Məhkəmə qərarları › İş №2(021)-446/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-446/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-446/2025 23.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi X3 iclas katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə 23 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 40000 (qırx min) ABŞ dollarının bu günki Azərbaycan manatı məzənnəsi ilə borcun və dövlət rüsumu kimi ödədiyi 294 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, cavabdehlər onun qaynana və qaynatasıdır. Onların qızı X4 ilə 2003-cü il tarixdə nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 3 övladları anadan olmuşlar. Nikaha daxil olduqdan sonra əvvələr yaşadığı Rusiya Federasiyasında Tumen şəhərində köçüb yaşamışdır. Cavabdehlərə 2007-2022-ci il tarixlərdə kənddəki evlərini bərpa etmək məqsədi ilə köçürmə vasitəsi ilə 40.000 ABŞ dollarına yaxın məbləğdə pul göndərmişdir. Evlərini inşa edib qurtardıqdan sonra qızları onunla ailə daxili söz-söhbət salmağa başlayaraq məhkəmədə iddia qaldırmış və məhkəmənin qərarı ilə nikahlarını pozulmuşdur. Dəfələrlə barışmağa cəhd etsə də, uğursuz olmuşdur. Hətta cavabdehlər onun pulu hesabına inşa edilmiş evdən onu qovmuşdur. Evləri üçün çəkdiyi xərcləri bir neçə dəfə cavabdehlərdən tələb etsə də, onların pulunu geri ödəməkdən boyun qaçırmışlar. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Vəkil sorğusu vasitəsi ilə cavabdehlərin adına göndərdiyi puların çıxarışını almaq istəsə də, mərkəzi bank tərəfindən sorğuya cavab verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavabdan görünmüşdür ki, Cavabdeh1 mülkiyyətində Bərdə rayonu Qarağacı kəndində fərdi yaşayış evi vardır. Ona görə də məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 40000 (qırx min) ABŞ dollarının bu günki Azərbaycan manatı məzənnəsi ilə borcun və dövlət rüsumu kimi ödədiyi 294 manat məbləğində pulun alıınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və bildirdi ki, hal-hazırda pulun küçürülməsinə dair qəbzləri olmasa da, bütün kənd camaatı bilir ki, sözügedən ev onun vəsaiti hesabına inşa edilmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı onlara heç bir pul göndərməmişdir. İddiaçı zaman-zaman öz övladlarının saxlanılması üçün onun qızına müəyyən dolanışıq üçün pul göndərmişdir. Lakin evin tikilməsi və digər yaxşılaşdırma xərcləri onun tərəfindən həyata keçirilmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ilə qızları ailəli olduqları dövrdə onlara dolanmaqları üçün quzu alıb vermişlər. Onlara kömək üçün maşınlarını, hətta qapıdakı heyvanlarını yardım məqsədi ilə sataraq vermişlər. İddianı qəbul etmir. İddiaçı tərəfindən onlara pul göndərilməmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli 7 saylı Bərdə Ərazi İdarəsinin məlumat məktubundan görünür ki, Cavabdeh1 adına Bərdə rayonu Qarağacı kəndində yerləşən fərdi yaşayış evi (tam) xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli 356 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qarağacı kəndində yaşayır. xx.xx.2025-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)-32/2025 saylı qərardadından görünür ki, ərizənin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə həbs qoyulması, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehlər X2, X5, X6 və Bank Respublika ASC-yə qadağan edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-1082/2024 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, mülkiyyət hüququ ilə X1 adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil bərabər paylara bölünərək, həmin mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsində X1 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia mötəbər sübutlarla sübuta yetirilməmişdir. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:

1. İddia təmin edilməsin.

2. İddiaçı tərəfindən ödənilmiş 294 (iki yüz doxsan dörd) manat dövlət rüsumu onun özünə aid edilsin.

3. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar