Məhkəmə qərarları › İş №2(021)-3895/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3895/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3895/2023 26.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1350 manat əsas borc, əlavə xərclədiyi 30 manat hüquqi xidmət haqqı, 33, 50 manat dövlət rüsumu olmaqla, cəmi 1413,50 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə uzun müddət dostluq əlaqələri olmuşdur. O, taxta şalban,dəmir tikinti materialları şatışı ilə məşğul olur. Mehman bir gün ona yaxınlaşmışdır ki, ona 1550 manat dəyərində tikinti materialları ehtiyacdır. Həyətdə tikinti işləri aparmaq istəyir. Lakin yaxşı imkanı yoxdur. Yaxın müddətə pulu ödəyəcəkdir. Onunla razılaşmış və Cavabdeh ondan 1550 manat dəyərində tikinti materialları götürmüşdür. O, 1550 manatın 200 manatın göndərmiş, lakin 1350 manat borcu bu günə qədər qalmışdır. O, bununla bağlı Bərdə Rayon Polis Şöbəsi müraciət etmiş, lakin mülki iş olduğu üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək , iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul edir, maddi imkanı olmadığından borcunu ödəməmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4393 saylı xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon A.Vəzirov küçəsi ev 22 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinə Bərdə şəhər A.Vəzirov küçəsi ev 22-də yaşayan İddiaçı Bərdə şəhər İ.Qayıbov küçəsində yaşayan X1, Bərdə rayon Tumaslı kənd sakini Şəhruz Səlimovun ondan nisyə olaraq tikinti materialları götürmələri, pulunu verməmələri və Mehman Məmmədovun onu hədələməsi barədə məlumatı daxil olmuş, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bərdə şəhər İ.Qayıbov küçəsində yaşayan Mehman Cemilov tərəfindən İddiaçı qarşı öldürməklə hədələmə ilə bağlı hər hansı bir real hərəkətlər edilməmişdir. Bundan başqa Cavabdeh 1550 manat dəyərində, X2 810 manat dəyərində, X3 780 manat dəyərində tikinti materiallarını İddiaçı nisyə olaraq götürmüş, lakin, pulunu verməmişlər. Material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, İddiaçı yaranmış mübahisənin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, Bərdə şəhər İ.Qayıbov küçəsi ev 39-da yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. İddiaçı uzun müddətdir ki, tanıyır və sonuncunun etdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. İddiaçı Bərdə rayonunda yerləşən tikinti materialları bazarında tikinti malları satır. Uzun müddət İddiaçı nisyə olaraq tikinti materialları götürərək sonradan pulunu vermişdir. Təqribən 7 il əvvəl İddiaçı nisyə olaraq tikinti materialları götürmüş və borcun bir hissəsini versə də sonradan maddi çətinliyi olduğu üçün İddiaçı 1350 manat pul borcu qalmışdır. Maddi çətinliyi olduğu üçün İddiaçı borclu olduğu 1350 manat pulu verə bilməmiş və maddi imkanı olduğu təqdirdə İddiaçı borclu olduğu 1350 manat pulu ona qaytaracaqdır. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 33,50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 573.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 573.2-ci maddəsinə əsasən alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. Həmin Məcəllənin 576-ci maddəsinə əsasən əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. Həmin Məcəllənin 580.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə cavabdehin iddiaçıya 1350 manat borcu olmasını işin mübahisəsiz halı kimi qəbul edir. Məhkəmə hesab edir ki, Bərdə rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərarı nəzərə alınmaqla, Cavabdeh 1350 manat alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş 33,50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi hüquqi xidmət üçün ödənilən 30 manat tələb hissəsində təmin oluna bilməz. Belə ki, iddiaçı hüquqi xidmət üçün ödənilən 30 manat ödəməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1350 (bir min üç yüz əlli) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 33,50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar