Məhkəmə qərarları › İş №2(021)-386/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-386/2025

06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-386/2025 06.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 3900 (üç min doqquz yüz) manat pul borcunun və ödədiyi olduğu 59 (əlli doqquz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, çoxdan tanıdığı Cavabdeh 2023-cü ilin may ayında Nizami rayonu ərazisində yerləşən Siyaqut şadlıq evinin yaxınlığında olan kafelərin birində ona təklif etmişdir ki, ona məxsus bir neçə avtomobilini təmir etdirib sataraq əldə olunan qazancını onların arasında bərabər bölmək şərti ilə, ona borc pul lazım olduğunu bildirərək ondan 3700 manat borc pul götürmüşdür. Bundan əlavə cavabdeh icarəyə götürmüş olduğu kafeyə oturacaq stol-stul lazım olduğunu ona bildirib ondan 200 manat dəyərində stol-stul əşyaları götürmüşdür. Cavabdehin nəticədə ona 3900 manat borcu yaranmışdır. Cavabdeh aralarında olan razılaşmanı pozaraq ona olan borc pul məbləğini ödəməmişdir. Bu səbəbdən o Nizami rayon Polis İdarəsinə şikayət etmişdir. Cavabdeh Polis idarəsində ona olan borcunu etiraf etsə də, hissə-hissə qaytaracağını bildirmişdir. Lakin borcu qaytarmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, cavabdehin ona 3700 manat məbləğində borcu olduğunu bildirdi. Digər 200 manat məbləğində stol-stulun isə cavabdeh tərəfindən onun Elxan adlı tanışından onun vasitəsi ilə götürülmüş və həmin 200 manat onun tərəfindən həmin şəxsə ödənilmişdir. Bu səbəbdən o, ümumilikdə 3900 manat pulun geri ödənilməsini tələb edir. Belə ki, cavabdeh borc pul məbləğini ödəmir. Hər dəfə borc pulu ondan tələb etsə də, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ilə o şərik restoran açmışlar. Sonradan işlədə bilmədikləri üçün onun 30000 (otuz min) manat məbləğində pulu batmışdır. Belə ki iddiaçı ondan tələb etdiyi 3700 manat məbləğində borc pulu ona verilməmiş, restoran üçün xərcləmişdir. Stol komplekti 4000 manat təşkil etmişdir. Onu da özü ödəmiş və 200 manat məbləğində borcu qalmışdır. Elxan müəllimə borcu 200 manat təşkil edir. Cavabdeh qeyd edir ki, həmin 200 manat məbləğində pulun iddiaçı tərəfindən Elxan adlı şəxsə ödənilib-ödənilməməsindən məlumatsızdır. Verilən suallara cavab olaraq qeyd etdi ki, o, polis idarəsində vermiş olduğu izahatı təsdiq edir və yaranmış 3700 manat məbləğində borcu hissə-hissə ödəyəcəkdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Mülki iş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, İddiaçı adından Cavabdeh adına müxtəlif vaxtlarda pul məbləği köçürülmüşdür. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Şirvan şəhəri S.Vurğun küçəsi ev 23 mənzil 40da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Məhkəmə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara və tərəflərin məhkəmə iclasında vermiş olduqları izahatlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Pul” tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 3700 (üç min yeddi yüz) manat pul və 57 (əlli yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 3700 (üç min yeddi yüz) manat pul və 57 (əlli yeddi) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun.

3. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.

4. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar