Məhkəmə qərarları › İş №2(021)-439/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-439/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-439/2025 03.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 405 (dörd yüz beş) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat olmaqla, cəmi 435 manat (dörd yüz otuz beş) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıdığı şəxsdir. O, əsasən fərdi evlərdə suvaq, hörgü və digər təmir işləri ilə məğul olur. Tərtər rayon Kəngərli kəndində ona məxsus olan fərdi yaşayış evində təmir işləri vaxtı 13 iyul 2024-cü ildə Cavabdeh məlumat verdi ki, evində eyvanı hörmək və digər təmir işləri görmək lazımdır. Cavabdeh onun evinə gəldi. Görüləcək işə görə danışıb razılaşdılar. Cavabdeh bildirdi ki, uşağı xəstədir pul lazımdır. O əvvəlcə evin təmir işlərin görmədən ondan 885 manat pul aldı. Həmin pulun müqabilində cavabdeh bir dənə evin eyvanını hördü. Həmin hörgünün məbləği 480 manat olmuşdur. Sonra isə cavabdeh zəng edib bildirdi ki, daha gəlməyəcək. Dəfələrlə onunla telefon əlaqəsi saxlasa da, telefonları bağlayıb zənginə cavab vermir. Sonradan bildi ki, cavabdeh etibarından sui istifadə edib onu aldadıb. Uşağı xəstə deyilmiş. İndi cavabdeh Bərdə rayonunun Kətəlparaq kəndində suvaq işi görür. Ondan qalıq qalan 405 manat pulu istəsə də, cavabdeh pulu verməmişdir. Bunları nəzərə alaraq iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının mövqeyini təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1966-ci il tarixdə anadan olmuşdur. Tərtər rayon Kəngərli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Kəngərli kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 164 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Nümayəndə Tərtər rayonu Kəngərli kəndində yaşayır. Mülki işə əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Kəngərli kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 165 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Kəngərli kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayon Polis Şöbəsi tərəfindən Nümayəndə xx.xx.2024cü il tarixdə ünvanlanmış məktubdan müəyyən olunur ki, Nümayəndə müraciətindəki xüsusatların xüsusi ittiham xarakterli olduğu qeyd edilməklə, məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı tələbini sübut edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, Tərtər rayon Polis Şöbəsinə müraciəti ilə əlaqədar toplanmış materiallarda cavabdehin izahatı və ya iddianın etirafı aşkar olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası üzrə sübut etmə yükü iddiaçının üzərində olmasına baxmayaraq yuxarıda qeyd olunan halları iddiaçı sübut edə bilmədiyindən onun iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 (otuz )manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

1. İddia təmin edilməsin.

2. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin.

3. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər.

4. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar