Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-383/2022 17.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan borclu olduğu 300 manat və dəymiş ziyan kimi 200 manat olmaqla, ümumilikdə 500 manat və və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Alaçadırlı kəndində yaşayan, hal –hazırda Bərdə rayonu Xantorpaqda fermada işləyən Cavabdeh yaşadığı ünvana gələrək bildirmişdir ki, “eşitmişəm ki, yaşadığın kənddə sənin əkin sahən var, orada yonca əkilib və oranı otarmaq üçün satırsan”. Cavabdehə 5.20 ha torpaq sahəsi olduğunu və satdığını bildirmişdir. Tural onunla 1900 (min doqquz yüz) manat pula razılaşmış və bildirmişdir ki, mal bazarı günü pulu verəcdir. Bu razılaşmadan sonra Tural özünə məxsus xırda buynuzlu heyvanları ilə onun 1 ha torpaq yonca sahəsini otardı, otarandan sonra bildirdi ki yeri qaytarır ona lazım deyil. O, cavabdehdən 1 ha yeri otardığı üçün pulu istəmiş və ona ya 60 yonca presi ya da ki, 300 manat pulu verməli olduğunu bildirmişdir. Əvvəl onunla razılaşmışlar. Lakin Tural ona 150 manat pul gətirmiş, o isə pulu ondan almayaraq razılaşdıqları 300 manat pulu verməsini tələb etmişdir. Tural onun pulunu verməmiş və bundan başqa kəndlərində ona məxsus əlavə 70 sot yonca sahəsini otarıb və ona maddi ziyan vuraraq həmin gecə qaçıb getmişdir. Borcunu qaytarmadığına görə Bərdə Rayon Polis Şöbəsinə şikayət etmiş, araşdırmadan sonra oradan ona şikayətinin mülki xarakterli olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh oğlu məhkəməyə teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasını, iddianın rədd olunmasını xahiş etmişdir. O həmçinin teleqramda iddianın əsassız olduğunu qeyd etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hacallı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 247 saylı 24.11.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Hacallı kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsinin İddiaçı müraciəti əsasında toplanmış materiala dair 10.11.2021-ci il tarixli Arayışından görünür ki, İddiaçı göstərmiş olduğu xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Mülki işə əlavə olunmuş RX seriyalı, № ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Hacallı kəndində yerləşən 5.14 ha torpaq sahəsi İddiaçı tam xüsusi mülkiyyətindədir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları və sadalanan qanunvericilik normalarını qarşılıqlı təhlil edərək belə nəticəyə gəlir ki, Cavabdeh oğlunun İddiaçı 300 manat borcu olması sübut olunmur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçıya ziyan vurulması da işdən müəyyən olunmur. Ona görə də iddia tələbi dəymiş ziyan hissəsində də təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh oğluna qarşı «pul və dəymiş ziyan» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-383/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-383/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver