Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-413/2024 28.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1920 (bir min doqquz yüz iyirmi) manat məbləğində pulun və 40 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qayınatasıdır. 2020-2021-ci illərdə onun torpaq sahəsindən 2 il ərzində özünə məxsus traktorla yonca və təbii ot bitkisini, ümumilikdə 5485 kip presləyib bağlamışdır. Cavabdeh qayınatası olduğuna görə ondan pul istəməmişdir. Ancaq qayınatası ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırdığından məcbur olub, onun borclu olduğu 1.920 manat pulunu geri istəmişdir. Pulunu vermədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, o cümlədən göstərdi ki, ot kipinin 1 ədədini 0,35 manata bağlamağı razılaşmışlar. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı kürəkənidir. 2020-2021-ci illərdə iddiaçı onun 2,30 ha və 0,68 ha torpaq sahəsində ot kipləri bağlamışdır. Onun özünün 2020-ci ildə traktoru olmuş, kip bağlayan da alıb kürəkəninə vermişdir ki, işləsin, ailəsini dolandırsın. Həmin dövrdə kip bağlayanı 6000 manata almış, 3000 manatını əvvəlcədən ödəmiş, qalan 3000 manatını isə işləyib birlikdə verməli idilər. İddiaçı ilə şərtləri belə olmuşdur ki, hər ot biçimində kip bağlayandan sonra ona 1000 manat versin ki, kip bağlayanın pulunu versinlər. Lakin bir biçimdən sonra İddiaçı gətirib ona 500 manat pul vermiş, o da iradını bildirmişdir ki, kip bağlayanın keçmiş sahibinə 1000 manat pul verməlidirlər. Bir müddət sonra iddiaçı onlara gəlmiş, kip bağlayanın keçmiş sahibinin öz traktoru ilə gəldiyini və pulunu vermədikləri üçün kip bağlayanı öz traktoruna qoşub aparmaq istədiyini bildirmişdir. O, iddiaçının ona verdiyi 500 manat pula 1000 manat da əlavə edərək iddiaçıya vermiş və kip bağlayanın sahibinə verməsini bildirmişdir. İddiaçı sonradan özünün avtomobilini sataraq, traktor almışdır. İddiaçı 2020-ci ildə ona məxsus torpaq sahələrindən cəmi 1000 ədəd ot kipi, 2021-ci ildə isə 500 ədəd ot kipi olmaqla, ümumilikdə 1500 ədəd ot kipini bağlamışdır. İddiaçı mövsüm ərzində 0,68 ha torpaq sahəsində 3 dəfə ot kipləri bağlamışdır. İddiaçı bir il ərzində öz traktoru və onun kip bağlayanı ilə işləyib ona 140 manat pul vermişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Kəlbəcər rayonu Bozlu kəndində anadan olmuşdur, Bərdə rayonu Alpoud kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1955-ci ildə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur, Bərdə rayonu Musafaağalı kəndində qeydiyyatdadır. TF 001243 nömrəli Qeydiyyat şəhadətnaməsindən görünür ki, MTZ-80 markalı AZ 04K 355 dövlət qeydiyyat nişanlı traktor mülkiyyət hüququ əsasında X1 adına qeydiyyata alınmışdır. 22 yanvar 2021-ci il tarixli ƏN-Vİİ 570502 nömrəli Etibarnamədən görünür ki, X2 mülkiyyətində olan MTZ-80 markalı, AZ 04 K 355 dövlət qeydiyyat nişanlı traktoru sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün İddiaçı Etibarnamə vermişdir. “X3” MMC-nin 10 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 2020-ci il tarixdə və 2021-ci il tarixdə 1 bağ yonca və təbii ot bitkisinin 1 kipinin bağlanılması xərci 0,35 manat təşkil edir. “X3” MMC-nin 12 fevral 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ha torpaq sahəsindən 1 il müddətində 500 bağ yonca kipi əldə edilə bilər. Bərdə Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(021)-307/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 2360 manat məbləğində pulun və ödənilmiş 43,60 manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı 2020-2021ci illərdə özünə məxsus traktorla cavabdehə məxsus 2,30 ha və 0,68 ha torpaq sahələrində ot kipi bağlamış, 2020-ci ildə torpaq sahələrindən 1000 ədəd, 2021-ci ildə isə 500 ədəd ot kipləri bağlamışdır. Tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı ot kipinin 1 ədədini 0,35 manat bağlamışdır. Lakin cavabdeh iddiaçının bağladığı ot kiplərinin bağlanmasının xərci olan 525 manat məbləğində pulu iddiaçıya ödəməmişdir. İddiaçı iddia ərizəsində cavabdehə məxsus torpaq sahəsində 5485 ədəd ot kipi bağladığını, sonuncunun ona 1920 manat məbləğində borcunun olduğunu qeyd etsə də, bu barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında iddiaçının 2020-2021-ci illərdə ona məxsus torpaq sahələrində 1500 ədəd ot kipi bağladığını etiraf etmişdir. “X3” MMC-nin 10 oktyabr 2023-cü il tarixli Mütəxəssis rəyindən görünür ki, 2020- 2021-ci illərdə 1 bağ yonca və təbii ot bitkisinin 1 kipinin bağlanılması xərci 0,35 manat təşkil edir. Belə olan halda, 2020-2021-ci illərdə 1500 ədəd ot kipinin bağlanmasının xərci, 1500 x 0,35 manat = 525 manat təşkil edir. Göründüyü kimi, cavabdehin iddiaçıya 525 manat məbləğində borcunun olması məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla öz təsdiqini tapır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2.-ci maddəsinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İşin gerçək hallarından görünür ki, iddiaçı 2020-2021-ci illərdə cavabdehin sifarişi ilə cavabdehə məxsus torpaq sahələrində 1500 ədəd ot kipi bağlamış, ot kipinin 1 ədədinin bağlanmasının xərci 0,35 manat olmuşdur. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh iddiaçının bağladığı ot kiplərinin bağlanmasının xərci olan 525 manat pulu iddiaçıya ödəməmişdir. Bu hal məhkəmə iclasında mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının MM-nin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh borclu olduğu 525 (beş yüz iyirmi beş) manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən, həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası qismən təmin edilsin. Cavabdeh 525 (beş yüz iyirmi beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-413/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-413/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver