Məhkəmə qərarları › İş №2(021)-4009/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4009/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4009/2021 28.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilə vurduğu maddi ziyana görə 1500 manat maddi ziyanın və 35 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04.11.2021-ci il tarixdə saat 16:25 radələrində idarə etdiyi VAZ 2101 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə şəhərində Koroğlu küçəsində hərəkətdə olarkən H.Əliyev prospetinin kəsişməsinə çatan zaman soldan dairəvi hərəkət edib keçdiyində onun idarə etdiyi Mercedes BENZ markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Qəza nəticəsində onun avtomobilinə ziyan dəymişdir. Bu barədə Cavabdeh Azərbaycan Respublikə 60 manat məbləğində cərimə olunmuşdur. 15 noyabr 2021-ci il tarixdə onun avtomobilinə baxış keçirilmiş, bu barədə akt tərtib olunmuşdur. Aktda avtomobilin ehtiyat hissələrinin 370 manat, həmin ehtiyat hissələrinin təmirinə isə 540 manat xərc hesablanmaqla, dəymiş cəmi ziyan 910 manat məbləğində qiymətləndirilmişdir. Bundan başqa müxtəlif yerlərə getmək üçün taksilərə, telefon zənglərinə 590 manat xərci olmuşdur. Dəfələrlə bu barədə cavabdehə xəbərdarlıq etmiş, onun avtomobilinə dəymiş ziyanı ödəməmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh iclasa gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Həmin maddədə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1993-cü il tarixdə Bərdə rayon Ağalı kəndində anadan olmuşdur. Bərdə rayon Yerli Ağalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasi BDYPİ Yevlax RQİ TBŞ tərəfindən 28.05.2019-cu il tarixdə verilmiş AE seriyalı, 235581 nömrəli sürücülük vəsiqəsindən görünür ki, İddiaçı BC dərəcəli nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmuşdur. Mülki işə əlavə edilmiş 15.11.2021-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, X4 oğluna məxsus , İddiaçı Famil oğlunun etibarnamə əsasında idarə etdiyi Mercedes Benz 180 minik markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilin aktda qeyd olunan ehtiyat hissələri və köməkçi materiallarına dəymiş ziyan 370 manat , ehtiyat hissələrinin təmir işlərinə cəmi 540 manat xərc olmaqla, cəmi çəkilən xərclər cəmi 910 manat təşkil etmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı avtomobilə texniki baxış zamanı 30 manat xidmət haqqı ödəmişdir. Mülki işə əlavə edilmiş 07 mart 2020-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X5 oğlunun mülkiyyətindəki 1982-ci ilin buraxılışı olan VAZ 2101 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil 29.10.2021-ci il tarixədək, 2 il 6 ay müddətinə həmin etibarnamə əsasında X5 oğlu tərəfindən Cavabdeh oğluna etibar edilmişdir. Mülki işə əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1982-ci ilin buraxılışı olan VAZ 2101 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil 03.11.2007-ci il tarixdən X6 oğlunun mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasi BDYPİ Yevlax RQİ TBŞ tərəfindən 19.11.2019-cu il tarixdə verilmiş AE seriyalı, 238201 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh BC dərəcəli nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmuşdur. Mülki işə əlavə edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Mülki işə əlavə edilmiş 29.11.20211-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh 04.11.2021-ci il tarixdə saat 16:25 radələrində idarə etdiyi VAZ 2101 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə şəhərində Koroğlu küçəsində hərəkətdə olarkən H.Əliyev prospetinin kəsişməsinə çatan zaman soldan dairəvi hərəkət edib keçdiyində cavabdehin idarə etdiyi Mercedes BENZ markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə iddiaçının avtomobilinə ziyan dəymişdir. Mütəxəssis avtomobilə texniki baxış keçirmiş, dəymiş ziyan cəmi 910 manat məbləğində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əlavə xərclərə görə 590 manat pulun tutulması hissəsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM 77.3). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM 78.2). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının avtomobilinə müxtəlif dərəcəli zərər yetirildiyi tam sübut olunur. Həmçinin Cavabdeh bu əməlinə görə inzibati məsuliyyətə cəlb edilmiş, barəsində cərimə cəzası tətbiq edilmişdir. Belə olan halda qanunvericilyin tələblərinə əsasən iddiaçı əmlakına zərər yetirilməsi ilə bağlı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının əmlakına dəymiş zərərə görə 910 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki,digər xərclərlə bağlı 590 manat tələb hissəsində sübut təqdim olunmadığından iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ona halda məhkəmə hesab edir ki, 35 manat ödənilmiş dövlət rüsümu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 910 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 35 dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar