Məhkəmə qərarları › İş №2(021)-4401/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4401/2022

19.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4401/2022 19.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin predmetini təşkil edən və iddia ərizəsinin təsviri hissəsində göstərilən cehiz əşyalarının dəyəri 7475 manat və birgə nikah dövründə tikdirdikləri fərdi yaşayış evinin dəyəri 1950 manat pulun yarı dəyəri olan 975 manat pulun və 111 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı dövlət rüsumunu qanunla müəyyən olunmuş qaydada və məbləğdə ödəməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş ********** saylı ödəniş qəbzindən görünürki, İddiaçı qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 60 manat rüsum ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda , 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Beləliklə, iddia məbləği 8450 manat olduğundan iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumu məbləği 104.50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Lakin iddia ərizəsindən cavabdehin hansı təcridxanada saxlanılması və ya hansı cəzaçəkmə müəssisəsində cəzasını çəkməsi müəyyən olunmur. MPM-nin 149.2.2-ci maddəsinin tələblərinə əsasən cavabdehin şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) iddia ərizəsində qeyd olunmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış ) manat dövlət rüsumu ona geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar