Məhkəmə qərarları › İş №2(021)-386/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-386/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-386/2024 08.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 və üçüncü şəxs, eyni zamanda iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh xx.xx.1989-cu ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri M.Müşfiq küçəsi ev 9-da yaşayan Cavabdeh borclu olduğu 14160 (on dörd min bir yüz altmış) manat məbləğində pulun və ödənilmiş 132,50 (bir yüz otuz iki manat 50 qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, R.N.Musayev adına X3 Tipli Gimnaziya məktəbdə müəllimə işləyir. Əri Nümayəndə1 ********** saylı VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyatdadır və qızıl-ziynət əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabadeh Cavabdeh onunla birgə işləyən Jalə müəllimin vasitəsi ilə 2021-ci ildən tanımışdır. Belə ki, Şəbnəm həmkarı Jalə müəllimin bacısıdır. 2022-ci ilin əvvəlləri Şəbnəm əri Vüqarın qızıl-ziynət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu bildiyi üçün ona qızıl-ziynət əşyaları almaq istəyini və Nümayəndə1 xoşladığı qızıl-ziynət əşyalarını dəyərini hissə-hissə ödəmək şərti ilə alaraq ona nisyə satmağını xahiş etmişdir. Bu barədə əri Nümayəndə1 bildirmiş, Vüqar tanıdıqları insanlar olduğu üçün etiraz etməmişdir. Həmin vaxtdan da Cavabdeh ondan Nümayəndə1 məxsus müxtəlif çəkilərdə qızıl-ziynət əşyaları almış və dəyərini hissə-hissə ödəmişdir. Bundan başqa o, müəllim yoldaşları ilə lotoreya oynamış və Şəbnəmdə həmin lotoreya oyununun iştirakçısı olmuşdur. Həmin qızıl-ziynət əşyalarının bəzilərinin dəyərini də Şəbnəm lotoreya oyununda ödəmişdir. Cavabdeh ondan xx.xx.2022-ci il tarixdə 20 qram çəkidə 2120 manat dəyərində qızıl sep almış, 1920 manat ödəmiş, 200 manat borclu qalmış, xx.xx.2022-ci il tarixdə 20 qram çəkidə 2000 manat dəyərində qızıl sep almış, 1600 manat ödəmiş, 400 manat borclu qalmış, xx.xx.2022-ci il tarixdə 10 qram çəkidə 1000 manat dəyərində qızıl bilərzik almış, 800 manat ödəmiş, 200 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 20 qram çəkidə 2100 manat dəyərində qızıl sep almış, 1800 manat ödəmiş, 300 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 20,3 qram çəkidə 2130 manat dəyərində qızıl sep almış, 1830 manat ödəmiş, 300 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 44.7 qram çəkidə, 750 əyyarlı 5360 manat dəyərində qızıl zəncir sep almış, 2760 manat ödəmiş, 2600 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 15.12 qram çəkidə 1600 manat dəyərində qızıl sep almış, 1500 manat ödəmiş, 100 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 10 qram çəkidə 1100 manat dəyərində qızıl sep almış, 500 manat ödəmiş, 600 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 10.4 qram çəkidə 1140 manat dəyərində qızıl reket sep almış, 540 manat ödəmiş, 600 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 10.1 qram çəkidə 1130 manat dəyərində qızıl bilərzik almış, 930 manat ödəmiş, 200 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 10 qram çəkidə 1000 manat dəyərində qızıl sep almış, 300 manat ödəmiş, 700 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 10.4 qram çəkidə 1140 manat dəyərində qızıl sep almış, 500 manat ödəmiş, 640 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 19.1 qram çəkidə 750 əyyarlı 2380 manat dəyərində qızıl zəncir sep almış, 1500 manat ödəmiş, 880 manat borclu qalmış, xx.xx.2022-ci il tarixdə 11.5 qram çəkidə 1170 manat dəyərində qızıl bilərzik almış, 900 manat ödəmiş, 270 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 50 qram çəkidə 5000 manat dəyərində qızıl tros sep almış, 1800 manat ödəmiş, 3200 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 15.1 qram çəkidə 1520 manat dəyərində qızıl sep almış, 750 manat ödəmiş, 770 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 20 qram çəkidə 2020 manat dəyərində qızıl sep və bilərzik almış, 820 manat ödəmiş, 1200 manat borclu qalmışdır. Bundan başqa Cavabdeh onun tərəfindən lotareya oyununa qoşulmuş, yerdə 2000 manat götürmüş, 1800 manat ödəmiş 200 manat borclu qalmışdır. Həmçinin Cavabdeh lotareya oyununun digər iştirakçıları Xatirə və Ləman tərəfindən verilməsi üçün ona verilmiş, Xatirə tərəfindən İİİ və Vİİİ yer üçün hər biri 200 manat olmaqla cəmi 400 manat pulu, Ləman tərəfindən İV və V yer üçün hər biri 200 manat olmaqla cəmi 400 manat pulu qəbul etmiş, lakin ona verməmişdir. Cavabdeh qızıl-ziynət əşyalarının dəyəri olan . 13360 manat pulu və lotareya oynundan borclu qaldığı 800 manat pulu ona ödəməsi barədə öhdəlik götürmüşdür. Lakin söz verdiyi tarixdən xeyli müddət keçməsinə baxmayaraq ödəməmişdir. Dəfələrlə borclu olduğu pulu tələb etsə də, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh ondan qeyd edilən qızıl-ziynət əşyalarını almasını şahidləri X1 və X5 da təsdiq edə bilər. Ona görə ki, həmin əmlaklardan bəzilərini şahidləri olan həmin şəxslərdən satın alaraq və onların iştirakı ilə Cavabdeh satmışdır. Hesab edir ki, Cavabdeh ona olan etibarından istifadə edərək, ona məxus qızılziynət əşyalarını ondan alaraq dəyərini tam ödəməməklə aralarında bağlanmış şifahi alqısatqı müqaviləsini və onun qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdehin valideynləri ona qızıl-zinyət əşyalarına görə 4620 manat, lotoreya oyununa görə isə 800 manat pul ödəmişlər. Bu ödənişlərdən sonra, yəni hal-hazıra kimi cavabdehin ona 14166 manat borcu qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin 14 dekabr 2023-cü il və 17 yanvar 2024-cü il tarixli iclaslarında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, İddiaçı ona qarşı 14160 manat məbləğində pul və ödənilmiş 132,50 manat dövlət rüsumunun tutulması ilə bağlı iddia qaldırmışdır. İddia ilə razı deyil. Çünki İddiaçı ərizədə şişirdilmiş qiymətlər və qızıl əşyaları yazmışdır. xx.xx.2023-cü il tarixdə 20 qram çəkidə 583 əyarlı 2200 manata qızıl sep almış, 2200 manat puldan 1900 manatını özü, qalan 300 manatını isə xx.xx.2023-cü il tarixdə valideynləri iddiaçıya ödəmişlər. xx.xx.2023-cü il tarixdə iddiaçıdan 15,12 qram çəkidə 583 əyarlı 1700 manata bir ədəd qızıl sep almış, həmin 1700 manatdan 1600 manatını özü, 100 manatını isə xx.xx.2023-cü il tarixdə valideynləri iddiaçıya ödəmişlər. xx.xx.2023-cü il tarixdə iddiaçıdan 10 qram çəkidə 583 əyarlı 1150 manat dəyərində bir ədəd qızıl sep almış, həmin 1150 manatdan 600 manatını özü ödəmiş, 600 manatı isə borc olaraq qalmışdır. Həmin 600 manatı yenə də valideynləri xx.xx.2023-cü il taixdə iddiaçıya ödəmişlər. xx.xx.2023-cü il tarixdə 50 qram çəkidə 583 əyarlı ikinci əl tros sepi iddiaçıdan 5200 manata almış, həmin 5200 manatdan 2000 manatını özü, qalan 3200 manat pulu isə valideynləri ödəmişdir. 2023-cü ilin may ayında iddiaçıdan 950 manata bir ədəd qızıl üzük almış, həmin üzüyün pulundan iddiaçıya 750 manat borcu qalmışdır. Həmin ödənişin gecikmə səbəbi isə iddiaçının lotoreya oyunu təşkilində saxtakarlığa yol verməsi olmuşdur. Qızıl-zınyət əşyalarının ödənişlərinin bitməsinə baxmayaraq iddiaçı həmin qızıl-zinyət əşyalarına görə əlavə pul istəmiş və belə əsaslandırmışdır ki, lotoreya adlandırdığı oyunun l-ci yer üçün 400 manat, ll-ci yer üçün 300 manat, lll-cü yer üçün isə 200 manat əlavə verməlidir. Lotoreya oyunun l-ci yeri iddiaçının yoldaşının olmuş, həmin pul, yəni 400 manat ona çatmışdır. Bütün yuxarıda qeyd etdiklərinə əsasən bildirir ki, onun iddiaçıya hazırda cəmi 750 manat borcu var, həmin borcunu da ödəməyə hazırdır. İddiaçı onun barəsində digər müəllimə yoldaşlarına bildirmişdir ki, pulu ondan iki qat məbləğdə alacaqdır. Qızıl-zinyət əşyalarını yatırım məqsədi ilə, yəni saxlanc kimi, gələcək həyatının təminatı olaraq alıb yığmışdır. İddiaçı ilə aralarında həmişə yaxşı münasibətlər olmuşdur. Həmişə alver etmişlər. Sonradan ehtiyacı olduğundan iddiaçıdan aldığı qızıl-zinyət əşyalarını aldığı qiymətdən aşağı qiymətə satmışdır. İddiaçı ilə onun telefon danışıqları və yazışmaları olmuşdur. İddiaçı həmişə ona yazmışdır ki, qızıl-zinyət əşyalarının satılmasında ona köməklik etsin. Lotoreya oyununun təşkilində komanda yığmaqda köməklik etmişdir. Valideynləri iddiaçının evində qızıl-zinət əşyalarının qalıq pulunu və lotoreya oyununun pulunu nəğd şəkildə vermişlər. Valideynləri onun borcuna görə iddiaçıya və ərinə 4800 manat məbləğində pul ödəmişlər. İddiaçıya olan 750 manat məbləğində borcunu ödəməyə razıdır. İddianın qalan hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 Cavabdeh göstərdiklərini bir daha təsdiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs, eyni zamanda iddiaçının nümayəndəsi Nümayəndə1 göstərdi ki, İddiaçı onun arvadıdır. Arvadı İddiaçı Cavabdeh satdığı qızıllar onun mağazasında satışda olan qızıllar olmuşdur. Bütün baş verənlərlə bağlı polis şöbəsinə müraciət də etmişdir. Lakin polis şöbəsində cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh onlara 14166 manat məbləğində borcunun olmasını, həmin borcdan 10000 manat versələr qalan 4166 manatını güzəşt edəcəyini cavabdehə və valideynlərinə bildirmişdir. Bəhruz Əliyev cəmi 3000 manat pul gətirmişdir. Ümumi tanışları Əsmər xanım bildirmişdir ki, onun xatirinə 1000 manat da əlavə olunacaqdır. O da bildirmişdir ki, axı bu 4000 manat pul onun camaata olan borcunu ödəmir. Onlar cavabdeh və valideyinləri ilə söhbət edərkən demişlər ki, bu ödənişlər qızlarının onlara olan hər aya olan borclarıdır. Borclarını hər ay ödəyərlər, onlara da ağırlıq düşməz. Cavabdehin valideynləri cavabdehin qızıl-zinyət əşyalarına görə yaranmış borcundan onlara 4620 manat pul ödəmişlər. Həmin məbləği çıxandan sonra qalan borcu tələb edirlər. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə1 onun qohumlarıdır. Onların, yəni ailə üzvlərinin və onun qızılzinyət əşyalarının alqı-satqısı ilə bağlı hər hansı bir işləri olarsa həmişə Nümayəndə1 müraciət edirlər. Həyətində tikinti işləri apardığından pul lazım olmuş, qızıl satmaq üçün Vüqara müraciət etmiş, Vüqar ona bildirmişdir ki, tanıdıqları adam var, qızılları həmin tanışının qızı Şəbnəmə satacaq. Özü də bildirmişdir ki, ona pul lazımdır, qızılları kimə satırsa satsın. Razılaşmış və Vüqar qızılları ondan almışdır. Cavabdeh şəxsən tanımamışdır. Qızıllar 2 ədəd sep, 1 ədəd bilərzik və bilərzik kimi xırda sepdən ibarət olmuşdur. Qızılları Nümayəndə1 vermiş, sonuncu bildirmişdir ki, hər ay 200-300 manat olmaqla pulunu qaytaracaq. Nümayəndə1 onun qızıllarını satanda bildirmişdir ki, qızılları tanışı Rəsul müəllimin qızı Şəbnəm xanıma satmışdır. Vüqar qızılları Şəbnəm xanıma onun yanında verməmişdir. Qızılların qiyməti 9600 manat təşkil etmiş, həmin 9600 manatdan Nümayəndə1 bir hissəsini qaytarmış, 5440 manat borclu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, Cavabdeh onun qızıdır. 2023-cü ilin iyun ayında əri ilə Bakı şəhərində olmuşlar. Onun telefonuna zəng gəlmiş və bildirmişlər ki, qızının lotoreya oyununa 350 manat borcu vardır. X11 350 manat pul göndərmişdir ki, aparıb iddiaçıya versin. X12 də pulu aparıb iddiaçıya vermişdir. Qızı Cavabdeh zəng etmiş, qızı ona bildirmişdir ki, onun heç kimə lotoreya borcu yoxdur. Lakin qızıl-zinyət əşyaları almış və qızılların pulundan borcu varıdır. Cavabdeh soruşduqda, sonuncu bildirmişdir ki, beş ədəd qızıl-zinyət əşyası almışdır, onun ikisini ucuz qiymətə satmış, qalan üç ədədi isə özündədir. Bakı şəhərindən qayıtdıqdan sonra üç ədəd qızılzinyət əşyasını götürüb, əri və X12 ilə birlikdə iddiaçının yaşadığı ünvana getmişdir. İddiaçıdan xahiş etmişdir ki, qızının aldığı və hal-hazırda onda olan üç ədəd qızıl-zinyət əşyasını geri götürsünlər. Lakin iddiaçı və onun əri bildirmişlər ki, qızılları qaytarmırlar. İddiaçıdan nə qədər pul borclarının olduğunu soruşmuş, bundan sonra İddiaçı və əri Nümayəndə1 onun qarşısına dəftər qoymuş, Nümayəndə1 bildirmişdir ki, borcunuz çoxdu, hissə-hissə ödəyin getsin. İddiaçı və nümayənəsinin dedikləri ilə hesablamış və onun hesablamalarına görə Cavabdeh borcundan əlavə olaraq, iddiaçı və onun nümayəndəsinə 700 manat artıq pul ödəməlidir. 300, 200, 300 manat ödəmələr etməklə iddiaçı və nümayəndəsinə pul ödəmişdir. Sonra ona bildirmişlər ki, Cavabdeh 800 manat da lotoreya borcu vardır. Onu da ödədikdən sonra bildirmişdir ki, bir daha onları narahat etməsinlər. Gələn ay, yəni iyul ayında İddiaçı və əri Nümayəndə1 onların yaşadıqları evə gələrək, qızının onlara köhnədən qalan borcu olduğunu bildirmişlər. İddaçı və nümayəndəsinin deməsinə görə 200 manat bir borc, 300 manat bir borc, 400 manat bir borc, ümumilikdə 2000 manat borc olmuşdur. O cümlədən, bildirmişlər ki, qızı birinci yer lotoreya oyununda olduğuna görə 400 manat da verməlidir. Özü də bildirmişdir ki, birinci yer lotoreyanı əgər yoldaşı, yəni iddiaçının nümayəndəsi, əri götürmüşsə, 400 manatı da o verməlidir, qızı yox. İddiaçı ona bildirmişdir ki, yaxşı edir, o bu cür qurur lotoreyanı. Qızı Cavabdeh lotoreyadan pul almamışdır. Hətta bu barədə söhbət olanda iddiaçı ilə ərinin arasında mübahisə yaranmış, iddiaçı qızının 750 manat, iddiaçının nümayəndəsi isə 750 manat deyil, 950 manat borcunun olduğunu bildirmişlər. Daha sonra iddiaçı qızına digər şəxslər vasitəsi ilə xəbər göndərmişdir ki, pulu ondan üç qat alacaq. Bir müddət sonra Nümayəndə1 X12lə görüşmüş və demişdir ki, Cavabdeh 3000 manat pul versin, bununla da aralarında olan borc söhbəti bağlansın. Bəhruz Əliyev bildirmişdir ki, 1000 manat verək bununla da bütün məsələlər bitsin. Sonradan öyrənmişdir ki, iddiaçı qızına qab-qacaq satmış, altı ədəd bokalı 270 manata satmışdır. Həmin bokallara görə qızı 100 manat ödəmişdir. Həmin bokalları qaytarmışdır. Hətta sonradan həmin bokallara görə yenə də əlavə olaraq iddiaçıya 100 manat pul ödəmişdir. Səbəb isə bütün bunlara son qoymaq olmuşdur. 1 ədəd 20 qram çəkidə 2200 manat dəyərində qızıl sep olmuş, həmin 2200 manatdan 1900 manatını Cavabdeh, qalan 300 manatını isə onlar ödəmiş, 1 ədəd 15 qram çəkidə 1700 manat dəyərində qızıl sep olmuş, həmin 1700 manatdan 1600 manatını qızı, qalan 100 manatını isə onlar ödəmiş, 1 ədəd 10 qram çəkidə 1140 manat dəyərində qızıl sep olmuş, həmin 1140 manatdan 540 manatını qızı ödəmiş, qalan 600 manatını onlar ödəmiş, 1 ədəd 10 qram çəkidə 1150 manat dəyərində qızıl sep olmuş, həmin 1150 manatdan 550 manatını qızı, qalan 600 manatını isə onlar ödəmiş, 1 ədəd 50 qram çəkidə 5200 manat dəyərində qızıl sep olmuş, həmin 5200 manatın 2000 manatını qızı, qalan 3200 manatını isə onlar ödəmişlər. Bundan başqa, Şəbnəm iddiaçıdan 1 ədəd 950 manat dəyərində qızıl üzük almış, qızı 200 manatını ödəmiş, 750 manat isə borcu qalmışdır. Onlar, yəni o, əri və X12lə birlikdə iddiaçının evində olarkən İddiaçı və əri Nümayəndə1 qızıl-zinyət əşyalarına görə 4800 manat borc və lotoreya oyununa görə isə 800 manat pul ödəmişlər. Onlara orada deməmişlər ki, əlavə borcları da qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, Cavabdeh onun qızıdır. Arvadı ilə Bakı şəhərində olmuş, iddiaçı arvadına zəng edərək qızlarının borcu olduğunu bildirmişdir. Bərdə rayonuna gələrək, arvadı və yeznəsi Bəhruzla birlikdə iddiaçının yaşadığı ünvana getmişlər. İddiaçıya 4800 manat pul və 800 manat lotoreya borcu ödəmişlər. Bununla da aralarında olan borc məsələsi bağlanmış, onlar yenidən Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərində olarkən iddiaçıya 100 manat pulu da kart vasitəsi ilə göndərmişlər. Bu ödənişlər 26 iyul 2023-cü il tarixdə olmuşdur. Əgər iddiaçı və əri desəydilər ki, Cavabdeh başqa borcu da var, onlar ödəyərdilər. Lakin onlara bununla bağlı nə iddiaçı, nə də iddiaçının əri heç nə deməmişlər. Onlara qızlarının 4800 manat bir, 800 manat da bir borcu olduğunu bildirmişlər və onlar da həmin borcu ödəmişlər. Onlar iddiaçıya və ərinə 5600 manat pul ödəyəndə onlara deməmişlər ki, borcları qaldı və ya qalmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, Cavabdeh baldızıdır. Cavabdehin iddiaçıya 350 manat borcu olmuş, pulu aparıb iddiaçının ərinə vermişdir. Cavabdehin valideynləri iddiaçıya və onun ərinə olan borcunu ödəmişlər. Bir müddət sonra bilmişdir ki, iddiaçının deməsinə görə baldızının xeyli miqdarda borcu qalmışdır. Qayınanası Sədiqə ilə birlikdə iddiaçının yaşadığı ünvana getmişlər. Qayınanası Sədiqə xanım iddiaçıya və ərinə ümumilikdə 5600 manat borc ödəmiş və bildiyi qədər 750 manat borcları qalmışdır. O, iddiaçının əri Nümayəndə1 ilə maşın yuma yerində söhbət etmiş, cavabdehin anası Sədiqə xanımın 750 manat pul verəcəyini demişdir. Bir xeyli danışdıqdan sonra demişdir ki, 1000 manat verər və bununla da borcları bağlanmış olar. Cavabdehin valideynləri ilə məsləhət etmiş və qərara gəlmişlər ki, iddiaçıya 1000 manat pul versinlər. Lakin Nümayəndə1 2000 manat pul istəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahidləri dindirib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri S.Vurğun küçəsi ev 63də qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə1 xx.xx.1972-ci ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuşdur, Bərdə şəhəri S.Vurğun küçəsi ev 63-də qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri M.Müşfiq küçəsi ev 9da qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli, 5216 saylı arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri S.Vurğun küçəsi ev 63-də yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli 4445 saylı arayışdan görünür ki, Nümayəndə1 Bərdə şəhəri S.Vurğun küçəsi ev 63-də yaşayır. “Vergi ödəyicisinin uçota alınması haqqında” şəhadətnamədən görünür ki, Bərdə şəhəri S.Vurğun küçəsi ev 63-də yaşayan Nümayəndə1 adına vergi ödəyicisi kimi **********2 saylı VÖEN qeydiyyata alınmışdır. Bərdə Rayon Polis Şöbəsinin təhqiqatçısının “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Nümayəndə1 müraciəti əsasında toplanmış HK-1/3659 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Qeyd olunan qərarda Cavabdeh ifadəsində göstərmişdir ki, Bərdə rayon 3 saylı tam orta məktəbdə müəllimə işləyir. İddiaçı və onun əri Nümayəndə1 etdiyi şikayətlə tanış olmuşdur. Təqribən 2 ildir ki, İddiaçı tanıyır və sonuncunun əri Nümayəndə1 qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olması barədə məlumatı olmuşdur. Maddi çətinliyi olduğu üçün qərara gəlmişdir ki, İddiaçı nisyə qızıl-zinyət əşyaları alaraq satışını həyata keçirsin. Bu barədə Nərgizə demiş və sonuncu ona qızıl-zinyət əşyaları verəcəyi müqabilində ondan həmin qızıl-zinyət əşyalarını hazırkı qiymətindən iki dəfə artıq qiymətə satacağını demiş, o, Nərgizlə razılaşmışdır. Müxtəlif vaxtlarda Nərgizdən qızıl-zinyət əşyalarını hazırkı qiymətindən iki dəfə artıq qiymətə almış, lakin aldığı qiymətdən ucuz qiymətə ayrı-ayrı şəxslərə satmışdır. Sonuncu dəfə, yəni, 2023-cü ilin iyun ayında Nərgizdən 950 manata 1 ədəd qızıl üzük almış və sonuncu ilə razılaşmışdır ki, həmin qızıl üzüyün pulunu 2 ay müddətinə ödəsin. Nərgiz 950 manat dəyərində olan üzüyü iki ay olmaqla hər ay üçün 600 manat ödəməsini demişdir. O, Nərgizlə razılaşmışdır. Növbəti ay maddi çətinliyi olduğu üçün Nərgizə 200 manat ödəniş etmiş və sonuncuya 750 manat borcu qalmışdır. Nərgiz və Vüqarın dedikləri həqiqətə uyğun deyildir. Onun Nərgiz və Vüqara 14160 manat pul borcu yoxdur. Nərgizdən 950 manata aldığı qızıl üzüyün 200 manatını ödəmiş və hazırda sonuncuya 750 manat pul borcu vardır. Habelə, İddiaçı ona satdığı qızıl-zinyət əşyalarının dəyərindən baha qiymətə satdığını və qızıl-zinyət əşyalarının olduğu qiymətə hesablanmasını dediyi üçün sonuncu və Vüqar narahat olaraq onlara 14160 manat pul borcu olmağı barədə yalan məlumat vermişlər. 24 oktyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 132,50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında qızıl-zinyət əşyalarının nisyə alqı-satqısı ilə bağlı razılaşma olmuşdur. İddia tələbində əsasən, cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıdan sonuncunun əri Nümayəndə1 məxsus olan 20 qram çəkidə 2120 manat dəyərində qızıl sep almış, 1920 manat ödəmiş, 200 manat borclu qalmışdır, xx.xx.2022-ci il tarixdə 20 qram çəkidə 2000 manat dəyərində qızıl sep almış, 1600 manat ödəmiş, 400 manat borclu qalmışdır, xx.xx.2022-ci il tarixdə 10 qram çəkidə 1000 manat dəyərində qızıl bilərzik almış, 800 manat ödəmiş, 200 manat borclu qalmışdır, xx.xx.2023-cü il tarixdə 20 qram çəkidə 2100 manat dəyərində qızıl sep almış, 1800 manat ödəmiş, 300 manat borclu qalmışdır, xx.xx.2023-cü il tarixdə 20,3 qram çəkidə 2130 manat dəyərində qızıl sep almış, 1830 manat ödəmiş, 300 manat borclu qalmışdır, xx.xx.2023-cü il tarixdə 44.7 qram çəkidə, 750 əyarlı 5360 manat dəyərində qızıl zəncir sep almış, 2760 manat ödəmiş, 2600 manat borclu qalmışdır, xx.xx.2023-cü il tarixdə 15.12 qram çəkidə 1600 manat dəyərində qızıl sep almış, 1500 manat ödəmiş, 100 manat borclu qalmışdır, xx.xx.2023-cü il tarixdə 10 qram çəkidə 1100 manat dəyərində qızıl sep almış, 500 manat ödəmiş, 600 manat borclu qalmışdır, xx.xx.2023-cü il tarixdə 10.4 qram çəkidə 1140 manat dəyərində qızıl reket sep almış, 540 manat ödəmiş, 600 manat borclu qalmışdır, xx.xx.2023-cü il tarixdə 10.1 qram çəkidə 1130 manat dəyərində qızıl bilərzik almış, 930 manat ödəmiş, 200 manat borclu qalmışdır, xx.xx.2023-cü il tarixdə 10 qram çəkidə 1000 manat dəyərində qızıl sep almış, 300 manat ödəmiş, 700 manat borclu qalmışdır, xx.xx.2023-cü il tarixdə 10.4 qram çəkidə 1140 manat dəyərində qızıl sep almış, 500 manat ödəmiş, 640 manat borclu qalmışdır, xx.xx.2023-cü il tarixdə 19.1 qram çəkidə 750 əyyarlı 2380 manat dəyərində qızıl zəncir sep almış, 1500 manat ödəmiş, 880 manat borclu qalmışdır, xx.xx.2022-ci il tarixdə 11.5 qram çəkidə 1170 manat dəyərində qızıl bilərzik almış, 900 manat ödəmiş, 270 manat borclu qalmışdır. xx.xx.2023-cü il tarixdə 50 qram çəkidə 5000 manat dəyərində qızıl tros sep almış, 1800 manat ödəmiş, 3200 manat borclu qalmışdır, xx.xx.2023-cü il tarixdə 15.1 qram çəkidə 1520 manat dəyərində qızıl sep almış, 750 manat ödəmiş, 770 manat borclu qalmışdır, xx.xx.2023-cü il tarixdə 20 qram çəkidə 2020 manat dəyərində qızıl sep və bilərzik almış, 820 manat ödəmiş, 1200 manat borclu qalmışdır. İddiaçı iddia ərizəsində cavabdehdən qızıl-zinyət əşyalarına görə 13360 manat məbləğində pulun alınaraq ona verilməsini tələb etsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin qızıl-zinyət əşyalarına görə iddiaçıya 13160 manat məbləğində borcu qalmışdır. İddiaçı ilə cavabdehin arasında qızıl-zinyət əşyalarının nisyə alqı-satqısının baş verməsi tamamilə sübut olunmuşdur. Qeyd olunan hallar iddiaçının, iddiaçının nümayəndəsinin, cavabdehin izahatları, o cümlədən, şahidlərin ifadələri və Bərdə Rayon Polis Şöbəsinin təhqiqatçısının “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 sentyabr 2023-cü il tarixli qərarı ilə müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdeh iddiaçıdan nisyə qızıl-zinyət əşyaları aldığını etiraf etmiş, lakin aldığı qızıl-zinyət əşyalarının dəyərinin bir hissəsinin özü tərəfindən, qalan hissəsinin isə valideynləri tərəfindən iddiaçıya ödənildiyini, 2023-cü ilin may ayında iddiaçıdan 950 manata aldığı bir ədəd qızıl üzüyə görə iddiaçıya cəmi 750 manat məbləğində borcunun qaldığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan nisyə qızılzinyət əşyaları alması işin faktiki halları, o cümlədən cavabdehin özünün izahatı ilə sübuta yetirildiyindən, həmin qızıl-zinyət əşyalarının dəyərinin qaytarılmasının sübut edilməsi yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh və məhkəmə iclasında şahid qismində dindirilən valideynləri iddiaçıya 4800 manat məbləğində pulun cavabdehin valideynləri tərəfindən ödənildiyini bildirirlər. İddiaçı və onun nümayəndəsi isə cavabdehin borcuna görə onun valideynlərinin 4620 manat məbləğində pul ödədiklərini bildirdilər. Lakin iddiaçı və onun nümayəndəsi valideynlərin ödədikləri məbləğ çıxılandan sonra qalan borcu tələb etdiklərini bildirirlər. Cavabdeh isə, yuxarıda qeyd edildiyi kimi, borcunun qaytarılmasına dair sübut təqdim edə bilmir. İddiaçının lotoreya oyununa görə 800 manat məbləğində pul tələbinə dair iddiası ilə bağlı isə məhkəmə qeyd edir ki, qeyd olunan tələb mücərrəd olduğundan və bununla bağlı heç bir mötəbər sübut təqdim edilmədiyindən iddia tələbinin həmin hissədə təmin edilməsi üçün qanuni əsas mövcud deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2.-ci maddəsinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə görə, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. İstinad olnan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iddianı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Baxılan mülki iş üzrə iddiaçı iddia tələbinin təmin olunması üçün məhkəməyə mötəbər sübut təqdim etməsə də, cavabdeh məhkəmə iclasında vediyi izahatında iddiaçıdan nisyə qızılzinyət əşyaları aldığını etiraf etmişdir. Yəni, iddia tələbinin haqlı olması cavabdehin etirafyönümlü izahatı ilə təsdiq olunur. Lakin cavabdeh qızıl-zinyət əşyalarını iddiaçıdan nisyə aldığını etiraf etsə də, həmin qızıl-zinyət əşyalarının pulunu qaytadığını, iddiaçıya cəmi 750 manat məbləğində borcunun qaldığını bildirir. Belə olan halda isə borcun qaytarılması ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh məhkəmə iclasında iddiaçıdan nisyə qızıl-zinyət əşyaları aldığını etiraf etmiş və iddiaçıdan aldığı qızıl-zinyət əşyalarının dəyərini sonuncuya qaytardığını bildirmiş, lakin borcunu tam olaraq qaytarması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdehin məhkəmə təqdim etdiyi şahidlər atası, anası və bacısının əri olmaqla yaxın qohumları olmuş, onların məhkəmə iclasında verdikləri izahatlar cavabdehi müdafiə etmək məqsədi daşımışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan nisyə qızılzinyət əşyaları almış, aldığı əşyaların pulundan bir hissəsini qaytarsa da, 13160 manat məbləğində borcunu qaytarmamışdır. Azərbaycan Respublikasının MM-nin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh nisyə aldığı qızıl-zinyət əşyalarının dəyərinə görə borclu olduğu 13160 (on üç min bir yüz altmış) manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh həmin məbləğdə pulun iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda istinad olunan hüquq normalarının göstərişlərinə əsasən hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 129,48 (bir yüz iyirmi doqquz manat 48 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası qismən təmin edilsin. Cavabdeh 13160 (on üç min bir yüz altmış) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 129,48 (bir yüz iyirmi doqquz manat 48 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar