Məhkəmə qərarları › İş №2(021)-3992/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3992/2023

20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3992/2023 20.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı , Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan və onun himayəsində yaşayan xx.xx.2016-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı övladlarının saxlanması üçün uşaqlar yetkinlik yaşına çatanadək, Cavabdeh hər ay hər uşağa 220 manat, cəmi 440 (dörd yüz qirz) manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı övladları olmuşdur. Aralarında olan problemlər səbəbindən nikahları Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1689/2020 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan uşaqlarının saxlaması üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-1181/2021 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat alimentin mənim xeyrimə tutulması qət edilmişdir. Övladları böyüdüyündən, onun normal yaşaması üçün maddi imkanım kifayət etmir, övladının gündəlik yeməyə, paltara, həkim xərcinə, mənzildə işıqdan, qazdan, sudan istifadə etmə və s. ödənişlərə ehtiyacı olmaqla, maddi cəhətdən çətinlik çəkir Cavabdeh isə övladının saxlanması üçün aliment məbləğindən əlavə heç bir maddi və mənəvi yardım göstərmir. Halbuki onun imkanı yaxşı olmaqla maddi cəhətdən təminatlıdır. Birgə nikahlarından olmuş iki övladının saxlanması üçün hər ay cəmi 240 manat aliment məbləği hazırki dövrün tələblərinə cavab vermir. "X7 Qanuna əsasən ölkə üzrə 2023-cü il üçün bir uşağın saxlanma xərci 220 manat müəyyən edilmişdir. Bu səbəbdən də Cavabdeh hər ay hər uşağa 220 manat, cəmi 440 manat məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, maddi imkanı aşağıdır, tələb olunan məbləğdə aliment ödəməyə imkanı çatmayacaq. Məhkəmə işdə iştirak edən şəxsin izahatını diləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA №2916585 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Samux kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 388 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Samux kəndində yaşayır. Mülki işə əlavə olunmuş Seriya AA №1805222 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş AZ-İ №375110 nömrəli Nikahın pzoulması haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Mülki işə əlavə olunmuş AZ-İİİ №882241 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 20 dekabr 2016-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh, ana qrafasında ana adı İddiaçı kimi qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş AZ-İV №527376 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 26 mart 2019-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh, ana qrafasında ana adı İddiaçı kimi qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)1181/2021 nömrəli 06 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, 20 dekabr 2016-cı il təvəllüdlü X3 və 26 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(021)-1689/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, tərəflər arasında barışıq sazişi imzalanmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)1181/2021 nömrəli 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş 20 dekabr 2016-cı il təvəllüdlü X3 və 26 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində alimentin tutulub İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün X7” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Həmçinin uşaqları saxlamaq hər iki valideyinin vəzifə olduğunu nəzərə alır. İddia tələbi bir uşaq üçün 160 (bir yüz altmış) manatdan artıq alimentin tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda İddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın tam şəkildə təmin edilməsi Cavabdeh üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)1181/2021 nömrəli 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə tutulan aliment dəyişdirilərək tərəflərin birgə nikahlarından olan 20 dekabr 2016-cı il təvəllüdlü X3 və 26 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il QƏRARİ) . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, iş üzrə ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 227, 233.1, 234, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 20 dekabr 2016-cı il təvəllüdlü X3 və 26 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 2(021)1181/2021 nömrəli 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh 50 (əlli) manat manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar