində anadan olmuşdur. Samux rayon Qarayeri kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Göygöl Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinanayət işinin başlanmasının rədd olunması haqqında Qərarından görünür ki; xx.xx.2023-cü il tarixdə Samux rayonu Qarayeri qəsəbəsində yaşayan İddiaçı Göygöl RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Heyvan bazarından Bərdə rayon sakini Elşən adlı şəxsdən bir baş yanı balalı iribuynuzlu heyvan almasını və 2000 manat pul verməsini, heyvan xəstə olduğundan və süd vermədiyindən yenidən Elşən adlı şəxslə sövdələşib xx.xx.2023-cü il tarixdə heyvan bazarında görüşüb heyvanı sağ-sağlam qaytarmasını, lakin Elşənin başqa heyvan verəcəyini vəd verib onu aldadaraq pulunu qaytarmamasını, mənimsəməsini, sonradan isə Elşəndən pulu istədikdə, Elşənin heyvan verəcəyini, lakin heyvan verməməsini, onun 2000 manat pulunu geri qaytarmamasını bildirmişdir. Material üzrə izahatı alınmış İddiaçı bildirmişdir ki, o, Samux rayonu Qarayeri qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, 4 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada təsərrüfat işləri ilə məşğul olur. Şikayətinin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Heyvan bazarından adı sonradan ona məlum olan Elşən adlı şəxsdən 2000 manat qarşılığında yanı balalı bir baş iribuynuzlu heyvan almışdır. Həmin heyvanı yaşadığı evə gətirdikdən sonra heyvanın xəstə olmasını, süd verməməsini görmüşdür. Qeyd etmişdir ki, Elşən adlı şəxs heyvanı ona satan zaman heyvanın gün ərzində 10 litr süd verməsini ona bildirmişdir. Bundan sonra o, Elşən adlı şəxsin istifadəsində olan 050- ***-**-** nömrəli mobil nömrəsinə zəng edərək, ona satdığı heyvanın xəstə olmasını, onun dediyi qədər süd verməməsini ona bildirdikdə, Elşən heyvanın xəstə olmamasını, yaxşı baxdığı halda 10 litr süd verəcəyini ona bildirmişdir. Bundan bir həftə sonra, yəni xx.xx.2023-cü il tarixdə o, Elşən adlı şəxsdən aldığı bir baş yanı balalı iribuynuzlu heyvanı Elşənə qaytarmaq məqsədi ilə Göygöl rayon Yeni Qızılca kəndində yerləşən Heyvan bazarına aparmışdır. Qeyd etmişdir ki, o, həmin vaxt qardaşı X1 ilə birlikdə Heyvan bazarına getmişdir. Bazarda olan zaman Elşənin bazarda olmamasını görmüş və Elşənə zəng etdikdə, o, oğlunun və Aqil adlı tanışının bazarda olmasını, özünün isə bazarda olmamasını bildirmişdir. Bundan sonra o, Elşən adlı şəxsin adını xatırlamadığı oğlu və onun tanışı Aqil adlı şəxs ilə görüşmüş, Aqil Elşən ilə kirvə olmasını ona bildirmişdir. Qeyd etmişdir ki, Elşən adını xatırlamadığı oğlu ilə onların yanında telefon əlaqəsi saxlayaraq, oğluna heyvanı götürməsini bildirmiş, bundan sonra o, Elşən ilə telefonla danışan zaman Elşən həmin heyvanın əvəzinə ona başqa heyvan verəcəyini bildirmiş, o, isə Elşən ilə razılaşmayaraq ona verdiyi 2000 manat pulu geri qaytarmasını bildirmişdir. Elşən isə onunla razılaşaraq ona verdiyi pulu növbəti bazar günü ona verəcəyini demiş, o, isə onunla razılaşmışdır. İddiaçı qeyd etmişdir ki, bundan bir necə gün sonra Elşən özü onunla telefon əlaqəsi saxlayaraq, ona verdiyi 2000 manat pulu geri qaytarmayacağını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Elşən adlı şəxs ona qarşı dələduzluq edərək, vədinə əməl etməmiş, bu səbəbdən də Elşən adlı şəxsdən pulunun alınmasına köməklik göstərilməsi üçün xx.xx.2023-cü il tarixdə Göygöl rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İddiaçı sualları cavablandırarkən, Elşən adlı şəxsin Bərdə rayonu Zümürxan kəndində yaşamasını, onun şəxsiyyəti barədə tam məlumatının olmamasını bildirmişdir. Material üzrə izahatı alınmış X1 öz izahatında qardaşı İddiaçı göstərdiyi xüsusatları təsdiqləmiş, iş üçün əhəmiyyət kəsb edən yeni bir hal göstərməmişdir. Material üzrə izahatı alınmış Cavabdeh göstərmişdir ki, o, Bərdə rayonu Kürdborakı kəndində ailəsi ilə birlikdə yaşayır, 2 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada mal-qara alqı-satqısı ilə, belə ki, Bərdə, İmişli və Göygöl rayonunda yerləşən heyvan bazarlarında heyvan alıb-satır. İzahat verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, İddiaçı onun barəsində etdiyi şikayət ilə tanış oldu. Qeyd etmişdir ki, 2023-cü ilin təxminən mart ayının sonlarında Göygöl rayon Yeni Qızılca kəndində yerləşən Heyvan bazarında İddiaçı 1850 manat dəyərində yanı balalı bir baş iribuynuzlu heyvan satmış, bundan təxminən 2 ay müddət keçdikdən sonra İddiaçı ona zəng edərək, ona satdığı heyvanın südünün qurumasını, süd verməməsini bildirərək, həmin heyvanın satılmasında ona köməklik etməsini xahiş etmişdir. Cavabdeh da Bayramın iştirakı ilə ona satdığı heyvanı 1600 manata Göygöl rayonu Heyvan bazarında digər şəxsə satmış, bundan sonra İddiaçı 1600 manat pulun üzərinə 150 manat pul qoyaraq, yəni 1750 manat pulu ona vermiş, o, isə İddiaçı 1750 manat dəyərində yanı balalı bir baş iribuynuzlu heyvan satmışdır. Təxminən iki həftə sonra İddiaçı ona zəng edərək, sonuncu dəfə ona satdığı heyvanın məməsində şiş olmasını bildirib, həmin heyvanı geri qaytarmaq istədiyini demiş və növbəti bazar günü Bayram həmin heyvanı Göygöl rayonu Heyvan bazarına gətirmişdir. Qeyd etmişdir ki, onlar bazarda görüşmüş və o, heyvana baxdıqda heyvanın məməsində şiş olmamasını görmüş, Bayrama heç bir şişin olmamasını bildirdikdə, o, xəbərinin olmamasını, arvadının ona heyvanın məməsində şiş olmasını bildirməsini deyərək, heyvanı geri qaytarmaq istədiyini, əvəzində isə ona başqa heyvan verməsini ondan xahiş etmişdir. Həmin vaxt özündə yanı balalı bir baş qara rəngli iribuynuzlu heyvan olmuş, o, həmin heyvanı bazara satmağa çıxartmışdır. İddiaçı həmin heyvanı gördükdə, geri qaytardığı heyvanın əvəzinə qara rəngli heyvanı ona verməsini istəmiş, Elşəndə onunla razılaşmış və əvvəlcə ona satdığı heyvanı ondan geri alaraq əvəzinə özündə olan, yanı balalı bir baş qara rəngli heyvani Bayrama vermişdir. Bundan iki həftə sonra İddiaçı sonuncu dəfə ona satdığı heyvanı xəstə vəziyyətdə Göygöl rayonu Heyvan bazarına gətirərək, oğlu Fikrət Qaçayzadəyə geri qaytarmış və ona 2000 manat pul verməsini bildirmişdir. Qeyd etmişdir ki, həmin bazar günü o, şəxsi işləri ilə bağlı bazara gedə bilməmiş, lakin oğlu Fikrət bazarda olmuşdur. Bu zaman oğlu Fikrət ona zəng edərək, bu barədə ona məlumat verərək, heyvanın yeriyə bilməməsini, heyvanın xəstə olmasını bildirmiş, o, isə oğluna heyvanı götürməməsini bildirmişdir. Buna baxmayaraq İddiaçı sonuncu dəfə ona satdığı yanı balalı, bir baş qara rəngli iribuynuzlu heyvanı onların heyvan apardığı yük avtomaşınına bağlayaraq çıxıb getmişdir. Bundan sonra oğlu X5 satdığı heyvanı yaşadığı evə gətirən zaman, o, heyvanın yeriyə bilməməsini, heyvanın xəstə olmasını görmüş, yaşadığı kənddə yaşayan baytar həkimi Şükür adlı həkimi çağıraraq heyvana baxmasını xahiş etmiş, həkim heyvana baxdıqdan sonra heyvanın qızdırmasını bildirərək, müalicə olunması üçün dərman vuracağını, lakin heyvanın sağalmayacağını bildirmişdir. Cavabdeh heyvana dərman və sistem almış, buna baxmayaraq heyvan sağalmamış və ölmüşdür. Qeyd etmişdir ki, sonuncu dəfə İddiaçı satdığı yanı balalı, bir baş qara rəngli heyvanın qarşılığı olaraq Bayramdan 1750 manat pul almışdır. Abbasov Cavabdeh sualları cavablandırarkən, o, sonuncu dəfə yanı balalı bir baş qara rəngli iribuynuzlu heyvanı İddiaçı 2000 manata yox, 1750 manata satmasını, həmin heyvanı Bayrama satan zaman xəstə olmamasını, İddiaçı heyvanı xəstə vəziyyətdə ona geri qaytarmasını, heyvanın ölməsini, bu səbəbdən də 1750 manat pulu ona geri qaytarmamasını bildirmişdir. Cavabdeh araşdırma müddətində bir ədəd CD diski və həkim sənədini təhqiqata təqdim etmişdir. Material üzrə izahatı alınmış X2 öz izahatında atası Cavabdeh göstərdiyi xüsusatları təsdiqləmiş, iş üçün əhəmiyyət kəsb edən yeni bir hal göstərməmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Samux rayonu Qarayeri qəsəbəsində yaşayan İddiaçı ilə Bərdə rayonu Kürdborakı kəndində yaşayan Cavabdeh arasında bir neçə dəfə iribuynuzlu heyvan alqı-satqısı baş vermiş, sonuncu dəfə isə İddiaçı Cavabdeh bir baş yanı balalı iribuynuzlu heyvan almış, lakin İddiaçı heyvan xəstə olması və süd verməməsi səbəbindən həmin heyvanı Cavabdeh geri qaytarmış, sözügedən heyvan öldüyü üçün Cavabdeh İddiaçı pulunu geri qaytarmamış, aralarında mülki mübahisə yaranmışdır. Bununla da Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X3 ifadəsində göstərdi ki, o İddiaçı qonşusu olmaqla fermer təsərüffatı ilə məşğul olur. Heyvan alınan zaman o da iddiaçı ilə birlikdə mal bazarında olmuş, heyvanın xəstə olmasını müəyyən etməmişlər. Ona görə də heyvanı almışlar. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın təmin olunması sübutetmə yükü ilə əlaqədardır. İddiaçı iddia ərizəsində göstərilən halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Şahid ifadəsinə istinadən iddianın uğurlu həll olacağına əsaslanmışdır. Lakin məhkəmə qeyd edir ki, bu tip iddialarda iddianın uğurlu həlli üçün şahid ifadələri digər sübutlarla yanaşı yoxlanılmaqla qiymət verilir. Buna baxmayaraq şahid X3 ifadəsində vizual müşahidə ilə heyvanın alınan zaman xəstə olmadığını demişdir. Məhkəmə tərəfindən Göygöl rayon Polis şöbəsinə araşdırma ilə bağlı materialı istəmiş, həmin materialada olan baytar həkim Xəqani Hüseynov heyvana qan parazitar diqanozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 609.2-ci maddəsinə əsasən faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; Həmin Məcəllənin 609.3-cü maddəsinə əsasən yeyinti məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.3.2. qaramalda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə; Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları və sadalanan qanunvericilik normalarını qarşılıqlı təhlil edərək belə nəticəyə gəlir ki, heyvanının xəstəliyi MM-nin 609cü maddəsində nəzərdə tutulan xəstəliklər müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edilmədiyindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «pul » tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 40 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3815/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3815/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver