Məhkəmə qərarları › İş №2(021)-3864/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3864/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3864/2021 13.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor BOKT "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada BOKT "xxxx" MMC-nin xeyrinə 2323,93 ABŞ dolları əsas və 751,84 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3057,77 ABŞ dolları məbləğində kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin qəbul olunmasını xahiş etmişdir. Kreditor BOKT "xxxx" MMC ərizəsini tələbini belə əsaslandırmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 26.09.2014-cü il tarixli, L-BR/00299828-F saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 34 faiz olmaq şərtilə 20 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq digər cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 ilə 26.09.2014-cü il tarixli, L-BR/00299828-F saylı zaminlik və birgə borcluluq müqaviləsi bağlanmışdır. Lakin borclular müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşlar. Hal-hazırda cavabdehlərin 2323,93 ABŞ dolları əsas və 751,84 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3057,77 ABŞ dolları borcu vardır. Bərdə Rayon Məhkəməsinin 2(021)-3261/2016 saylı, 19.05.2016-cı il tarixli əmri ilə Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qızından müştərək qaydada BOKT "xxxx" MMC-nin xeyrinə 2323,93 ABŞ dolları əsas və 751,84 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3057,77 ABŞ dolları məbləğində kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə tutulması müəyyən olunmuşdur. Daha sonra borclu Cavabdeh1 etiraz ərizəsi verərək, Bərdə rayon Məhkəməsinin 2(021)-3261/2016 saylı, 19.05.2016-cı il tarixli əmrinin ləğv olunmasını və mülki işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-3261/201 saylı, 20.06.2016-cı il tarixli qərardadı ilə Bərdə rayon Məhkəməsinin 2(021)-3261/2016 saylı, 19.05.2016-cı il tarixli əmri ləğv olunmuş və mülki iş iddia icraatına keçirilmişdir. Bundan sonra iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia həcminin azaldılması barədə məhkəmə ərizə təqdim edərək iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə mübahisə olunan kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlaqə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanın əhatə dairəsinə düşmüşdür. Güzəştlərin müəyyən edilməsi Qaydasının 4.3.1-ci maddəsinə əsasən 2159,04 manat (1270,02 ABŞ dolları) məbləğində kompensasiya hesablanaraq Cavabdeh1 borcunun azadılması üçün "xxxx" MMC-nə ödənilmişdir. Bundan əlavə həmin Qaydanın 5.2.2-ci maddəsinə uyğun olaraq ödənilmiş kompensasiyanın əsas kredit borcuna nisbətini təşkil edən 455,57 ABŞ dolları məbləğindəki faiz borcu "xxxx" MMC tərəfindən silinmişdir. Hal-hazırda Cavabdeh1 təşkilata 1053,91 ABŞ dolları əsas və 296,27 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1350,18 ABŞ dolları məbləğində borcu qalmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 26.09.2014-cü il tarixli, L-BR/00299828-F saylı kredit Müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 illik 34 faiz olmaq şərtilə 20 ay müddətinə 4000 ABŞ dolları məbəğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 26.09.2014-cü il tarixli, L-BR/00299828-F saylı Zaminlik Müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 26.09.2014-cü il tarixli, L-BR/00299828-F saylı Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda Cavabdeh1 bank qarşısında borclu ilə birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 02.05.2016-cı il tarixli arayışdan görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun 2323,93 ABŞ dolları əsas və 751,84 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3057,77 ABŞ dolları borcu mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X2 AZE №******** saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 50-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X2 AZE №0******* saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1974-cü il tarixdə Ucar rayonunun Bərquşad kəndində anadan olmuşdur. Bərdə şəhəri Nizami küçəsi ev 155, mənzil 94-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X2 AZE №******** saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1956-cı il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 48-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X2 AZE №******** saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1961-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 50-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X2 AZE №0******* saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh5 xx.xx.1988-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 50-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 26.09.2014-cü il tarixli, L- BR/00299828-F saylı Kredit Müqaviləsinə əsasən BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 illik 34 faiz olmaq şərtilə 20 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq digər cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 ilə 26.09.2014-cü il tarixli, L-BR/00299828-F saylı zaminlik və birgə borcluluq müqaviləsi bağlanmışdır. İş üzrə iddiaçı BOKT "xxxx" MMC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Göründüyü kimi, borclu Cavabdeh1 və zaminlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 kredit təşkilatı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, həmçinin zaminlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada BOKT "xxxx" MMC-nin xeyrinə 1053,91 ABŞ dolları əsas və 296,27 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1350,18 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə borc iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 20 manat məbləğində rüsum cavabdehlərdən müştərək qaydada iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada BOKT "xxxx" MMC-nin xeyrinə 1053,91 ABŞ dolları əsas və 296,27 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1350,18 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar